“Ömrümü yoluna xalça sərmişəm” - QƏZƏLLƏR

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Mən Nigar, bu gün sizlərə gənc istedad Təbriz Babayevin bir neçə qəzəlini təqdim edəcəm. 

Təbriz Babayev 25.01.1999 ildə Beyləqan rayon Şərq qəsəbəsində anadan olmuşdur. Orta təhsillidir. Ədəbiyyata böyük həvəsi olduğu üçün  heca, əruz vəznlərində xeyli sayda şeir və qəzəllərin müəllifidir.

 

 

KİMİSƏN

 

Sən mənim qəlbimə elə düşmüsən,

Dərdi tapılmayan azar kimisən.

Gah soyuq qış kimi, üşüdən məni,

Gah da məst eyləyən bahar kimisən.

 

Nə qədər uzaq da olsan əgər sən,

Yenə də kam alır bu könül səndən

Sənə zərər dəysə can verərəm mən,

Sən mənə ən yaxın damar kimisən.

 

Ömrümü yoluna xalça sərmişəm,

Yoluna düzməyə güllər dərmişəm.

O qədər inanıb könül vermişəm,

Verdiyim ən doğru qərar kimisən.

 

Talehin qələmi dolanmır yenə,

Ərz edim sevgimi, bildirim sənə,

Bezmir könül səndən, usanmır, mənə,

İştahla etdiyim nahar kimisən.

 

 

İNCƏLƏDİM

 

Tövf ilə yarımı mən xeyli süzüb incələdim,

Onu sevda dolu aləmdə gəzib incələdim.

 

Gözünü, qaşını, müjganını, ey yar, ləbini

Ləl, gövhər kimi bir sapda düzüb incələdim

 

Dedilər: "dərdidə nemət sayılır ol yarın",

Nemətin sirrini bu dərdə dözüb incələdim.

 

İstədim yarı xəyal eyləyəm əql ilə, fəqət

Özüm axırda xəyalında azıb, incələdim

 

Yuxuda ayrılan aşiq, dedilər: "vəslə yetir",

Mən də röyamı bu tərtiblə yozub incələdim.

 

Sənin eşqində cüda olmaq ölüm bənzəridir,

Bu təsəvvürlə məzar sanki qazıb incələdim.

 

Təbrizəm, incə xəyalımla gəzib incəliyi

Dəftərə mən qəzəl halında yazıb incələdim.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)