“Mən sənsiz sınığam, param-parçayam...” - Əhməd Qəşəmoğlunun şeirləri

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.

Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.

O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.

Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək)  kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.

Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.

 

Azərbaycanım

 

...od səndən başlayır,

həyat səndən başlayır,

ruhumda ruhu olanım,

qəlbimdə odu olanım,

doğma Azərbaycanım.

 

...ilk səndən başlayır,

türk səndən başlayır,

tarixim tarixlərə

tarix olanım, işıq salanım,

doğma Azərbaycanım...

 

yer üzü kainatda

bir ulu varlıq, canlı,

sən onun qəlbi, ürəyi,

haqdan ilham alanım,                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

doğma Azərbaycanım.

 

barın-bəhrən, sərvətin,

təbiətin, niyyətin

nurdan gələn bir paydı,

dünyaya nur  yayanım,

doğma Azərbaycanım.

 

 

Təbrizin qönçələri

 

Yağış yağır qızılgülün üstünə,

Torpaq ətri qəmli tarix danışır...

Damlalar içində yaşıl yarpaqlar

Sirlə dolu qönçələrə qarışır...

 

Təbəssümü Təbrizimə bənzəyən,

Ərklə baxan o qönçələr doğmadı,

Şirin-şirin nəğmə dediyi yerdə,

Kövrələn qönçələr qəfil ağladı...

 

...sular sellənər gedər,

sevdalar olmaz hədər,

üzün gülsün, Təbrizim,

daha bəsdi qəm, kədər.

 

bu yağan hansı qardı?

sədası gələn yardı...

gah yaxın, gah uzaqsan,

qəlbim qubar-qubardı...

 

Çox qarışıb bu yer üzü, Təbrizim,

Dar günümdə sən arxam ol, əhdim ol.

Mən sənsiz sınığam, param-parçayam,

Müqəddəs bir yoldu, sənə gələn yol.

 

 

həyat

 

nədən axı, nədən,

qəfil ölüm

aparır insanı birdən,

of demədən

 

soruşdum özümdən,

kədərləndim...

 

...qəmli-qəmli,

heç özüm də bilmədən

əl atıb qırdım

bir çinar yarpağını,

sıxdım əlimdə...

 

birdən, səs gəldi yarpaqdan,

ürək göynədən:

-nədən axı, nədən

qırdın məni,

of demədən?

 

 

Göyçə əsir qala bilməz!

 

Tanrıya üz tutdu türklər,

Ucalara göy dedilər,

Tanrı göydə, qüdrət göydə

Göyçə - göyə tay dedilər.

 

Göyçənin gülləri ayrı,

Göyçənin gölləri ayrı,

Göyçənin elləri ayrı,

O yerləri öy dedilər.

 

Göyçə əsir qala bilməz!

Dünya belə ola bilməz,

Ürək qəmli, gülə bilməz

Göz yaşına çay dedilər.

 

Türk eli boy verər, qalxar,

İldırım tək parlar, caxar,

Yağı diksinər, qarıxar,

Qəlblərində: – vay! dedilər.

 

Gükrəyir haqqın dənizi,

Göycəyə dayaq göy üzü,

Hər övladı - oğlu, qızı:

-Rədd ol, murdar hay! dedilər.

 

Dolanır Ələsgər ruhu,

Aləmi tutubdu ahı,

Yer-göy görür bu günahı,

O Allahdan pay dedilər.

 

 Göyçə əsir qala bilməz!

Göyçə əsir qala bilməz!

Göyçə əsir qala bilməz!

Ta ayları say dedilər.

 

 

Kəlağayı

 

Gömgöy göy üzündə ağ lələk bulud,

Əlvan, titrək, ürkək, çox kövrək bulud,

Bizim kəlağayı sənə bənzəyir

Sanki yer üzündə gül, çiçək, bulud.

 

Doğma  elin qız-gəlini, gözəli,

Hər biri göy üzü, gözün süzəli,

Bəlkə kəlağayı qeybdən, göylərdən

Bir bəlgə gəlibdi, eşqin əzəli?...

 

Qəlbi gözəllərə nur, yaraşıqdı,

Onları  vəsv edən  sirli işıqdı,

Ulu tarxlərdən bizə yadigar,

Yurdumun qüdrəti ona aşiqdi.

 

Dahi Ələsgər də tərif eylədi,

İlham aldı, məclislərdə söylədi,

Başında kəlağay olan hər gözəl,

Sanki məlakədi, sözsüz, öylədi.

 

Vardır bu örpəyin öz fəlsəfəsi -

Onda müqəddəslik, saflıq nəfəsi,

Qəşəmoğlu, xalqımın sabahının

Uğurlu yolunun müqəddiməsi.

 

 

Peşiman şeirlərim

 

Niyə dolanırlar başıma axı,

Mən ki, çağırmadım bu şeirləri.

Axı görürlər ki, kölgəyəm sanki,

Elə hey dindirir məni hər biri.

 

Onlar bir məlakə cilvəsindədi,

Sevimli bir gözəl  işvəsindədi,

Görürlər bu aləm sevmir onları,

Hamısı kədərli, dərd içindədi.

 

Deyirlər  dövranı bürüyüb bəla,

Bizi dindir, bəlkə bir əlac ola.

Vallah xeyri yoxdur deyirəm, onlar

Göz yaşı tökürlər baş yola-yola.

 

Elə dolanırlar mənim başıma,

Xəcalət çıxırlar lal tək qarşıma.

Görürəm hərəsi bir sətir yazır

Kədərlə ağlayan qəbir daşıma.

 

 

Allah, məni xilas eylə

 

Sən qurduğun

bir gözəl yer üzü vardı Allah...

 

qədrini bilmədi insanlar...

alimini, müdrikini qırdılar,

yoxsuluna, kasıbına

zülm içində işlədib,

        var-yoxunu soydular.

qanını sordular...

 

yer üzünün

ahəngini pozdular,

 

zalım insanlar, tamahkar adamlar

bu aləmi

yaman günə qoydular!

 

qan içində çabalayan

bir yer üzü qurdular...

 

ha çalışdım kömək edim,

biləyimdən, iliyimdən vurdular...

 

Allahım! yer üzündə

yolu

sənin yolunda olan

                          yer qalıbsa,

məni ora apar,

 

qalmayıbsa,  yaxamı

yer üzündən qurtar...

 

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)