Şəhidlər barədə şeirlər – Kamil Şirinov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamil Şirinova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

KAMİL ALTAY OĞLU ŞİRİNOV

(09.08.1999-12.10.2020.)

 

 Kürdəmir rayonunun Ərəbqubalı kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

K A M I L

 

Kamil  birinci sinifdə oxuyarkən.                                     

Müəllim:

-Kamil, sən,  böyüyəndə, söylə, kim olacaqsan?

Bəlkə, dülgər, mühəndis, ya həkim olacaqsan?

Kamil:

Müəllim, böyüyəndə, mən  əsgər olacağam,

Düşməni Qarabağdan biryolluq qovacağam!

 

Uşaqlar səs saldılar, hamısı gülə-gülə

İstədilər, fürsətdir-  lağ etsinlər Kamilə.

Müəllim əsəbləşib, bir az qaldırdı səsin,

Dedi: - Kamilə əhsən, sizsə, gülməyi kəsin.

 

Kamil lap uşaqlıqdan çox sevirdi bayrağı,

Uşaqkən anlamışdı  kimdir dost, kimdir yağı.

Böyüdü,  yaşa doldu, mətinləşdi, bərkidi,

Oldu Ərəbqubalının  qoçaq, cəsur igidi.

 

Vaxt ötdü, əsgər oldu, Vətən borcunu verdi,

Qarabağ azad olsun, yoxdur başqa bir dərdi.

Əsgərlikdə hamının dilinin əzbəriydi,

Yaxşı xidmət edirdi, manqa rəhbəriydi.

Qurtarıb xidmətini, qayıtdı kəndlərinə,

Lənətlər yağdırırdı ermənin şərinə.

Səfərbərlik başladı, vaxt gəldi, çatdı məqam,

İgid, qorxmaz oğullar alacaqlar intiqam.

 

Kamil  də döyüşlərə atıldı şücaətlə,

Vuruşdu Füzulidə qorxmadan, rəşadətlə.

Qəhrəmanlıq –şanlı ad! –hər kəsə qismət olmaz,

Qorxaq, aciz insana heç yerdə hörmət olmaz.

 

Vətən sevdası ilə canından keçdi, Kamil,

Vətənçün  şəhidolub, cənnətə köçdü Kamil.

Ən əziz insan kimi ürəklərdə yaşayır,

Bu gündən gələcəyə xoş müjdələr daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)