BİRİ İKİSİNDƏ –Sergey Lukyanenkonun “Çin alışdırıcıları satan qızcığaz” hekayəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Seyfəddin Hüseynlinin tərcüməsində rus fantast yazıçısı Sergey Lukyanenkonun “Çin alışdırıcıları satan qızcığaz” hekayəsi təqdim edilir

 

 

Sergey Vasilyeviç Lukyanenko (1968) fantast yazıçı, “Aelita”, “EuroCon”, “Aleksandr Qrin” və başqa mükafatların laureatıdır.

Qazaxıstanın Qaratau şəhərində həkimlər ailəsində doğulub. Alma-Atada tibb institutunu bitirdikdən sonra psixiatr işləyib, “Dünyalar” fantastika jurnalının redaktoru olub. İlk hekayələri 1988-ci ildə dərc edilib. “Qırx adanın cəngavərləri” və “Atom yuxusu” əsərləri ilə tanınmağa başlayıb. “Fəlsəfi-kosmik opera” da adlandırılan “Röya xətti”, “İllüziya imperatorları”, “Yuxu kölgələri”, “Bu gün, ana!”, “Yer planetindən olan lord”  kimi trilogiyalarına, “İnikaslar labirinti” romanına və “Keşikçilər”, “Razılaşma” kimi digər əsərlərinə görə dövrümüzün ən tanınmış fantastlarından biri sayılır.

Öz yaradıcılıq metodunu “kəskin davranışlar fantastikası” adlandırır. Kosmik savaşlar və əlbəyaxa döyüşlər, kiberxuliqanlıq motivlərinə xüsusi meyil göstərir. Tənqidçilərin fikrincə, Lukyanenko kiberxuliqanlıq mövzulu əsərlərini onların ənənəvi problematikasına (insan və süni intellekt) əxlaqi məqamlar əlavə edərək işləməsi ilə seçilir.

 

 

Sergey LUKYANENKO

 

 

ÇİN ALIŞDIRICILARI SATAN QIZCIĞAZ

 

Məşhur moskvalı heykəltəraş Surab Zeretelinin* nesuke  (yapon miniatür oyma-heykəltəraşlıq nümunələridir – tərc.) toplamaq şakəri olduğunu az adam bilər. Əslində, heç bir ayıb cəhəti olmayan bu hobbisini o nədənsə heç kimə bildirmir.

Moskva havasının anlaşılmaz rəftarı sayəsində, uğurlu təsadüflə dekabrın otuz birinə tuş gələn o qarlı-şaxtalı axşamda Valeri Krılov Puşkin meydanının yaxınlığındakı əntiq əşyalar salonunun önündə dayanıb indicə aldığı nesukeni süzürdü.

Nesuke elə Rusiyada da nesukedir. Beş santimetr boyunda, ağacdan, yaxud fil sümüyündən düzəldilən heykəlcik-breloka, hələ cibin nə demək olduğundan xəbərsiz yaponlar, açar, qəlyan, xarakiri üçün xırdaca bıçaq və digər yararlı əşyalar keçirərmişlər.Sonra onu kəmərlərinə bənd edib, öz sərvətini yolüstü hər kəsə göstərərək, qürurla yeriyərmişlər. Bir sözlə, indilərdə bu, qətiyyən heç nəyə yaramayan, elə onun üçün də bahalığı qıcıq doğuran bir əşyadır.

Amma əgər əlvan metalllar əridilən yığcam zavodun sahibisənsə və Moskvada satış üçün bazara hədsiz ehtiyacın varsa, monumental heykəltəraşlıq ustası olan bir dost göydəndüşmə fürsət deməkdir. Təkcə elə bürüncü götürsək, böyük heykəltəraş onu bütün salamat Moskva zavodlarının cəmindən artıq işlədir! Gələcək müştərinin diqqətini çəkmək üçün ən yaxşı üsul isə onun zəif damarını tutmaq, yəni indiki halda ona nesuke hədiyyə etməkdir.

Bunu da deməliyik ki, incəsənət kimi həssas sahədə və ondan da zərif olan kolleksiyaçılıqda pul hər qapını açmır. Gecəlik vazonlar toplayan birisinin önünə çamadan-çamadan dollar səpələsən də, çox sevdiyi əşyadan – Böyük Fridrixin qatlanıb-açılan səfər qarşokundan vaz keçməz.

Nesuke məsələsi də belədir. Pulu olmaq azdır, gərək qismətini quyruğundan yaxalayasan, imkanlı, öz ehtirasını səngitmək üçün hər şeyə hazır olan o biri kolleksionerləri qabaqlayasan.

Valerinin bəxti bir qədər gətirmişdi.Necəsini və niyəsini qurdalamayaq, çünki bəxt təsadüfi şey deyil. Hər necə olmuşdusa da, indi o öz köhnə “Pejo”sunun yanında dayanaraq əlindəki yapon brelokunu məmnunluq və ikrahın qarışdığı nəzərlərlə süzürdü: adətən, sızanağını bacarıqla sıxıb boşaltmış adam belə baxar.

Nesuke balaca, toppuşyanaq, parçaya bürünüb önündə məcməyi tutmuş bir qızcığaz fiquru idi. Məcməyidə güclə seçilən xırda, uzunsov şeylər vardı.Kataloqda bu nesukenin adı “Susi satan qızcığaz” idi.

– Susi-pusi, – Valeri donquldandı. – Heç olmasa düzgün yazın...

Evə getmək vaxtı idi: əynini dəyişib azacıq konyak içəcək, sonra da sürücünü çağırıb o xoş, hər adamın tanımadığı məkana yollanacaq, yapon rəqiblərin məhsulunu məşhur heykəltəraşa orada təqdim edəcəkdi. Arvadı ilə qızını Valeri hələ bir həftə bundan öncə Yeni il tətili üçün Parisə göndərmişdi. Buna görə də Yeni il gecəsi onun üçün hay-küylü, bol içkili, yaxud da, əksinə, romantik və həyəcanlı yekunlaşa bilərdi. İşadamı olan kəslər təkcə ailələrini göndərmirlər xaricə – bəzən özləri də istirahətə gedirlər...

Düyü unundan dürməklər (Valerinin nəzərində həm dadsız, həm ağır yeməkdir) gəzdirən yeniyetmə yapon qızcığaza baxa-baxa, Krılov bir siqaret çıxartdı. Sükan arxasında çəkməyi xoşlamırdı.

– Əmican, alışdırıcı götürün, – çəkingən bir səs gəldi qulağına.

Valeri dönüb baxdı. Səkidə balaca bir qız dayanmışdı, on yaşında olardı.

Əynindəki neylon gödəkcə ona çox gen və istənilən adam üçün həddən artıq çirkli idi. Gödəkcənin yuxarısından böyüklərə məxsus enli şərf dolamışdı. Yundan toxunma papaq qoymuşdu.

Şaxtadan göyərən xırdaca əllərində ayaqqabı qutusunun qapağını tutmuşdu. Qar ələnən karton parçasının üstündə rəngbərəng Çin alışdırıcıları vardı.

– Özümdə var, – Valeri hörüldədi. Metro ilə axırıncı dəfə üç il əvvəl getmişdi, küçədə də dilənçilərlə, səfillərlə az-az rastlaşırdı. Ola bilsin, bu səbəbdən də belələri onda, hətta qıcıq da yox, xəfif çiyrinmə, isti duş almaq meyli oyadırdı.

Qızcığaz inada düşüb yaxındaca dayanmışdı.

Valeri əlini cibinə saldı ki, bəlkə, bu balaca dilənçi ondakı alışdırıcı görəndən sonra çəkilib gedər öz yoluyla. Amma tərslikdən alışdırıcı tapılmaq bilmədi.

Qızcığaz dərindən nəfəs alıb ovcunun içiylə burnunu sildi.

– Neçəyədi alışdırıcıların? – deyə hörüldədi Valeri. Sədəqə verməmək kimi bir prinsipi vardı, yad uşaqları sevməzdi, amma indi bu qızcığazla pul-əmtəə münasibətlərinə girməyə qərar verdi. Siqaret çəkməyi get-gedə lap bərk istəyirdi: siqaret çıxarıb alışdırıcı tapmayanda belə olur həmişə.

– On... – qızcığaz astadan dilləndi.

– On... – Krılov tərəddüd içində bunu deyib indi də xırda pul üçün cibini eşələməyə başladı. – Şaxtada niyə əyninazik gəzirsən? Soyuqlayıb ölərsən!

Öyüd-nəsihət saxta çıxdı, özü də hiss etdi bunu. Aydın məsələdir, zavallı uşaq keyfindən gəzib alışdırıcı satmır ki.

– Qəşəng kukladır, – qızcığaz qəfil Krılovun əlindəki nesukeni görüb dedi.

– Hə, hə, qəşəngdir... – Krılov birdən nesuke ilə bu dilənçi qızcığaz arasında qəribə oxşarlıq sezərək təəccübləndi. Yeri gəlsə, “Susi satan qızcığaz”ın adını “Çin alışdırıcıları satan qızcığaz” da qoymaq olardı, hərçənd o əyyamda alışdırıcı yox imiş. Amma məsələ bunda da deyildi! Sifətcə çox oxşardılar!

Vəsvəsədən qurtulmaq üçün Krılov, iznsiz-filansız, qızcığazın çiynindən tutaraq üzünü vitrindən düşən işığa sarı çevirdi. Çöməlib oturdu önündə. İrəli uzatdığı əlindəki nesuke ilə qızcığazın sifətini bir də tutuşdurdu.

Nə qəribədir! Elə bil bu olub poza verən!

– İşə bir bax, – Valerini heyrət götürmüşdü, – əsrlər ötür, adamlar dəyişilmirlər... Belə çıxır, yaponlar əvvəl adama oxşayırmışlar?!

– Mənim heç kuklam olmayıb, – qızcığaz o an yazıq-yazıq dilləndi.

Valeri mıqqıldadı, cibindən bir dənə yüzlük çıxarıb alışdırıcıların arasına qoydu:

– Get gir “Uşaq aləmi”nə, balası. Özünə kukla al...

Kukla neçəyə olur ki? Valeri birdən-birə təəccüb içində anladı ki, bundan xəbəri yoxdur. Öz qızı bu səfildən azca böyük olar, otağı doludur oyuncaqla...

Amma bəyəm birdən-ikiyə ona oyuncaq alıb ki? Ya arvadı alıb, ya dayə...

– Götür, “Barbi” alarsan özünə, – Krılov qəti səslə bunu deyib kartonun üstünə beş yüz rubl atdı. Yeni il axşamı yaxşı işlər görmək vacibsə, xırdaçılığın nə yeri var?!

– Mən bunu istəyirəm, – gözlərini nesukedən çəkməyən qızcığaz dirəşdi.

Valeri gülümsünüb başını buladı:

– Yox, balası. Bu kuklanın qiyməti... çox bahadır yəni. Sən özünə bir kukla al, get ananın yanına.

– Bağışlayın ki, bu qədər israr edirəm, – əlindəki kartonu endirən qızcığaz  gözlənilmədən üdüləyib tökdü. Donub kartona yapışmış alışdırıcıların biri də yerə düşmədi heç. – Ancaq hazırkı fövqəladə şərait məni bu əziz gündə sizin səxavət və mərhəmətinizdən mümkün qədər çox bəhrələnməyə vadar edir.

Hələ də yandıra bilmədiyi siqaret Krılovun ağzından düşdü. Tez qalxıb maşınına doğru addımladı.

– Bəlkə, mən münasib gün seçməmişəm? – qızcığaz onun arxasınca soruşdu. – Axı sizdə təqvim dolaşıqdır, Miladı iki dəfə qeyd edirsiniz, ona görə də iki bayramın tən ortasındakı günü seçdim...

– Zırrama, – Krılov bircə kəlmə deyib maşınına sığındı. Motoru işə salandan sonra nesukeni tələm-tələsik dürtdü cibinə. Qızcığazı çəp-çəp süzdü, o da buna baxaraq dodaqaltı nəsə pıçıldayırdı. – Zırramalıqdır, ya da qarabasma. Ancaq burası da var: kimdə?..

Qızcığaz gözdən itmişdi. Var idi – yox olmuşdu.

– Elə məndə, – Krılov bu fikrə gələndə bütün bədəni titrədi. Bu nə bəladır belə? Nəsildə-kökdə başdanxarab olmayıb...

Maşını yavaşca yerindən götürdü.

– Siz tamamilə sağlamsınız, – arxadan eşidildi bu. – Hərçənd...

Krılov hövlnak əyləci basdı. Qanrılıb baxdı.

Qızcığaz arxa oturacaqda əyləşmiş, əlindəki kartonu yenə o cür bərk-bərk tutmuşdu. Məsum uşaq nəzərlərilə baxırdı Krılova.

– Babasilin yüngül halı, təzə baş qaldıran prostatit, öd kisənizdə qatılaşma. Başqa heç nə, – bayaqkı sözlərini təkrarladı qızcığaz, – tamamilə sağlamsınız! Demək, belə, namünasib məqam seçdiyim üçün üzr istəyirəm. Amma mən bu Yeni il axşamı – üstəlik, təqviminiz üzrə iki Miladın düz ortasında – xeyirxah işlər tutmağa son dərəcə meyilli görürəm sizi...

– Sən kimsən axı belə? – Krılov qeyzlə səsləndi. – Maşına necə minmisən?

– Mən balaca bir qızam. Fəzada özüm üçün yerdəyişmə etmişəm. Eşidirsiniz məni?

– Sən niyə belə danışırsan? Balaca qızlar bu cür danışmırlar!

Qızcığaz köks ötürdü:

– Nitqim çətin anlaşılır? Xahiş edirəm, möhkəm olun! Vəziyyət çox sadədir: mən gələcəkdənəm!..

Valeri başını tərpətdi:

– Aha. Mən isə Marsdan...

– Oxşamırsınız, – qızcığaz aman vermədi. – Beləliklə, mən gələcəkdən gəlmişəm, zamanda səyahət edirəm. Dəqiq tarixi bilməyiniz vacib deyil.

Krılovu yüngül bir həvəs bürüdü:

– “Gələcəkdənəm” deyirsən?Fantastika, eləmi? Əlbəttə, inanıram!Burada, bizdə hər tərəf doludur zaman səyahətçiləri ilə. Addım atdınmı – onlarla burun-buruna gəlirsən.

– Bax, düz danışmırsınız, – qızcığaz incik danışdı. – Daha burada zaman səyahətçiləri qalmayıb. Kinayəniz də yersizdir!

– Əgər sən gələcəkdən gəlmisənsə və bu barədə belə rahat danışırsansa, onda niyə zaman səyahətçiləri haqqında kimsənin məlumatı yoxdur? Niyə daha onlara rast gəlmirik?

– Axı sizin dövrünüzə səyahət edən olmur, – qızcığaz onun sözünü ağzında qoydu. – Burada maraqlı nə var? Ekologiya korlanıb, qida keyfiyyətsizdir, insanlar bədxahdırlar, mədəni səviyyə aşağıdır, savaşlar zövqsüzdür... Hamı antik Yunanıstana, Orta Əsrlərə, qədim Çinə və Yaponiyaya üz tutur... Bax oralar gözəldir!

Krılov cavab verməyə söz tapmadı.

– Beləliklə, – qızcığaz sözünün ardını gətirdi, – mən adi bir zaman səyahətçisiyəm. On yaşım var. Bu sizə birtəhər gəlməsin, əqli cəhətdən yetkin insan kimiyəm.

– İnanmıram, – Krılov qətiyyətlə dilləndi.

Qızcığaz yenə havaya qarışıb yoxa çıxdı. Və yan oturacaqda peyda oldu.

– Hipnozdur, – Krılov öz gümanını dilə gətirdi.

Maşın silkələnib yavaş-yavaş göyə yüksəldi.Qarlı küçələr aşağıda qaldı, külək vıyıldadı, Moskva onlardan altda işıqlar sayrışan nəhəng xəritə kimi açılıb-yayıldı.

– Bu da hipnozdur? – qızcığaz maraq xətrinə soruşdu. – Onda çıxın buradan. – Krılov başını buladı.

– Çox yaxşı, – qızcığaz sevincək dedi. Üzünə azacıq qızartı gəlmişdi. – İndi mənə inanırsınızmı? Yoxsa başqa da nəsə lazımdır?

– İnanıram, – pıçıldadı Krılov. – Qız, ay qız... orada, gələcəkdə necədir vəziyyət?

– Söz ola bilməz! – qızcığaz müxtəsər cavab verdi. – Hə, belə, Valeri Pavloviç. Sizdən bir xahişim oldu. Mənə – əsrlərin zülmətində yol azmış qızcığaza Milad hədiyyəsi verəcəksinizmi?

– Nesukeni? – Krılov dəqiqləşdirmək istədi.

– Ihı, – qızcığaz gülümsədi.

Krılov bir neçə saniyə dillənmədi. Sonra isə bağırdı:

– Sən nə çərənləyirsən? Hansı hədiyyədən dəm vurursan? Nesukedən? Heç bilirsən, o mənə necə baha başa gəlib? Pullar cəhənnəmə... Elə bilirsən, Moskva doludur bu cür nadir nesukelərlə? Mən bu gün onu bir heykəltəraşa hədiyyə etməliyəm! Əvəzində, bəlkə, o da mənim zavodumdan bürünc alar! Beləcə, işlərim yoluna düşər! Alınmasa, vəssalam, başımı götürüb gedəm gərək.

– Bu nesuke mənə çox lazımdır! – qızcığaz nazik səslə çımxırdı. – Verin onu mənə!

– Əvəzində başqasını gətir, – Krılov çözüm təklif etdi. – Yaponiyaya fitilləmək səndən ötrü çətin deyil, düzdür? İki yüz il əvvəlin nesukesini alıb gətirirsən Moskvaya, verirsən onu mənə... Sənə nə oldu?

Qızcığaz astadan hönkürüb ağlayır, göz yaşlarını kirli ovcuyla silirdi. Maşın təhlükəli tərzdə silkələnməyə başladı.

– Ey, özünü ələ al sən! – Krılov təşvişə düşüb qışıqırdı. –Al, sil getsin... – deyərək qızcığaza təmiz burun dəsmalı uzatdı. – Mənim nesukem sənin nəyinə gərəkdir? Axı sən o cür xarüqələrə qadirsən!

– O... heç də sizin deyil... – göz yaşları içində mızıldandı qızcığaz. – Onu mənim atam yonub – sümükdən.

Müdriklər necə deyib: qadın ağlamayınca haqlı çıxmaz. Bu qayda balaca qızlara da aid imiş. Krılov xəcalət hissi keçirirdi.

– Mənim deyilmiş... Ondan ötrü pul xərcləmişəm mən, – deyə təpindi qızcığaza. – Qulaq as, sən ki əsl möcüzələr yaradırsan, bəs nə yapışmısan məndən? Özün üçün nesuke oğurlayarsan, ya haradansa götürərsən, məsələ bitər...

– Bacarmaram! – qızcığaz incik tərzdə çımxırdı. – İş də elə bundadır!

Dolaşıq izahatdan Valeri bunu anladı ki, zaman səyahətçilərinin hamısına xarakteri kəskin dəyişən xüsusi iynələr vurulur. Həmin iynədən sonra səyahətçilər özlərinin geridə qalan əcdadlarını öldürə, qarət edə, yaxud başqa hansısa formada incidə bilmirlər. Yalnız özünümüdafiə cəhdi istisnadır...

– Bax əgər siz məni vursanız, yaxud dişləsəniz... – qızcığazın bu mızıldanmasında bir ümid sezildi.

– Bah! – Krılov hirsləndi. – Sən məni kiminlə qarışdırırsan? Mənim səni vurmaq niyyətim yoxdur, dişləməyimdən isə heç söhbət gedə bilməz!

– Heyif, – qızcığaz köks ötürdü. – Elə olsa, mən nesukeni sizin o duyğusuz əllərinizdən qoparıb ala bilərdim...

Qəribə də olsa, bu açıq etiraf Valerini sakitləşdirdi.

– Ay qız, axı niyə məhz bu nesukeni istəyirsən? – deyə soruşdu. Siqaret çıxardıb götürdüyü Çin alışdırıcısı ilə yandırdı. – Nə yapışmısan yaxamdan?

Qızcığaz başladı danışmağa. Demə, bir vaxt atası ilə on səkkizinci əsr İngiltərəsinə Milad tətili üçün gediblərmiş. Amma atası İngiltərədə darıxır və üz tutur on səkkizinci əsr Yaponiyasına. Vədə ötüb keçsə də, Yaponiyadan geri dönmür. Qızcığaz anlayır ki, atasının başına bir iş gəlib. Yəqin, zaman maşını xarab olub, belə hallar olur arada.

– Bəs xilasedicilər yoxdur sizdə? – Krılov təəccüblənmişdi.

– Yox. Zamanda səyahətin bütün ağırlığı, cəfası hər kəsin öz öhdəsinə düşür, – qızcığaz bu cür açıqladı. – Azıb-itənləri xilas etmək zamanda ziddiyyət yarada bilər!

Atası geri dönmədikdə qızcığaz özü evə qayıda bilərmiş. Amma çox istəyirmiş ki, atasını xilas etsin. Fikrindən keçib ki, görəsən, atası orada nə ilə dolanacaq? Qarət qətl yolverilməzdir, oranın elmlərinə yiyələnmək də onun kimi. Bax onda qızcığazın ağlına gəlir ki, axı atasının sümükdən oyma fiqurlar düzəltməyə həvəsi vardı. Deməli, nesukelər düzəldəcəkdi. Harada olduğu bilinsin deyə də hər nesukedə anaxronizmə yol verəcək, yəni mövcud zamana uyğun gəlməyən bir işarə qoyacaqdı. Zəkalı qızcığaz o cür nesukeleri axtarmağa başlayıb və axırda bir dənəsini tapıb: həmin bunu – Krılovun aldığını.

– Anladım! – Valeri bərkdən dilləndi. – Amma bu, “Susi satan” deyil, “Çin alışdırıcıları satan qızcığaz”dır!

– Yox, bunlar alışdırıcı deyil,– qəti etiraz etdi qızcığaz. – Bu... sizdə heç o cür söz yoxdur. Bunlar kiçicik şeylərdir, başqa... daha böyük... hələ bu söz də yoxdur... Daha böyüklərini düzəltmək üçündür bunlar.

Krılov nesukeni cibindən çıxartdı. Şübhəli nəzərlərlə gözdən keçirib dedi:

– Hə, nə olsun? Tutalım, bunu sənin atan düzəldib. Öz yerini bildirib ki, kömək gəlsin, eləmi? İndi get atanı xilas elə də. Başqa nə lazımdır axı sənə?

– Nesuke! Onu zaman maşınındakı xüsusi qutuya qoymalıyam! – səsini qaldırdı qızcığaz. – Onda zaman maşını bu nesukenin oyulub düzəldildiyi yerə yönələcək, mən də atamı xilas edəcəyəm!

– Bəs nesuke? – Krılov cavabı təxmin etsə də, yenə dəqiqləşdirmək istədi.

– Atomlara parçalanacaq.

– Uyğun gələn başqa nesukelər yoxdur? – deyə soruşdu Krılov.

– Başa düşün, axı başqaları ola bilməz! Olarsa, demək, mən atamı xilas edə bilməmişəm! Deməli, o, ömrü boyu qədim Yaponiyada qalıb!

– İşə düşdük, – Krılov köks ötürdü.

Qızcığaz da köks ötürüb qətiyyətlə dedi:

– Ya siz bu nesukeni mənə verirsiniz, gedib atamı qurtarıram, ya da xəsislik edirsiniz, atam həlak olur.

– Ay qızım, axı mən də müflis olmaq üzrəyəm, – Krılov açıq danışdı. – Yox, sənin atana ürəyim yanır mənim... Sən özün də cəsur qızsan...

Zaman səyahətçisi yenə sızıldadı.

– Barı pullarımı qaytar! – Krılov yalvarış tərzinə keçdi. – Ya da başqa bir nesuke ver mənə!

– Pul nə gəzir məndə, – qızcığazı ağlamaq tutdu. – Sizə veriləsi bir şeyim də yoxdur. Heç lotereyada hansı biletin tutacağını da deyə bilmərəm.

– Qadağandır? – Krılov anlayışlı tövrlə soruşdu.

– Qədim dövr lotereyalarına heç vaxt marağımız olmayıb... – deyə açıqladı qızcığaz.

Krılov susurdu.Eh, o cür planı vardı!Hədiyyə verəcəyi nadir nesuke... dostyana söhbət... sərfəli razılaşma... böyük qazanc...

– Get, xilas elə atanı, – deyərək qədim yapon brelokunu qızcığaza uzatdı. – Ancaq əvvəlcə maşınımı yerə endir!

Qızcığazın çöhrəsi parladı:

– Sağ olun! Var olun! Mən bilirdim ki, iki Milad arasındakı bayram axşamında insanlar mehribanlaşırlar və gerçək möcüzələr baş verir!

Krılovun yanağına yöndəmsiz bir öpüş qondurub qeybə çəkildi.

Maşın, əvvəlki kimi, əntiq əşyalar salonunun yanında dayanmışdı. Amma ayaqaltıya birdəfəlik alışdırıclar səpələnmişdi.

– Gerçək möcüzələrmiş... – Krılov təəssüflə söyləndi. – Baxır kimdən ötrü.

Onun bütün planları puça çıxmışdı. Hamısı da sırtıq bir qızcığazın və onun səfeh atasının ucbatından... Turistlərimə bax mənim! Buralı deyillərmiş, maşın xarab olubmuş...

Maşınını işə salıb, niyəsini heç özü də bilmədən, çarəsiz halda gecə klubuna sürdü..

İndi necə olsun, məşhur heykəltəraşla bu Yeni il axşamı elə-belə, hədiyyəsiz-filansız münasibət qurmağa cəhd etsin? Havayı söhbətdir. Ancaq hər halda, cəhd etmək lazım gələcək...

Krılov duracaqda yer seçib maşını saxlamışdı artıq, o an arxa oturacaqdan xəfif bir öskürək eşitdi.

– Yenə? – hövlnak səslənib geri qanrıldı.

Maşında daha iki nəfər vardı: bu dəfə əynində tünd-sarı don, qırmızı ipək atmalıq olan həmin qızcığaz və qara dar şalvar, ala-bula gençiyin arxalıq geyinmiş bir kişi.

– Yaraşıqlıdırmı mənim kazamim (“kazami” – yapon mifik-fantastik, mədəniyyətin xüsusən animasiya filmlərində məşhur qəhrəman obrazıdır – tərc)? – qızcığaz sevincək qışqırdı.

Kişi isə qızına tərs-tərs baxıb dilləndi:

– Sağ olun, Valeri-san (“san” – yaponlarda ehtiram ifadə edən xitab kəlməsidir – tərc.).Mənim xilasım üçün böyük fədakarlıq göstərmisiniz...Domo ariqato qodzaimas (yaponca ənənəvi təşəkkür ifadəsidir, təxminən “Sizə qəlbən minnətdaram” anlamı verir – tərc.)

– Yaxşı, bəsdirin... elə bir şey deyil... – utandı Krılov. – Bayramdır, hər halda...

– Biz geriyə – gələcəyə qayıtmalıyıq, – dedi kişi. – Ancaq sizə təşəkkürümü bildirmədən olmazdı. Bu kiçik hədiyyəmizi qəbul edin, Valeri-san! Mən bu nesukeni çox nüfuzlu bir məmur üçün oyub düzəltmişdim, amma qat-qat artıq sevinclə sizə təqdim edirəm!

Krılov kiçicik fiquru ondan alan kimi kişi ilə qızcığaz baş əyib qeyb oldular. Bu dəfə, deyəsən, həmişəlik.

– Necə yəni... – Krılov nesukeni süzə-süzə pıçıldadı. – Necə yəni... qurtuldum yoxsa?

Bu nesuke, görünür, müəllifin öz təsviri idi: yapon qiyafəli hündür və arıq bir kişi. Ancaq əlində pivə şüşəsi vardı!

– Anaxronizmdir... – Krılov söyləndi. – "Pivə şüşəsi tutmuş kişi”...Mən bunu nə üzlə hədiyyə edəcəm?

Məyus-məyus güldü. Möcüzə... bayram... Yaxşılıq edirsənsə, əvəzini umma!

Hərçənd...

Krılov nesukeni bir də diqqətlə gözdən keçirdi.

O “qızcığaz”a nəsə anlaşılmaz bir ad qoymuşdular axı – "Susi satan qızcığaz”...

Əsas məsələ vaxtında düzgün bir ad qoymaqdır. Onda adam özü əşya ilə təqdimat arasında bir uyğunluq tapacaq! Moskvalı monumentalist-heykəltəraş da öz işində belə hallarla tez-tez üzləşmiş olar!

– Həvəngdəstəli kişi... – Krılov bu adın səslənişini yoxladı. – Yox. Yaxşısı budur – “Həvəngdəstəli kimyagər!” Naməlum sənətkarın əl işi...

Maşınından düşdü – nesuke də əlində.

Hər şey yaxşı olmalıydı.

Belə bir axşamda hamının ürəyi yumşalır!

-----

*Gürcüəsilli məşhur heykəltəraş Zurab Seretelinin ad və soyadının baş hərfləri hekayədə zarafatyana əvəzlənib.

 

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)