Ho amato persino la pietra - İTALYANCADIR

Rate this item
(4 votes)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 "Ho amato persino la pietra"nın tərcüməsi bilirsiniz nədir? “Məndə daşa da sevgi var".

Tanınmış şair və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlinin italiyanca bu adda şeirlər kitabı yaxın vaxtlarda İtaliyada, Boloniya şəhərindəki "Cuscino di Stelle" nəşriyyatında nəşr  edilib. Şeirləri italyan dilinə  görkəmli çağdaş italyan şairi Klaudia Piççinno  tərcümə edib. 

Azərbaycanlı şairin uzun illərdir yaxın dostu olan, müxtəlif beynəlxalq ədəbi layihələrdə birgə iştirak etdiyi Klaudia Piççinno kitabın tərcüməsindən başqa, texniki tərtibatı və nəşrinə də böyük əmək vermiş, onu öz  şəxsi vəsaiti ilə çap etdirmişdir. Kitaba tanınmış italyan şairi və  psixoloqu  Sergio Kamellini ön söz yazıb. Klaudia Piççinno ilə dostluq və qarşılıqlı əməkdaşlığın  çağdaş  Azərbaycan-italyan ədəbi əlaqələrinə önəmli qatqısından bəhs edən Təranə Turan Rəhimli qeyd edir: 

-Mən bir daha özümçün təsdiqlədim ki, təmənnasız, ülvi dostluğun, qəlbdən gələn xeyirxahlığın haqqı əsla ödənməz. Həm şeirlərimin tərcüməsini, həm kitabın nəşrini  (bütün xərcləri daxil) öz üzərinə götürən,  qiymətli vaxtını böyük ürəklə yaradıcılığıma həsr edən əziz bacım Klaudiaya, poeziyama yüksək dəyər verən ön sözünə görə Sergio Kamelliniyə nə qədər təşəkkür etsəm azdır.  

Klaudianı 2016-cı ildə  İtaliyada tanıdım. İtaliyadakı  Pablo Neruda Mədəniyyət Assosiasiyasının və Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq ədəbiyyat festivalının qala gecəsində bir-birimizə kitablarımızı bağışladıq. Beləcə təməli ədəbiyyatla, şeirlə başlayan dostluğumuz bu günlərə gəldi. Bir-birini şeirindən, sözündən, sənət sevgisindən tanıdıq, bir-birinin əsərlərini tərcümə etdik, ölkələrimizdə tanıtdıq. Sənət əlaqələrinin yaradıcı şəxslərin həyatında nə qədər önəmli olduğuna dönə-dönə əmin olduq. Dünyanı bizim şair qəlblərimizin, söz dünyamızın xilas edəcəyinə inandıq... inanırıq...  Allah gözəl dostluqları qorusun!

 

Azərbaycanlı şairin sayca 9-cu olan  bu yeni kitabı onun italyan oxucuları ilə ilk görüşü deyil. "Ho amato persino la pietra" ("Məndə daşa da sevgi var")  kitabına qədər Təranə Turan Rəhimlinin bir çox şeirləri görkəmli italyan şairi, Pablo Neruda Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Maria Miraqlia, görkəmli italyan şairi və rəssamı, özünəməxsus yaradıcılıq üslubu ilə seçilən və beynəlxalq  səviyyədə tanınan sənətkar, "İmmegine Poesia" sənət mərkəzinin sədri  Lidia Kiarelli, tanınmış şair və qiraət ustası Emanuela Rizzo tərəfindən italyan dilinə tərcümə olunaraq Avropa ölkələri mətbuatında dərc edilmişdir.  Həmçinin bu şeirlər 2016-cı ildə  İtaliyanın Bari Aldo Moro Universiteti tərəfindən Taranto şəhərində  nəşr edilən "Antologia Poetica"  beynəlxalq ədəbi toplusunda dərc edilmiş, ölkənin müxtəlif saytlarında yayımlanmış, bədii qiraət ustaları tərəfindən ifa edilmişdir. Şairin tanınmış bədii qiraət ustaları Rosanna Sofiya Papalia və Emmanuela Rizzonun ifa etdiyi şeirləri müxtəlif beynəlxalq tədbirlərdə, ədəbiyyat festivallarında səslənmiş, videokkiplər halnda internet kanallarında yayılmış, italyan sənətsevərlərinin rəğbətini qazanmışdır. İtalyan şairi və psixoloqu Sergio Kamellini  Təranə Turan Rəhimlinin italyanca  kitabına yazdığı ön sözdə şairə beynəlxalq aləmdə ədəbi nüfuz qazandıran amilləri açıqlayır, bunun ilk növbədə şairin poeziyasının  universal semantik dilə malik olması,  avtobioqrafik eyhamlarla fantastik sevgi dünyasında gəzişmə məharəti və dərin poetik fəlsəfəsi ilə bağll olduğunu izah edir:  

 

"Tanınmış Azərbaycan şairi və ədəbiyyatşünası Təranə Turan Rəhimlinin kitabı İntrospektiv qavrayış və düşüncənin, daha doğrusu, son dərəcə həssas poetik ruhun hiss və duyğuları arasında səyahətinin, eyni zamanda möhkəm və qətiyyətli bir tarazlığın mövcud olduğu bir şeirlər toplusudur. Misralar əsrarəngiz hisslər, fərqli məkanlar və xatirələr arasında cərəyan edir, sevginin mülayim istiliyi ilə daşın sərtliyi arasında rəngarəng bir əlaqə yaradır. Nəticədə Təranə Turan Rəhimilinin nəfis poetik mənliyi onun hər misrasında görünür, şairin özünəməxsus dünyasının  təbii gözəlliyini təsdiqləyir."

 

Təranə Turan Rəhimlinin  italiyanca "Ho amato persino la pietra" ("Məndə daşa da sevgi var") adlı şeirlər kitabı təkcə nəşr edildiyi Baloniya şəhərində "Cuscini di Stelli" nəşriyyatının satış mərkəzlərində deyil, "Amazon" beynəlxalq kitab satışı,  Avropanın "Mondadori store", "Libreria rizzoli", "Pic Click It", ABŞ-ın "Dookey Book"  kitab satışı mərkəzlərində təbliğ edilmiş və satışa qoyulmuşdur.

Bəli, İtaliyada Azərbaycan şeiri oxunur. Necə də gözəldir.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)