MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Qaranlıqda şəhər qəbiristanlığının yanına çatan, sentyabr havasına uyğun nazik dəri gödəkçə geyinmiş adam oğrun-oğrun ətrafa boylanıb sonra gözətçi otağına baxdı. Otağın işığı yanmırdı. Heç kimin görmədiyinə arxayın olduqdan sonra sakitcə girişdən keçib qorxa-qorxa qəbirlərin arası ilə getməyə başladı. Bir qədər gedib üstündə hündür çardaq tikilmiş, iri qara mərmərdən başdaşı olan qəbirin yanında dayanıb ətrafı dinlədi. Sonra bir daha ətrafı gözdən keçirib üç dəfə astadan, daha çox fışıltını xatırladan fit çalıb gözləməyə başladı. Qorxudan bütün bədəninin əsdiyini hiss edirdi. Bir azdan həmin qaydada fitlə ona cavab verildi. Fit səsi gələn tərəfə baxanda yaxınlıqdakı qəbirlərdən birinin başdaşının arxasından çıxıb ay işığında kölgə kimi ona tərəf gələn başdan ayağa qara geyinmiş adamı görəndə dərindən nəfəs aldı. Ən azı indi bu vahiməli məkanda tək olmaması onu bir qədər sakitləşdirdi.

Adam yaxınlaşıb heç nə demədən qəbirin yaxınlığındakı ayaqları yerə bərkidilmiş skamyada oturdu.

-Məni niyə bura çağırmısan? Başqa yer tapmadın görüşməyə?-dəri gödəkçəli adam səsinin titrədiyini gizlətməyə çalışıb soruşdu.

-Sakit ol. Bura ən təhlükəsiz yerdir. Gecə vaxtı qəbiristanlıqda kim olacaq ki?-qara geyimli adam asta səslə cavab verib davam etdi:

-Sənə çatacaq bir əmanət var. Əvvəlcə onu götür, sonra nə etməli olduğunu deyəcəm.

Adam maraqla soruşdu:

-O nədir elə?

-Hələ əvvəlcə bir buna bax,-deyən qara geyimli adam əlini cibinə apardı.

Dəri gödəkçəli qaranlıqda cibindən nə çıxaracağını görmək üçün yaxınlaşıb bir qədər ona tərəf əyildi. Elə bu vaxt qara geyimli adam cibindən çıxardığı iri bıçağı sol böyründən düz onun ürəyinə sapladı. Zərbədən geri səndirləyən adamın ayağı qəbirin qırağına ilişdi, arxası üstə yerə yıxılıb çapalamağa başladı. Bıçaq sapına qədər ürəyinə işləmişdi. Qara geyimli heç nə olmamış kimi oturduğu yerdən qalxmadan onun canının çıxmasını gözlədi. Sonra qalxıb, əvvəlcə, cib telefonunu götürdü, ardınca bıçağı sancdığı yerdən çıxarıb qanını sildi və cibinə qoymadan bayaq gəldiyi istiqamətdə gedib qəbirlərin arasında gözdən itdi.

* * *

Gec yatsam da, adətim üzrə tezdən oyanmışdım. Duş qəbul edib yenidən qovluqdakı sənədlərin üzərində işləməyə davam etmişdim. Saat 11 idi. Telefonuma zəng gəldi. Zəng edən Gülanə idi. Dəstəyi qaldırdım.

-Cənab detektiv, əminəm ki, səhərdən dilinizə heç nə dəyməyib. Bu gün işdən icazə almışam. Qəşəng səhər yeməyi hazırlamışam. Gözləyim?

Gülünün danışmağıma imkan verməyib birnəfəsə dediyi bu sözlərdən sonra qısa cavab verdim:

-Gözləyin, xanım.

Əslində yaxşı bir səhər yeməyi yeməyim yerinə düşərdi. Bəzi planlarım var idi və ola bilərdi ki, bu gün bir də nəsə yeməyə imkan tapmayım. Həm də Gülüyə Stepanın gəlişi ilə yeni bir tapşırığa cəlb olunduğumu deməmişdim. Bunu üzbəüz söhbətdə ona eşitdirsəm, daha yaxşı olardı. Elə demədiyimə görə də zəng vurub yeməyə çağırmışdı məni. Yoxsa belə günlərdə o heç vaxt zəng etmir, nə qədər narahatçılıq keçirsə də, səbirlə mənim nə vaxt zəng edəcəyimi gözləyirdi.

Ayağa qalxıb əvvəlcə sənədlər olan qovluğu gizlətdim. Sonra pencəyimi geyinib evdən çıxdım. Təxminən iyirmi dəqiqədən sonra Gülünün mənzilinin zəngini basırdım. Qapını açan Gülünün əhvalı əla idi.

-Aha, belə gələrsən aaaa, hamınızın qəlbinə yol elə mədənizdən keçir.

-Bu mənə aid deyil. Mənim qəlbimin bir yolu var. O da sənin qəlbindən keçir.

Zarafatla dediklərinə komplimentlə cavab verməyim Gülünün onsuz da əla olan əhvalını daha da açdı.

İçəri keçib ayaqqabılarımı çıxartdım. Pencəyimi alan Gülü,-əllərini yu, mən də yeməyi gətirim,-deyib mətbəxə keçdi. Otağa keçib hazır süfrəyə oturanda Gülü mətbəxdən səsləndi. Ancaq orada işləyən televizorun səsindən nə dediyini başa düşmədim. Bir azdan əlindəki cızıldayan tavada gətirdiyi pomidor-yumurtanı süfrənin ortasına qoyub soruşdu:

-Çayını deyirdim, indi gətirim, ya sonra?

-Sonra gətirərsən. Yemək qaynardı, yavaş-yavaş yeyəcəm.

Qablarımıza yemək çəkib yeməyə başladıq. Necə acdığımı indi hiss etdim. Az qala saat 12 idi. Mənimsə, dünənki qonaqlıqdan sonra dilimə heç nə dəyməmişdi. Böyük iştahla yediyim yeməyin axırına çıxıb qabı kənara itələdim.

-Hə, doğrudan da, çox dadlı idi. İndi o qəşəng çayından da gətir içək.

Gülü bulaşıq boşqabları götürüb mətbəxə keçdi. Avtomatik olaraq saata baxdım. Düz 12 idi. Elə bu vaxt mətbəxdən yerə düşüb cingilti ilə sınan qabların səsi gəldi. Ardınca yaranmış sükutdan nəsə baş verdiyini başa düşdüm. Cəld mətbəxə qaçdım. Ətrafında boşqab qırıqları səpələnmiş Gülü mətbəxin ortasında dayanıb donmuşdu. Nə baş verdiyini başa düşə bilmirdim. Yaxınlaşıb çiyinlərindən tutub onu silkələdim.

-Sənə nə oldu Gülü, nədənsə qorxdun, cavab ver?!

Dili zorla söz tutan Gülü əlini televizora tərəf uzadıb, pıçıltı ilə dedi:

-Müharibə başladı, Bəxtiyar, müharibə başladı.

Bayaq onu eşitmədiyimi başa düşən Gülü mətbəxdəki kiçik televizorun səsini azaltmışdı. Cəld çevrilib televizorun səsini bir qədər artırdım. İctimai televiziyada günorta xəbərləri verilirdi. Aparıcı Jalə Həsənli həyəcanlı şəkildə bu gün səhər saatlarında düşmənin böyük qüvvə ilə hücuma keçdiyi, cəbhənin bütün istqamətləri boyunca şiddətli döyüşlər getdiyi barədə məlumat verirdi.

Cəbhənin bütün istiqamətlərində…

Bu indiyənədək düşmən tərəfindən ara-sıra atəşkəsin pozulması barədə verilən məlumat deyildi. Hətta Gülü də vəziyyəti doğru qiymətləndirmişdi. Aparıcının dedikləri, həqiqətən də müharibənin başlandığına dəlalət edirdi.

Yaxınlaşıb Gülünün qolundan tutub ona oturmağa kömək etdim. Uzatdığım suyu içdikdən sonra üzümə baxıb sakitcə soruşdu:

-İndi necə olacaq, Bəxtiyar? Axı müharibə qurbansız olmur. Cavanlarımız necə olacaq?

Həyəcanla mənə baxıb bu sualları verən Gülanəyə nə deyəcəyimi bilmirdim. Fikirlərim qarışmışdı. Bir yandan müharibə xəbəri, digər tərəfdən hazırlanan terror aktının ermənilərin bu müharibə planının tərkib hissəsi olduğu barədə ağlıma gələn fikirlər beynimdə sürətlə bir-birini əvəz edirdi. Deməli, məqsəd bu imiş. Düşmən müharibəyə başlayacağını bilirmiş. Əvvəlcədən buraya yerləşdirdikləri terrorçular da arxa cəbhədə çaxnaşma yaratmaq, əhali arasında panika salmaq məqsədi güdür.

Deməli, həm də vaxt yetişib. Hər an hər şey baş verə bilər. Bizsə faktiki olaraq nə terrorçunun yeri, nə ona kömək edənlər, nə də niyyətini həyata keçirəcək vaxt və yer barədə heç bir məlumata malik deyilik. Tələsmək lazımdır. Əlimi Gülanənin çiyninə qoydum.

-Möhkəm ol. Hər şey yaxşı olacaq. Əslində bu günü çox gözləmişik. Mən təcili çıxmalıyam. Neçə gün olmayacam, bilmirəm. Zəngimi gözlə,-dedim.

Son sözlər həmişə yeni əməliyyata başlayarkən dediyim sözlər idi. Gülü onları yaxşı bilirdi və indi də hər şeyi başa düşdü. Sakitcə üzümə baxıb sonra başını aşağı dikdi. Çıxıb arxamca qapını örtdüm. Birgə yaşadığımız illərdə ilk dəfə idi ki, Gülü məni qapıya qədər ötürmədi. Hələ də müharibə xəbərinin təsiri altında idi…

* * *

 Daxili İşlər Nazirliyinin Mərkəzi aparatında təcili müşavirə çağırılmışdı. Səhər saatlarında alınmış müharibə xəbəri təxirəsalınmaz addımlar atmağı tələb edirdi. Respublika ərazisində, xüsusilə paytaxtda və cəbhəyanı rayonların ərazilərində təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilməli, müharibə vəziyyətinin tələb etdiyi xüsusi zəruri addımlar atılmalı idi.

Ağsaçlı general da müşavirədə iştiak edirdi. Onun müşavirədə iştirakı sırf paytaxtla bağlı veriləcək qərarlar, görüləcək tədbirlər barədə məlumatlı olması ilə əlaqədar idi. Hələ müşavirədən əvvəl rəhbərlik generalın son aldığı tapşırığı yerinə yetirməkdə davam edəcəyi, digər məsələlərlə məşğul olmayacağı barədə qərar vermişdi və bu barədə onu məlumatlandırmışdılar.

Düşmənin səhər saatlarında böyük canlı qüvvə və texnika ilə bütün cəbhə xətti boyu hücuma keçməsi çox şeydən xəbər verirdi. Alınan müharibə xəbəri ilə düşmən tərəfin paytaxtda terror aktı törətmək niyyətinin arxasında nə dayandığı məlum olmuşdu-Azərbaycanın döyünən ürəyi olan Bakı şəhərində əhali arasında vahimə yaratmaqla, arxa cəbhədə normal həyat ritmini pozmaq. Bu, generala və onun qrupunun üzvlərinə verilmiş son tapşırığın nə dərəcədə ciddi tapşırıq olduğunu bir daha təsdiqləyirdi.

General aparılan müzakirələrə qarışmasa da, müşavirədə səslənən hər bir fikri diqqətlə dinləyib yadında saxlayır, bəzən əlindəki qara cildli bloknota hansısa qeydlər edirdi. O, polkovnik Vəliyevə müşavirədən dərhal sonra qrupun üzvlərini toplamağı tapşırmışdı. Vəziyyət son dərəcə gərginləşdiyindən onlara veriləcək yeni tapşırıqlar ortaya çıxmışdı…

 

 “Ədəbiyyat və incəsənət”

(23.02.2024)