Şəhidlər barədə şeirlər – İsmət Məmmədov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün İsmət Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

İSMƏT HİKMƏT OĞLU MƏMMƏDOV

(02.08.1993.-08.10.2020.)

 

Kürdəmir rayonunun Sor-Sor  kəndindən olan Azərbaycan Silahlı Qüvvələrin   giziri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

İSMƏT            

Yaxın gəlin, sizinlə tanış edim İsməti,

Orduda gizir idi, vardı, xətir-hörməti,

Çox düşünüb  seçmişdi, bu müqəddəs sənəti,

Deyirdi, borcumuzdur, azad etmək torpağı,

Düşməndə qoyammarıq  o gözəl Qarabağı.

 

Sənətini sevirdi, mərd idi, qoçaq idi,

Hər döyüşdən çıxanda qalib, üzü ağ idi,

Məğrur, cəsarətliydi, qorxudan uzaq idi,

Hər zaman xoş gəlirdi  onun səsi, sorağı-

Düşməndə qoyammarıq  o gözəl Qarabağı.

 

 Aprel döyüşlərində göstərmişdi şücaət,

Hamı görmüşdü onda, var nə qədər cəsarət,

İnsanı ucaldıbdır hər bir zaman ləyaqət,

Qalib kimi keçmişdi  imtahanı, sınağı,

Düşməndə qoyammarıq  o gözəl Qarabağı.

 

Əməliylə qazanır insan  şöhrəti, şanı,

Canından çox sevirdi doğma Azərbaycanı,

İsmətgil xilas etdi  o kəndi – Suqovuşanı,

Pərən-pərən dağıldı, qaçıb yox oldu yağı,

Düşməndə qoyammarıq  o gözəl Qarabağı.

 

Doğma Sor-Sor kəndində o, gəlsə də dünyaya,

İndi əziz övladdır bütün elə-obaya,

Əhsən, İsmət  böyüdən  gözəl, ata-anaya,

Ot kökü üstə bitər, bunu bilirik, axı,

Düşməndə qoyammarıq  o gözəl Qarabağı.

 

Hələ yeni dil açır, Dəniz – o şirin bala,

İsmətdən  bir xatirə, bizə əmanət qalan,

Böyüyüb bilər, ölmür şəhidliyə ucalan,

Ana yurdun başlayıb xoş günü, xoş sorağı,

Düşməndən azad etdik, o gözəl Qarabağı.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)