Sosial şəbəkədə ən çox rəy alan şeir - Kamal Hüseynzadə, “Gündəmdə dəniz…” Featured

“Ədəbiyyat və incəsənət” portalı dekabr ayının ilk yarısını yekunlaşdıraraq Facebook sosial şəbəkəsində ən çox rəy alan şeiri müəyyənləşdirib. Bu, gənc şair Kamal Hüseynzadənin “Gündəmdə dəniz, isti və s. və ilaxır…” sətri ilə başlayan şeiridir.
Olduqca istedadlı gənc şairə daim öndə olmağı arzulayır, şeiri oxucularımıza təqdim edirik.

Gündəmdə dəniz, isti və s. və ilaxır.
Yay qayğıları bol, həyat ağır.
Qəlbimdə Noyabr.

Dərdim də bilinmir ki, ağıldı, yaraşıqdı,
Həsrətdi, sudu, qazdı, işıqdı.
Fikrim qarışıqdı.

Mətbəxdə ağ əllərlə sığallanmalı qablar,
Dəhliz boyu kəmköhnə kitablar,
Qəlbimdə əzablar.

Baş dərddə, ürək səksəkədə,
göz telefonda,
Çay dəmdə, " Şəfəq türküsü " fonda.
Fikrim yenə onda.

Dünyaya yumulmuş gözümə mürgü qonaqdır,
Amma yuxum illərdi qaçaqdır.
Qəlbim də oyaqdır.

Artıq yayılır qəmli müəzzin səsi kəndə,
Dildə dönürəm Rəbbimə mən də.
Fikrimdəsə bəndə.

Tut yarpağını gəzdirir eyvanda
xəfif meh,
Sakitcə öpür pəncərəni şeh.
Qəlbimdə isə... Eh...