Arif Qeybiyev Elşad Baratın “Şəhidlər” silsiləsində

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.

 

 

Qeybiyev Arif İsmayıl oğlu

 

Qeybiyev Arif İsmayıl oğlu 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E.Ağayev adına Səncəri kənd tam orta məktəbinə daxil olub. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.

Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa, atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015-ci il Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayiəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak edib.

O, kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.

Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib qəbul olmasa da, 4-cü dəfə istəyinə nail olub.

2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmətə başlayıb. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından enərək 100-200 metr aralıda olan dostunun tankına çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib.

Arifin həyat yoldaşı İranəyə son mesajı sentyabrın 27-də, səhər 5:42-də yazılıb. Mesajında bunları bildirib: “Canım, nigaran qalma. Özündən, anamdan, gözəl qızımdan muğayat ol. Sizi sevirəm”.

         Sonra yenə mesaj yazıb: “Əsas sizsiz. Əsas qızımdan muğayat ol, bir də anamdan. Haqqınızı halal edin. Sizi sevirəm”.

Arif eyni mesajı iki dəfə göndərib – səhər 5:47 və 6:02-də. O gecə yatmayıb Arif. Son mesajlarını yazdığınımı hiss edib? Nələr düşünüb? İndi heç kim bilmir...

İranə deyir ki, Arif öz toyunda gəlin maşınını da bayraqlarla bəzəyibmiş...

Astara rayonunun Ərçivan qəsəbəsində torpağa tapşırılan Şəhidimiz "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Gülnur adında bir qız övladı yadigar qalıb.

“Mənim oğlum çempion idi. Mənim oğlum hər işdə çempion idi”, – deyir Arifin anası Rəna xanım.

Ariflə hərbi xidmətdə olan əsgəri danışır: “Bu itkini sözlə ifadə edə bilmərəm. Elə ürəyi vardı ki... Mən hələ elə ürək sahibinə rast gəlməmişəm. İndi bu gündən baxanda anlayıram ki, həyatımın xoşbəxt günləri onunla keçirdiyim günlər olub. Savaş nələr yaşatdı, nələr öyrətdi. Hələ də inana bilmirəm ki, o, şəhid olub. Elə şən idi. Üzündə nur vardı-ürəyinin nuru... Mən əsgər yoldaşlarımın da adından danışıram. Bu günlərdə onun tankını gördük... Elə bildik ki, indi düşüb gələcək, yenə gülümsəyəcək, yenə hamımıza ürək-dirək verəcək... Ancaq bu baş vermədi”.

2021-ci ilin oktyabrın 10-da Milli Olimpiya Komitəsinin, Atletika Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə Astara şəhər bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr edilmiş atletika yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyində Federasiyanın əməkdaşı Sevda Mirzəyeva və Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov iştirak ediblər.

Çıxış edənlər şəhid Arif Qeybiyevin qəhrəmanlığından, şərəfli döyüş yolundan danışaraq onun vətənpərvərliyinin, xalqına sevgisinin gənclər üçün örnək olduğunu diqqətə çatdırıblar. Həmçinin şəhid Arif Qeybiyevin ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, Birinci Avropa Oyunlarında olimpiya məşəlini məhz Astarada onun qaldırdığı qeyd edilib, olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb.

 

Geyindin öz əyninə

Şəhidlikdən don, şəhid.

Döyüşdə və yarışda

İgid, çempion şəhid.

 

Müqəddəslik adına

Sən əbədi sahibsən.

Hər yarışda birinci,

Hər döyüşdə qalibsən.

 

Bilmirəm, necə olur

Döyüşlərdə qan etmək.

Vətən, dostun yolunda

Canını qurban etmək.

 

Fəxrlə oxuyuram

Tərcümeyi-halını.

Sənin kimi igidlər

Çəkib zəfər yolunu.

 

Sonuncu məktubun da

Çıxdı mənim qarşıma.

Əlimdə kağız, qələm

İslandı göz yaşımla.

 

Mən şairəm, duyuram

İnsanı bir sözündən.

Qəlbinin böyüklüyü

Görünür üz-gözündən.

 

Səninlə fəxr eləyir

On milyon insanım da.

Qızın Gülnur balamız,

Anan Rəna xanım da.

 

Rahat uyu, şəhidim,

Sən çempion, qoçaqsan.

Bu millətin qəlbində

Əbədi qalacaqsan.

 

 

 “Ədəbiyyat və incəsənət”

(20.12.2023)