“Cümə günü Əbülfəzqızının 10 sualı ilə"də İbrahim İlyaslı Featured

Rate this item
(4 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının budəfəki qonağı “Mənim səndən uzaqlarda yamandır halım, necəsən?"- söyləyən və misraları böyüklü- kiçikli hər kəsin dilində səslənən, sevilən şairimiz, ictimai xadim, Sumqayıt şəhər Poeziya Evinin direktoru, bir çox mükafatların laureatı, Prezident təqaüdünə layiq görülən İbrahim İlyaslıdır.

“Mən müsahibə verməkdə çətinlik çəkirəm. Ya mən danışa bilmirəm, ya da məni danışdırmaq çətindir...” - onun sözləridir. 

 

1).

Haqqın görkü - ODam, SUyam,

Haqqa varan bir yolçuyam.

Mənəm, sənəm, oyam, buyam,

Adamam, axır adamam.

(İbrahim İlyaslı)

Dəyərli şairimiz, mənəvi və ruhi inkişaf səviyyəsində olanlar "Mən kiməm?" sualına, yəqin ki, cavab tapdı, elə deyilmi?

 

-Əvvəla, çox istəyərdim ki, mənə ünvanlanacaq bütün sualların cavablarını mənim şeirlərimdə axtarasınız. Mən şeirlərim boyda bir adamam, sadəcə. Nə az, nə də çox. Ona görə də bütün sorğularınıza şeirlərimdən örnəklər göstərməklə cavab verməyə çalışacam. Mənim bütün mahiyyətim orda cəm olub.

 

Tanrım, görən mən kiməm,

Nəçiyəm bu dünyada?–

Bir payı quru torpaq,

Üç payı su dünyada!

 

Adım Peyğəmbər adı,

Özüm adi bir adam.

Bir də bu adilikdən

Bezib çıxan fəryadam.

 

Qənşərində durduğum,

Aynadakı mənəmmi?

Ruhum mənə dardımı,

Mən ruhuma binəmmi?

 

Əvvəl-axır deyilən

Bir ölçü-biçi varmı?

Varsa, bəs ölçüsüzlük

Nədi, bilmək olarmı?

 

Bu cismi-can varlıqdı,

Yoxluq divanəsiyəm.

La İlahə İlləllah!

Kimdi məni səsləyən?!

 

2) 

Aşiq Yunus söylər sözü,

Qan-yaş dolu iki gözü.

Bilməyən nə bilsin bizi,

Bilənlərə salam olsun. 

(Yunus Əmrə)

İbrahim  İlyaslını "bilənlərin", yoxsa "bilməyənlərin" sayı çox?

 

-Yunus Əmrəyə varmaq ağır söhbətdir. İbrahim İlyaslı bu konuda uzağı iynə ulduzu boyda bir zərrədir. Əslində, mən heç bilinmək də istəmirəm. Heyif deyil sirr olaraq qalmaq...

 

Qadam, sənlə nə işim var? –

Mənim işim fələknəndi.

Yerin təkində iblisnən,

Göy üzündə mələknəndi.

 

Sizindi yer-göy arası,-

Abadanı, xarabası.

Qurun, dağıdın... sonrası

Şadaraynan, ələknəndi.

 

Düyün vurulmaz ilməknən,

YAZI pozulmaz silməknən.

Sənin azarın bilməknən,

Mənimki bilməməknəndi.

 

3) 

Səni qana- qana yazmaq olmur,

yaza- yaza qanmaq.

Sənə yetməyin bircə yolu var:

Yanmaq!!!

Yanmaq!!!

Yanmaq!!! 

(İbrahim İlyaslı)

Əziz şairimiz, şeir yazarkən ruh halınızın necə olduğunu Sizdən soruşsaq, sözlə təsviri mümkün olarmı?

 

-Mümkün deyil deyə düşünürəm. Çünki özünüzün də dediyiniz kimi o bir haldır. Halın təsviri olursa o ya bir rəsm əsərinə, ya bir bəstəyə, ya da bir şeirə yansımaqla öz ifadəsini tapa bilər. Elə sitat gətirdiyiniz şeir parçasında olduğu kimi – yanmaq… Yanğının görünən tərəfi alov, tüstü, köz, nəhayət kül olur… Özgə nə deyim?! Məsələn, yalqızlığın halı deyək;

 

Bu gecədə mən duyanı,

Bir bəndə-bəşər duymasın.

Bu qədər zülmü, yazıqdı,

Allah heç kəsə qıymasın.

 

Bu gecənin ortasında,

Məndən özgə oyaqmı var?!

Çıxmağa cığırmı qalıb,

Yeriməyə ayaqmı var?!

 

Yalqızam YERin üstündə,

GÖYün altında yalqızam.

AZƏRBAYCAN söylənilən

Öyün altında yalqızam.

 

Nə təkəm, nə də tənhayam

Dörd yanım millət, məmləkət.

Yalqızlıq yalquzaqlıqmış,

Ulaya bilmirəm fəqət.

 

4)

İbrahim bəy, bir könlü fəth etmək çoxmu çətin?

 

-Tanrıdan rüsxət olursa, heç bir çətinlik yoxdur. Rüsxət yoxdursa, bu fatehlik iddiası bir ömür ancaq cəhd olaraq qalacaq… Amma bu cəhdin özündə də bir gözəllik var - Ömrə məna qatır.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam.

Göy məni Yerə qısqanar,

Bilsə, necə bəxtiyaram.

 

Nolsun adın Günəş deyil,

Sənə bənddi axşam-səhər.

Sənə nisbət dövr eləyir

Kainatda səyyarələr.

 

Bir kirpiyinə minnətdi

Yerin, Göyün yeddi qatı.

Cəhənnəm olsa, cənnətdi

Sən olan göylərin altı.

 

Bir arılar bilər nədi -

Gül dalının gerçəkləri.

Kimin ətridi süsləyən

Çəmənlərdə çiçəkləri.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam...

Sənin həsrətindən özgə

Nəyim var haramdı, haram!

 

5) 

Nə gözəl toxunub fələyin toru?-

Adam özü qaçır ağzına doğru.

İçində quldurdu çölündə oğru,

İçini-çölünü xışla da getsin. 

(İbrahim İlyaslı)

Dəyərli şairimiz, "dərininə  düşünmək" niyə hər kəsə nəsib olmur? Bəlkə, özləri bu bacarığı görmək istəmir?

 

-Dərininə düşünmək dərinə düşmək kimidir. Düşməyin bir çıxmağı da var axı… Adamların nəyinə lazımdır bu əzaba qatlansın?! Hər kəs dalğıc(qəvvas) olamaz ki, dəryaların dibinə baş burub da geri dönsün. Yarı yolda boğulmaq təhlükəsi var…

 

Dünyanın ikicə rəngi varıymış,-

Bildim qara nədi, ağ nədi, bildim.

Balamın dilindən bir söz eşitdim,

Dağ üstən çəkilən dağ nədi, bildim.

 

“Yox”dan yola çıxdım, yol məni getdi,

Kəm məni kəsdirdi, bol məni getdi.

Mən sağı getdikcə, sol məni getdi,

Axır ki, sol nədi, sağ nədi, bildim.

 

Doldu piyalələr, boşaldı camlar,

Sərxoş damağımı dəyişdi tamlar…

Qaranlıq könlümdə yandıqca şamlar

Ürəkdən əriyən yağ nədi, bildim.

 

Adlayıb dünyanın Hun hasarından

Qopdu şah millətim şah damarından…

Sındı məmləkətim sınırlarından,-

Çəpəri pozulan bağ nədi, bildim.

 

İbrahim İlyaslı, budurmu qanmaq?-

İşin-peşən oldu tutuşub yanmaq.

Haqqı buluncaymış fələyi danmaq,-

Bildim nahaq nədi, haqq nədi, bildim.

 

6) 

Gör mən nə saymışam, fələk nə sayıb,

 Dönüb sənə baxmaq sayılır ayıb...

 Aradan qırx igid ömrü adlayıb,

 Mən həmən dəliyəm, sən həmən gözəl! (İbrahim İlyaslı)

Qəlblərin odunu duyan şairimiz, o obrazların məbəbbətindən qalanan ocağı zaman kül edə bilməmişdir. Əksinə, ayrılıq zamana meydan oxuduqca sevgi alovu daha da güclənmişdir. Bəzən söyləyirlər ki, artıq sevgi yoxdur. Bu fikrə İbrahim İlyaslının münasibəti necədir? 

 

-Necə yəni sevgi yoxdur? Sevgi yoxdursa, bəs bunu söyləyən adam necə yarandığının fərqində deyilmi? Mövcud olan bütün canlı varlıqlar sevginin ifadəsi deyilmi? Sevgi yoxdursa aşağıdakı hissləri bizə yaşadan və bu şeiri yazdıran hansı qüvvədir?

 

Gözəllik bəşərə görk olsun deyə,

Qıydı Yer üzünə fələklər səni.

Dayandı səcdənə ulduzlu Göylər,

Qısqandı Allaha mələklər səni.

 

Billah, belə sevda gəlməz hər başa–

Od suya calandı, alğış qarğışa.

Yanıb kül olunca qıldı tamaşa

Şövqündən əriyən bəbəklər səni.

 

Şimşəklər teyləndi qəfil üstümə,–

Döndü qəflətxanam altı-üstünə.

Susadı qanıma, durdu qəsdimə

Öpüb oxşadıqca küləklər səni.

 

Qüdrətim çatmadı vəsfi-halına,

Pir deyib, əyildim gül camalına.

Belə çoxmu gördü qul misalına,

İblis yuvalanmış ürəklər səni?

 

VARsansa – varımsan, YOXsansa yoxum,

Ən halal zülmümsən, ən haram yuxum.

Sağ qalınca cismim, ölüncə ruhum

Müdam ayağına iməklər sənin.

 

7)

“Qəlbin özünə xas bəzi səbəbləri vardır ki, ağıl onu heç vaxt anlaya bilməz." (Paskal)

Əziz İbrahim bəy, heç qəlbinizin sözünə əməl edib peşman olmusunuzmu, o zaman İbrahim İlyaslı öz qəlbini necə danlayıb, nə söyləyib?

 

-Bu hər kəsin həyatında baş verə biləcək bir haldır. Məndə də olmamış deyil. Bəzən hisslər adamı aldadır. Amma mən taleyə inanan adamam. “Deməli bu da olmalıymış” deyə düşünüb, yoluma davam etmişəm. Əslində, ömür özü də bir aldanışdı…

 

Məni aldanmağa yaradıb Allah,

Düşmənim aldadır, dostum aldadır.

Zalımlar elə bil himə bənddilər,

Dindim – günahkaram, susdum – aldadır.

 

8) 

İbrahim bəy, nə üçün Şair olmaq zülmdür? 

 

-Zülmdür. Çünki:

 

Mən bir söz bilirəm – dilimə gəlsə,

Sədası qanıma bələyər məni.

Şahlar yeddi yerə şaqqalayarlar,

Rəiyyət daş-qalaq eləyər məni.

 

Mən bir söz bilirəm – onu söyləsəm,

Kafirlər tonqala atarlar məni.

Möminlər üzərlər başımı, sonra

Başlarından uca tutarlar məni.

 

Mən bir söz bilirəm – dilimə alsam,

Alimlər dilimi kəsərlər mənim.

Sözümü asarlar dar ağacından,

Özümün üstümdə əsərlər mənim.

 

Mən bir söz bilirəm – ağzımdan çıxsa,

Aqillər adıma dəli deyərlər.

Dərvişlər o sözə heyran olarlar,

Olmayan aşiqlər «bəli» deyərlər.

 

Mən bir söz bilirəm,  axı nə olsun?-

Ağacda yuvam var, içində balam.

Mən heç nə bilmirəm, ay dostum, ancaq

Mən bir söz bilirəm – yaxşı ki, lalam.

 

9) 

Qanında yoxdursa, ha daşdan süzül,

 Ha əlləş, ha çarpış ha əri, üzül,

 Nə qeyrət dəvədir, nə namus qızıl,

 Qardaşdan qardaşa pay olmaz-olmaz. ( İbrahim İlyaslı)

İbrahim bəy,  yaş artdıqca xarakter də dəyişə bilərmi, yoxsa, "ilan ancaq qabığını dəyişir?"

 

-Yaş artıqca təcrübə artar, bilgi çoxalar, xarakter isə dəyişməz. Sadəcə, xarakter bir mühitdə özünü daha çox büruzə verər, başqa bir mühitdə ilk baxışda gizlində qalar. İndilərdə vaxtaşırı orta məktəb yoldaşlarımızla görüşürük. Hər kəs birinci sinifdə oxuarkən mahiyyət və xarakter etibarı ilə kim idisə, eləcə də qalmışıq.

 

10)

İbrahim İlyaslının ilk mətbu şeiri  - "Bu bahar oldu"  hələ qəlbində həzin- həzin səslənirmi? İlk dəfə mətbuatda şeirini görən İbrahim bəyin ozamanki duyğularının sözlə təsvirini istəsək, İbrahim bəy xahişimizi yerinə yetirərmi?

 

-İlk mətbu şeirini qəzetdə görmək hər bir şairdə kövrək hisslər oyadır, deyə düşünürəm. İndilərdəki kimi adi hal deyil, əlbəttə. Bu şeir təhsil aldığım Politexnik İnstitutun çoxtirajlı “Politexnik” qəzetində çap olunmuşdu. Arxivimdə saxlayıram. Ancaq çap olunmaq adına ən sevincli günüm isə “Gənclik” jurnalında bir səhifə şeirimin çap olunmağıdı. Az qala bütün ölkə bu jurnalı, xüsusən də poeziya səhifəsini izləyirdi. Metroda gedərkən az qala hər kəsin əlində bu jurnalı görmək olardı. Gənc oğlan və qızların əlində fotonla birlikdə çap olunmuş şeir səhifəsini görməyin bir ayrı zövq-səfası vardı. Yeri gəlmişkən, “Gənclik” jurnalının qurucusu və baş redaktoru olmuş ünlü şairimiz Məmməd İsmayıla vəfa və təşəkkür borcumun olduğunu demək istəyirəm. İndi biraz xəstəhal olan ustadımıza cansağlığı diləyirəm.

 

-Dəyərli şairimiz, rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün Sizə minnətdarıq. Yaradıcılığınızdan biz gənclərin öyrənəcəyi çox məqamlar var. Ruhən təmizlənmək, "dərininə düşünmək", cümlələrin təsir gücündə sehrli aləmi hiss etmək İbrahim İlyaslı yaradıcılığının bizlərə ən gözəl töhfəsidir. İbrahim bəy, sözünüzün gücü ilə zamana qalib gələnlərdənsiniz, uğurlarınız bol olsun!

Sonda ənənəvi sualımız: İbrahim İlyaslı hansı sualımızı daha çox sevdi?

 

-Bütün suallarınız maraqlıdır. “Nə üçün şair olmaq zülümdür?” sualınız isə daha ilginc sual idi. Çünki bu sualı yetərincə, ürəyim istəyən kimi cavablandıra bilmədim.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)