Azıx mağarası əfsanəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.

 

Xocavənd rayonu, Azıx mağarası

 

Yüz milyon illər bundan əvvəl insanlar qəbilə halında yaşadıqları vaxtlarda səfalı bir meşədə iki qəbilə yaşardı. İnsanlar təbiətin onlara bəxş etdiyi qidadan – meyvə, qoz, bitki köklərindən yeyər, vəhşi heyvanları ovlardılar. Gözəl iqlim şəraiti, bol çaylar qəbilələrin sayının artmasına səbəb olurdu. Qonşu qəbilələr arasında daim yaşayış uğrunda mübarizə gedərdi. Qəbilə başçıları bir-birlləri ilə ölənəcən vuruşardılar. Havalar soyuyanda, şaxtalar düşəndə meşələrdə yaşayan qəbilə adamları heyvanları öldürübmağaralarda, kahalarda, zağlarda yaşayırdılar. Ov üstündə qəbilələr bir-birlərilə qanlı döyüşə girərdi.

Bir qəbilədə digər üzvlərdən fərqli bir-birini çox istəyən ana və oğul vardı. Oğlu hər zaman anasını qoruyur, tapdığı yeməyi anası ilə bölürdü. Nəhayət onlar bu haqsız müharibələrə dözməyib tənha yaşamaq qərarına gəldilər. Heç kəsin bilmədiyi qalın meşəliklə örtülən, iki qayalığın arasında yerləşən bir mağarada məskunlaşdılar. Ananın adı Az, oğulun adı İxo idi. Oğlu çox güclü, cəsur, döyüşkən, birnəfəsə aslanları, kərgədanları daşla vurub öldürər, azuqə götürərdilər. İxo özünü qorumaq üçün daşdan silahlar, sapand düzəltmişdi. Bir gün ana xəstələndi. Ov üçün İxo tək meşəyə üz tutdu. Ov dalınca bütün günü qaçdı, kərgədanla döyüşdə yaralandı, güclə ondan canını qurtardı, yorulub tamam əldən düşdü. Mağaraya gəlib çatanda dağdan böyük bir daş parçasınınmağaranın ağzına düşdüyünü gördü. Daş mağaranın ağzını tamam bağlamışdı. Qışqırıb Az İxo dedi, amma xəstə ana yəqin ki, ölmüşdü. Oğul Azixo deyib hayqırır, anadan bir səs gəlmədiyini görüb, həmin yeri tərk edir, qəbiləyə qayıdır. O vaxtdan bu mağara Azıx adlanır.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)