POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Ölərəm yazmasam”

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Ölərəm yazmasam” şeirinin növbəsidir. 

Şair “Ölərəm, yazmasam!!!” deyirdi. Görəsən indi yaza bilməməyə necə dayanır?

 

Evimin bir küncü,

Uşaqlardan qaça-qaça

tapmışam bu yeri.

Bura şeirlərimin

döyüş səngəri.

Əyilib masama,

ağlımı, hissimi

verirəm yazıma.

Mənimlə öpüşə-öpüşə

ölür siqaretlər,

Yayın bürküsü,

Payızın bölgüsü,

Qışın ayazı,

Yazın dadı

Hamısı yazımdadı.

Anlarım, saatlarım

Kədərim, şübhəm, inadlarım,

Qeybətlərdə sındırılan

qanadlarım

hamısı yazımdadı...

Xəstə yazılarım olur,

Elə vərəqdəcə ölür.

Ölən şeirimin tabutuna dönür

yazı masam.

Təzəsini yazıram,

Ö-lə-rəm,

Ölərəm, yazmasam!!!

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)