POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Sən demə təzədən sevmək olarmış” Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərinin təqdimatını yekunlaşdırırıq. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Sən demə təzədən sevmək okarmış” şeirinin növbəsidir. 

Sevgi qara sevda olub da bizi bitirir. Amma çıxış yolu vardır. Çıxış yolu təzədən sevməkdir…

 

Sən demə təzədən sevmək olarmış,

Tale də təzədən gülə bilərmiş,

Küsüb gözüyaşlı gedən məhəbbət

Peşiman-peşiman dönə bilərmiş.

 

Ürək bulud kimi boşalırsa da

Demək bulud kimi təzədən dolur.

Sonuncu şöləsi titrəyən şamdan

Ayrı bir şamı da yandırmaq olur.

 

Sən demə təzədən sevmək olarmış,

Köhnə yaraları vaxt, zaman silir,

Kəsilən budaqla ölən ağaclar

Təzə pöhrələrlə dirilə bilir.

 

Ağlaya-ağlaya dünyaya gəlib

Biz ana südüylə gülməmişikmi?!

Hər axşam sapsarı batan günəşi

Hər səhər təzə-tər görməmişikmi?

 

Sən demə təzədən sevmək olarmış,

Sevgi fürsət deyil quş kimi uça.

Nə də kölgədir ki,

Qaçasan qova,

Ya da sən qovasan

O səndən qaça...

 

Çıxarsan qəlbindən ötən sevgini,

Bir gün də tənhalıq sıxacaq səni.

Kiməsə etdiyin yaxşılıq kimi

Məhəbbət qarşına çıxacaq sənin.

 

İlk sevgi yuvadan düşən quşcuğaz,

Körpə qanadları pöhrələnməyib.

Məcnunun ahıyla uçan məhəbbət

Min hiylə əliylə yerə enməyib...

 

Mən ki görməmişəm sevgini susan,

Məhəbbət zirvədə bəslənən qarmış.

Kim deyir bir dəfə sevilir insan,

Sən demə hər zaman sevmək olarmış...

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)