MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

Zəif sentyabr günəşi səhərdən havanı qızdırsa da, günortadan sonra meşənin sərinliyi özünü göstərməyə başlamışdı. Kabab çəkmək üçün qaladığım ocaq çoxdan sönüb, yerində ancaq külü qalmışdı. Süfrə açıb oturmaq üçün yerə sərdiyimiz palaz da torpağın soyuğunu özünə çəkib dizlərimi üşüdürdü. Çönüb Gülanəyə baxdım. O da jiletinə bürünüb oturmuşdu.

Meşənin sakitliyini çox sevirdim. İllərlə, əvvəlcə, polis sıralarında çalışarkən, sonradan isə detektiv kimi apardığım araşdırmalarda rastlaşdığım, əslində, insan adına yaraşmayan, ancaq insanlar tərəfindən törədilən cinayətlərin, qəddarlıqların, xəyanətlərin məni yavaş-yavaş insanlardan uzaqlaşmağa sövq etdiyini hiss edirdim. Son zamanlar daha çox tək qalmağa üstünlük verirdim. Tez-tez şəhərin səs-küyündən uzaqlaşmaq üçün rayonlara dincəlməyə gəlir, hansı rayonda olmağımdan və neçə gün qalacağımdan asılı olmayaraq mütləq meşəyə gedib sakit bir yer tapıb vaxtımın çox hissəsini orada keçirirdim. Belə günlərdə mənim yanımda ola biləcək yeganə adam Gülanə idi. Xasiyyətimi incəliklərinə qədər öyrənmiş, harada danışmaq, harada susmaq lazım olduğunu gözəl bilən Gülanə ilə çox vaxt danışmadan, baxışlarımızla bir-birimizi başa düşdüyümüzdən, yalnız ona şamil olunmayan bu tək qalmaq istəyimə onun varlığı başqa bir rahatlıq gətirirdi. Qəribə hisslər yaşayırdım belə anlarda. Sanki həm tək idim, həm də onunla. Bu qadını çox sevirdim. Heç vaxt özünə deməsəm də, onu göylərdən mənə göndərilən bir mələk hesab edirdim-gəlişi ilə heç vaxt ailə qurmamış bir kişinin bir-birindən fərqlənməyən boz günlərini növbə ilə hər gün göy qurşağının bir rənginə boyayan mələk.

Daha getmək lazım idi. Bu gün səhər gəlib yerləşdiyimiz oteldə heç bir saat qalmamış, bəzi əşyalarımızı otağımıza qoyub otelin restoranında bir stəkan çay içdikdən sonra İsmayıllı bazarından yaxşı bir bazarlıq edib meşəyə gəlmişdik.

-Gedəkmi, xanım?

-Gedək, cənab detektiv.

Tanışlığımızın ilk günündən aramızda yaranmış bu danışıq formasını olduğu kimi saxlamışdıq. Bu, ikimizin də çox xoşuna gəlirdi. Bir-birimizə baxıb gülümsədik və eyni vaxtda ayağa qalxdıq.

-Mən hər ehtimala qarşı ocağın üstünə su töküm, sən də süfrəni yığ.

Beşlitrlik qabın dibində qalan suyu ocağın üstünə səpəndə külün içində gizlənmiş tək-tük közlər cızıldamağa başladı. Onların tam söndüyünə əmin olduqdan sonra Gülanəyə köməyə gəldim. Birlikdə əvvəlcə onun palazın üstündəkiləri yığıb qablaşdırdığı iki zənbili, sonra isə palazı maşının yük yerinə qoyduq. Buradan qaldığımız otelə qədər yarım saatlıq yol var idi.

Meşənin içi ilə uzanan torpaq yol geniş olsa da, yola əyilən bəzi ağacların budaqlarının maşını cızmaması üçün əsas yola çıxana qədər asta sürətlə gedirdim. «Niva» markalı bu maşını yayın əvvəllərində kreditlə götürmüşdüm. Belə şeylərə çox fikir verməsəm də, təzə olduğu üçün maşının cızılmasını istəmirdim.

Bu  yayı demək olar ki, istirahətə həsr etmişdim. Sonuncu araşdırmamdan, iki qətl hadisəsini paralel olaraq araşdırmağımdan düz dörd ay keçmişdi. Olduqca gərgin keçən bu araşdırmada cinayət aləminin «elitası» sayılan «qanuni oğru»ların maraqlarına zidd olan dərinliklərə gedib çıxdığım üçün qarşı tərəf mənim «ölüm hökmü»mü vermiş, ancaq mən də, bütün araşdırma boyu məni tək qoymayan müəllimim, istefada olan polis polkovniki Arif Dadaşzadə də bu təhlükəli işdən qalib çıxa bilmişdik. Bundan sonrakı dörd ayda bir neçə xırda məsələ ilə bağlı müraciət edənlər olmuşdusa da, o işləri köməkçim Layiqəyə həvalə etmiş, özüm isə yalnız ona istiqamət verməklə kifayətlənmişdim. Bunu qəsdən, Layiqənin sərbəst araşdırma aparmağa alışması üçün etmişdim. Layiqə də yanımda olduğu bir ildən artıq müddətdə topladığı təcrübəsini işə salmış, həmin xırda oğurluq və sairə ilə bağlı olan işləri qısa müddətə açmışdı. Ona görə də bu işləri hesabımdan saymırdım və onları Layiqənin aktivinə yazmışdım. Belə bir köməkçim olduğu üçün rahat idim. Elə indi də ofisi ona tapşırıb dincəlməyə gəlmişdim. Şəhərdə olmadığım müddətdə Layiqə bütün işləri tək aparır, gələnləri qarşılayıb dinləyirdi. Mənə isə, yalnız ağır cinayətlə bağlı müraciət edən olarsa, xəbər verməsini tapşırmışdım.

Detektiv kimi profilim, əsasən, ölüm işi, insan oğurluğu, şantaj kimi cinayətlərin araşdırılması, xüsusilə təhlükəli cinayətkarın axtarışı, bir sözlə, ağır cinayət hadisələridir. Mən bunun məktəbini keçmişəm. Belə cinayətləri araşdırmaqdan xüsusi zövq alıram.

Son dörd ayda belə cinayətlərlə bağlı müraciət edən olmadığından vaxtımı Gülanə ilə dincəlməklə keçirmişdim. İndi də havamızı dəyişmək, payızın ilk günlərinin gözəlliyindən zövq almaq üçün Azərbaycanın mənzərəli guşələrindən biri olan İsmayıllı rayonunu seçmişdim...

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)