QİRAƏT SAATInda “Eşq mələyi” Featured

Rate this item
(0 votes)

         “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

17-ci hissə

 

“Məni bağışla”

 

Bəzən insana çətin olur, amma yenə də nəsə bir tutalqa tapıb duruş gətirə bilir.

Rasim ondan doymurdu, işini-gücünü atıb hey onunla olurdu, bir ara lap dəli-divanə oldular, hər ikisi işdən icazə alıb Xızıya – Cənnət bağına getdilər, yeddi gün orada gecə-gündüz sevişdilər, ünsiyyət qurdular, əyləndilər, dünyanı unutdular. Ülkərə bu günlər keçirdiyi abortun acılarını da unutdurdu.

Soyuqlar düşmüşdü, qar havası idi, amma belə havada meşədə gəzməyin ayrıca ləzzəti vardı. Əsla üşümürdülər. Sevgi onları qızdırırdı. Şam yeməyində qırmızı şərab içmək bir ayrı ləzzət verirdi, hər ikisinin dili açılırdı. Filosoflarsayağı söhbətlər edirdilər.

Rasim:

--Heç bilirsən quşlar niyə bütün günü cəh-cəh vururlar?

Ülkər:

--Niyə?

Rasim:

--Bir-biri ilə quş dilində söhbətləşirlər. Biri deyir, mən acam, o birisi cavabında deyir, gəl yanıma, burda yem var. Biri deyir, mənə soyuqdur, o biri cavabında deyir, gəl yanıma, bura istidir. Yaxud da biri deyir, mən yalnızam. O biri deyir, gəl yanıma, cütləşək.

Ülkər:

--Bəs sən bilirsən niyə ulduzlar gecələr gur işıq saçır?

Rasim:

-- Niyə?

Ülkər:

-- Görüşə çıxmış sevgililər üçün qaranlığı işıqlandırmağa. Sevgililər bir-birinin gözlərini görə bilsinlər deyə.

Bir dəfə Rasim ondan soruşdu:

-- Heç sevmisənmi indiyədək?

Ülkər gizlətmədi, dedi, hə, sevmişəm, ancaq bu, yeniyetməlik sevgisi olub, platonik bir sevgi olub, əlimiz əlimizə toxunmadan baxışla, sözlə sevişmişik.

Azacıq susub dedi:

-- Amma ərimi əsla sevməmişəm. Demişdim sənə bunu, məni ona zorla veriblər. Atalarımız bizim taleyimizi bir şüşə araq içərkən həll ediblər. -- Sonra əlavə elədi. --Adətən gözəl uşaqlar böyük sevgidən əmələ gəlir. Biz bir-birimizə əsla sevgi duymadan, zorən yataq bölüşüb Aylini dünyaya gətirdik. Amma qızım o qədər gözəldir ki... Sanki qələmlə çəkilib. Allah qoysa,qızım böyüyəndə elçilər qapımızıo qədər döyəcəklər ki, qapımızın petlələri qırılacaq. Sən də ata kimi seçim etmək azadlığı qazanacaqsan. Amma qızımızı varlı-hallı birinə deyil, ağıl-kamallı, elmli birinə verərik, yaxşımı? Cünki var-hal ağıl qazandırmaz, amma ağıl var-hal qazandıra bilər. -- Sonra da başını Rasimin dizləri üstünə qoyub soruşdu: --Bitanəm, bəs sən necə, sevmisənmi?

Hərçənd, Rasim də bunu bir neçə dəfə təkrarlamışdı, Ülkər özü də münasibətlərindən görmüşdü ki, Rasimin həyatında həm ilk sevgisidir, həm də münasibətə girdiyi ilk qadındır. İntim yaxınlığa girmək o yana, adicə öpüşməyə başlayanda Rasim tir-tir titrəyirdi.

Rasim onun ipək saçlarını sığallaya-sığallaya söylədi:

-- Əlbəttə ki yox. Sən mənim ilkimsən. Heç kəsi bəyənməmişəm, heç kəsi sevməmişəm. Təsəvvür et ki, sinif yoldaşlarım, kollec yoldaşlarım məni problemli sanırdılar, deyirdilər, Rasimin qızlara meyli ona görə yoxdur ki, problemlidir. Səni ilk dəfə görəndə sanki qaranlıq, zülmət aləm işıq saçdı. O deyirləree, hər bir insanın əks cinsdən ikinci yarısı olur. Onlar təsadüfən rastlaşarlarsa bir-birini tamamlayıb dünyanın ən ideal cütlüyü olur, ən ideal ailəni qururlar. Sən mənim ikinci yarımsan. Bütün iyirmi bir illik ömrüm boyu sanki sənə doğru şütümüşəm mən. Səninlə çox xoşbəxtəm. Bu anların ömür boyu davam etməsini istərdim.

Xızılı günlərdə Ülkər içindəki şübhələri də dilə gətirdi.

-- Rasim, birdən ata-anan bizim izdivacımıza icazə vermədi, onda necə olacaq?

-- Niyə verməsinlər ki?

-- Necə yəni niyə? Əvvəla, mən səndən düz beş yaş böyüyəm. Beş yaş sənə az gəlməsin.

-- Bunu onlardan gizlədərik.

-- Necə yəni gizlədərik, bu boyda həngaməni gizlətmək olar?

-- Olar. Sənə heç iyirmi yaş da vermək olmur.

-- Gözlə, gerisi də var. İkincisi, mən ərdə olub çıxmışam, boşanmış qadınam, yəni bakirə deyiləm.

-- Əşi, kim nə biləcəyee, sən ərdə olub çıxmısan? Atamla anam bəyəm pasportstolda işləyirlər?

-- Üçüncüsü, yeddi yaşında qızım var. Bunu necə gizlədəcəksən? -- Sonra dikəlib onun üzünü ovuclayaraq sözünə davam etdi. --Rasim, ata-anan gözlərinin ağı-qarası tək oğullarının özündən beş yaş böyük, yanı uşaqlı dul qadınla evlənməsinə icazə verərlər yəni? Axı valideynlərin həmişə öz planları olur.

-- Ülya, bunu mənə burax, sənə ilk görüşlərimizdən demişəm axı, öz taleyimi mən özüm həll edirəm, valideynlərim buna qarışa bilməz. İxtisasımı da özüm seçmişəm, kollecə daxil olub oxuyub diş həkimliyi sənəti almışam, iş yerimi də özüm seçmişəm, ailəmi də özüm seçəcəm. Mən uşaq deyiləm, kifayət qədər yetkin şəxsəm.

Həmin gün xüsusən uşaqlarını tələf etməklərinin acısı, Rasimin həmin anda qətiyyətsizlik göstərməsi Ülkəri tərəddüdlər içində saxlasa da, nə qədər ümidli olduğunu dilə gətirmişdi:

-- Bilirsən, tale bir adamı sonunadək döyməz ki... Birinci ailəm dağıldı, bir gün görmədim. Atamın güdazına getdim. Sən isə öz seçimimsən. Hər şeyi gözə alıb səni sevdim. Nə olursa-olsun, sonunadək sənin olacağam. Hətta ata-anan razılıq verməsələr belə, birlikdə Bakıdan çıxarıq, gedərik uzaqlara. Məsələn, Türkiyəyə gedərik. Mən anamın, bacımın, qardaşımın, lap elə keçmiş qayınanamın ayaqları altına düşərəm, pul alaram onlardan, gedib orda kiçik bir ev kirayələyərik, orda diş həkimləri yaxşı qazanır, sən həkimliyini edərsən, mən də pedaqoqam, müəllimlik işi dil fərqinə görə alınmasa belə, uşaq dayəsi olaram, lap elə burdakı kimi tərbiyəçilik edərəm, bağçada çalışaram. Qızımız da məktəbə gedər. Bir ömür xoşbəxt yaşayarıq.

Bunları demiş, göz yaşları diyirlənib sinəsinə damcılamışdı.

Xızılı günlər o qədər maraqlı, mənalı, gözəl, yaddaqalan idi ki... Günəşi də qarşılamışdılar, dağa da dırmaşmışdılar. Hələ qaçdı-tutdu da oynamışdılar, qayğısız halda bir-birini tutub öpüşlərə qərq etmişdilər.

Amma yeddi günün az qala hamısında Rasimin valideynlərinin zənglərini, onun da guya rayona, əsgər yoldaşının atasının yasına getməsi barədə onlara uzun-uzadı izahat verməsini, növbəti dəfəsində niyə qayıdıb gəlmir sualına guya dostunun maşınının qəzaya uğramasını, yüngülcə əzilmələrini söyləməsini, sonra daha nə kimi bəhanələr uydurmasını görəndə Ülkərin dalağı sancmışdı. Rasim mərd-mərdanə valideynlərinə harada olmasını demirsə, çox yəqin, onlara Ülkərlə münasibəti barədə heç nə deməmişdi. Demək, Ülkəri aldatmışdı. Axı ilk gündən Ülkər ona ciddi münasibət şərtiqoymuş, valideynlərini agah etməyi tapşırmışdı. O da buna əməl etdiyini demişdi. Razılaşmışdılar ki, hələ Ülkərin yaşca böyük olması, boşanmış olması, yanıuşaqlı olmasını Rasim valideynlərinə deməsin, sadəcə desin ki, bir xanımla ciddi məqsədlə görüşürəm, sevirəm onu.

Demək, çox güman, Rasim Ülkəri aldatmışdı.

Rasimgil də, Ülkərgil kimi, əslən Aran bölgəsindən idilər, Rasim evin böyük uşağı idi, özündən başqa iki bacısı vardı, hər ikisi məktəbliydi. Tibb kollecini bitirib öncə texnik, sonra diş həkimi kimi çalışırdı. Valideynlərinin hər ikisi Sədərək bazarında alverlə məşğul idi, bir satış nöqtələri vardı, sübhdən gedib topdan mal satan iri tacirlərdən qiymət öldürərək qadın, kişi və uşaq üçün corablar, alt paltarları götürər, gün ərzində üstünə qəpik-quruş qoyaraq satıb çörəkpulu qazanardılar. Onlar Rasimin əlinin çörəyə çatmasından çox məmnun idilər, tək oğullarına çox ümid bəsləyirdilər. Rasimin üstündə əsirdilər, eyni zamanda tələbkardılar, onu başlı-başına da buraxmır, hər hərəkətini sorğulayırdılar. Çox təəssüf ki, bunları zamanında Ülkər bilməmişdi. Bilsəydi, bəlkə də hisslərini ram edər, Rasimə meyil salmazdı.

Şübhə və qorxuları əbəs deyilmiş. Bakıya dönüşlərindən sonra düz üç gün Rasim zəng eləmədi. Ülkər çox nigaran qalmışdı, nə baş verirdi axı? Bir an onsuz qalmayan, zəngi mesaja qatan sevgilisinə nə olmuşdu? Özü onu yığdı, telefonunun bağlı olduğunu görəndə nigarançılığı daha da artdı.

Növbəti gündə bağçada uşaqlara rəsm çəkdirirdi, bir də gördü müdir onu otağına çağırır. Müdirin otağına girən kimi onu gördü, dolubədənli, saçı sarı bir qadın üzərinə atıldı.

-- Ay fahişə, ay ləçər, oğlun yaşda olan uşağı tora salıb nə məqsəd güdürsən? Olmaya Samayayla Şamxala gəlin olmaq istəyirsən? Ay sən özün öləsən. Səni el içində biabır edərəm. Qancıq!!! – deyib əl ataraq Ülkərin bir çəngə saçını yoldu.

Müdir araya girsə də, qadını heç vəchlə sakitləşdirə bilmirdi. Qadın Ülkərdən qopmur, ən nalayiq söyüşlər söyərək onun ora-burasına yumruq atırdı.Özünü itirib donub qalan Ülkər nə bir kəlmə cavab verir, nə də özünü zərbələrdən müdafiə edirdi.

-- Bunu burda işdə saxlayırsız, xəbəriniz yoxdu ki, vışşiy marka fahişədi bu, Bakının yarısının altına yıxılıb. Kollektivinizi də pozacaq.

Səs-küyə bağçanın işçiləri ora axışdılar, aləm bir-birinə dəydi.

Sonrakı saatda qadın “Bir də uşağın adını çəksən, gələcəkdə sənin kimi fahişə olacaq qızını oğurlatdıraram” xəbərdarlığını edib getmişdi artıq. Ülkər hətta bu rəzil və murdar sözlərə belə cavab vermək iqtidarında olmamışdı. Həqiqətən nitqi tutulmuş, qolları yanına düşmüşdü, canlı meyit idi, müqəvva idi sanki.

İnsanlığa sığmayan bu basqı nəydi belə? Yəni bu qadın (ona qadın adı vermək də olmurdu) insan kimi münasibətləri ayırd etməyə gələ bilməzdimi? İnsan yırtıcı heyvandan yəni heçmi fərqlənməz?

Bir neçə gün işə çıxmadı, evə qapanıb qaldı, tam depressiya içindəydi, ümidsizlikdən nəfəsi kəsilirdi. Ürəyinin dərinliklərində Rasimin anasıyla mübarizə aparmasına bir inam, hər halda, qalmaqdaydı. Düşünürdü ki, o boyda böyük sevgisindən Rasim əsla vaz keçməz, anasını yola gətirməyə çalışar, heç nəyə nail olmayanda isə götürüb Ülkəri uzaq ellərə, xəyal etdikləri Türkiyəyə aparar. Nə yaxşı ki, bu düşüncələr yaranmışdı, Ülkəri tam sınmaqdan, çökməkdən qorudu bir müddət. Hətta Ülkər onun da xəyalını qurdu ki, bunlar Türkiyədə xoşbəxtcəsinə yaşayırlar, güzəranları əladır, Rasimin anası barışıq istəyir, amma Ülkər onu rədd edir, deyir, sənin etdiyin rəzilliyi heç vaxt unutmaram.

Bu arada Rasimin telefonu susurdu, Ülkər özü zəng etdi, mesaj yazdı, amma Rasimdən cavab ala bilmirdi ki, bilmirdi. Nəhayət, münasibətləri tam aydınlaşdırmaq üşün onun iş yerinə getdi.

Həmin günü əsla unutmaq mümkün deyil.

Rasim pasiyentlə idi, onu görcək əlləri əsdi, dili dolaşdı, “Gözlə, indi qurtarıram” kəlmələrini dili dolaşa-dolaşa tələffüz elədi. İşini qurtarandan sonra Ülkərin ogünkü hadisəyə aydınlıq gətirmək tələbinə susqu ilə cavab verdi. Ülkər anasının basqısı, bütün etik çərçivələri aşması, hətta mələk Aylini çirkaba bulamasının müqabilində Rasimdən cavab istədi, cavab ala bilmədi.

Belədə Ülkər hıçqıra-hıçqıra uzun-uzadı insanların dönüklüyündən, taleyin ona qarşı amansız olmasından gileyləndi, çox şeydən bəhs etdi.

Lal divar idi sanki Rasim. Yalnız sonda Ülkər “Sənin fikrin nədi indi” sualına cavab gözləyəndə gözlərini dikdiyi yerdən qaldırmayaraq, bir kəlmə söylədi. Söyləməsəydi, axıradək lal qalsaydı, bundan yaxşı idi.

Dedi:

-- Bağışla məni. Mən anamgilin ziddinə gedə bilmərəm.

Ülkərin başına uçdu sanki çəhrayı divarlar.

Bəs hanı o kəlmələr?

-- Mən kifayhət qədər yetkin adamam...

-- Öz seçimimi özüm edəcəm...

-- Ata-anam heç vaxt mənim işimə qarışa biməz...

Hanı o qırıldamalar? Xoruz kimi sinəni qabağa verib yaxbalalıq eləmələr?

Hanı onlar?

Qeyrətsiz, duyğusuz, acımasız, alçaq, zalım, murdar...

Ülkər hönkürərək ağlayırdı, səsinə tibb bacıları qaçıb gəlmişdilər, dəhlizdəki pasiyentlər də kabinetin içinə boylanırdılar.

Bu da son. Bir sevgi hekayəsi bu cür sona çatmaqdaydı.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)