GÜNEY AZƏRBAYCAN NƏSRİ ANTOLOGİYASInda Ruqiyyə Kəbirinin “Ləkə” hekayəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Nəsri Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Ruqiyyə Kəbirinin hekayəsini təqdim edir. 

 

Ruqiyyə Kəbiri

Ruqiyyə Kəbiri 1962-ci ildə Xoy şəhərində dünyaya gəlib, Təbriz universitetinin feldşer fakültəsi, laborator elmlər bölümündə təhsil alıbdır. 2013-cü ildə elm və tibb idarəsindən təqaüd olubdur.

Onun, "Ürəyim ağrıyır" (Hekayələr), "Bu qapı heç çalınmayacaq" (Hekayələr) Evim" (Roman), "Online yazılar" (Uzun hekayə), "Yerdən uca torpaq" (Roman), "Dünya qabar çalıb yoldaş" (Hekayələr), "Saçaqdan asılmış əjdaha" (Çin səfərindən yazılar), "Quşlar daha qorxmurlar" (Roman), "Özbəkistan səfərnaməsi", "Mürr ağacının kəhrəba gözləri" (Roman), "Aclıq baratası" (Roman), "Endim bulaq başına" (Yaylaq səfərindən), "Aqurada yandırın məni" (Hekayələr), "Hər qulağımda bir qızıl alma" (Hekayələr), "Düşərgə" (Roman) kimi nəsr kitabları və müxtəlif şeir kitabları ilə uşaq kitabları çap olunubdur.

 

LƏKƏ

 

Əllərimizdə polis qalxanı, başımızda hərbi dəbilqə, qoruyucu boyunluq, gövdə zirehi, diz qoruyucusu və bellərimizdən sallanan batomlarımızla iqtidarlı robot ləşkəri kimi xiyabanın ortasında səf çəkib komandırın əmrini gözləyirik. Yumuruqlarını bizə sarı tutub, ağızlarını göyə açıb, bağırıb, şüar verən cəmiyyət isə qarşımızda dayanıb.

Cəmiyyətə baxırkən dəbilqənin üz qoruyucu təlqinin üzərində nöqtə boyda bir qırmızı ləkə gözümə sataşıb, fikrimi qarışdırır. Özümü görməzliyə vursam da, nöqtə gözümə soxulur. Çox yüksək səviyyədə hazırlıq əmri aldığımız üçün diqqətim pozulmamalıdır. Amma o qırmızı nöqtə leyzer ışığı kimi beynimin içinə nüfuz edir. Əlcəkli barmağım ilə nöqtəni silməyə çalışıram. Silinmir. Zehnimi nöqtədən yayındırım deyə qarşımızdakı şüar verən cəmiyyətin yumuruqlarına diqqət verirəm. Hər adamın ürəyi yumuruğu boydadır deyirlər. Yumuruqları sayıram. Bir, iki, on, on beş, yüz, iki yüz... Bu qədər yumuruğu saymaq mümkün deyil. Göz qabağında görünən yumuruqların boy-buxununa baxıb ürəklərin əndazasını öz yanımda təxmin vururam. İncə yumuruqlar, incə ürəklər, kobud yumuruqlar, kobud ürəklər...

Öz əllərim ilə həmqatarlarımın əllərinə baxıram, hamımız əllərimizi qara əlcəklərin içində qorumağa çalışsaq da, ürəklərimizi iki qat qorumağa çalışırıq. Biz ürəklərimizi gövdə zirehi ilə polis qalxanı arxasında gizli tutmuşuq.

Əlcəksiz yumuruqlar, əlcəkli yumuruqlar, rəngbərəng yumuruqlar havada oynayır... Yaşıl yumuruqlar, qara yumuruqlar, sarı yumuruqlar, qəhvəyi yumuruqlar, bənövşəyi yumuruqlar, mavi yumuruqlar və bir qırmızı yumuruq...

Təlq arxasından qırmızı yumuruğa baxıram. Hərbi dəbilqənin təlqi arxasından baxmaq, pəncərədən baxmaq kimi deyil, pəncərə insan vücudundan ayrı olduğuna görə, baxıb qırağa çəkilib, görüntülərin təsirindən qaçmaq ola bilər, amma hərbi dəbilqə başa qoyulduğu an, baş sahibi ilə birləşib, baş sahibinə iqtidar bağışlayıb onu güclü və əlçatılmaz göstərir.

Təlq üzərindən beynimə sızan qırmızı nöqtəyə fikir verməyim deyə qarşımızda qımıldayan cəmiyyətə baxırkən öz-özümə düşünürəm: “görəsən vücudumuza geydiyimiz bu qoruyucu əbzarlar güclüdür, yoxsa havada oynayan bu yumuruqlar və yumuruq boyda ürəklər?!”

Qırmızı yumuruq beynimə mıxlanıb, gözümü ondan ayırmağa qadir deyiləm. Cəmiyyət şüar verib, bağırırkən bizə sarı hücum gətirir. Qırmızı yumuruğun hərəkətini gözümlə dolandırıram. Baxdıqca qırmızı nöqtənin şüası təlq üzərində genişlənir. Daha dözə bilməyib, dəbilqənin təlqini yuxarı çəkirəm. Qırmızı yumuruq ilə aramdakı ləkəli pəncərə yoxa çıxıb, hər şey göz önümdə aydınlaşır. Mən o qırmızı yumuruğu tanıyıram. O yumuruq mənim ürəyimdir, mənim döşümün altında döyünür. Mən o qırmızı yumuruğun kimə aid olduğunu başa düşüncə yumuruğumu sıxıram, ürəyim ovcumda döyünür.

Yumuruqların sayısı çoxalıb, səslər isə get-gedə itiləşsə də, mən hövüşnə ilə yalnız o qırmızı yumuruğu gözümlə təqib edirəm. Bizim əbzarlarımızın gücü qarşımızdakı cəmiyyətin canına qorxu salan kimi birlikdə bağıran səslər ilə yumuruqlar, özəlliklə o qırmızı yumuruq da mənim canıma xof salır.

Komandır dəbilqəmin təlqinə işarə edir. “komandırın əmri, dəmiri kəsər” sözü, mənim və həmqatarlarımın qulağına sırğa kimi asılıb. Ən yaxşı polis, əmrlərə itaət edən polisdir. Mən və həmqatarlarım üzümüzü də ürəklərimiz kimi qorumalıyıq. Təlqi üzümə salıram. Qırmızı yumuruq ilə mənim aramdakı aydınlıq kaslaşır. Hövüşnəm get-gedə artır.

Komandır hücum əmri verir. Daha bizim yumuruqlarımız ürəklərimiz boyda deyil. Həmqatarlarımın batomları havaya qalxıb-enir. Mən isə yalnız o qırmızı yumuruğa sarı qaçıram. Onu qorumalyam. Cəmiyyətin səsi ilə güllə səsi bir-birinə qarışır. Cəmiyyət güclərini ayaqlarına verib qaçırlar. Qırmızı yumuruq isə gözümdən itir. O qırmızını mən onun barmaqlarına taxmışam. Mən o barmaqların birinə halqa salmışam. Mən o barmaqları dəfələrcə birbəbir öpmüşəm, mən o qırmızı yumuruğu, o qırmızı ürəyi batomlardan qorumalıyam. Qarşımızdan qaçan cəmiyyətin arasında yalnız bir qırmızı nöqtə axtarıram. Bir an yenə qırmızı nöqtə mıx kimi gözümə batıb sonra nöqtənin nəzmi pozulub, dəbilqənin təlqi üzərinə qırmızı cövhər səpilir deyəsən.

Cəmiyyəti itələyib, asfalt üzərə düşən qırmızı əlcəkli qızı bağrıma basıb, onu hərbi polis qarşısından qaçan cəmiyyətin ayaqlarından və həmqatarlarımdan qorumağa çalışıram. Qırmızı nöqtələr yalnız asfaltı ləkələmir. Mənim qara əlcəklərim, ürəyimi arxasında gizlətdiyim gövdə zirehim də, diz qoruyucum da ləkələnib. Get-gedə ləkənin şüası asfalt üzərə böyüyür...

 

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)