“Qurunun nə xəbəri var- Yaşı da aldadır səni” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı dünən sizə yola saldığımız payız barədə gözəl lirik peyzaj yaratmış Təranə Dəmirin iki şeirini təqdim etmişdi. Bu günsə şairin insan duyğularından yaratdığı daha iki şeir-portretini təqdim edirik. 

 

 

ALDADIR SƏNİ

 

Bu dünyanın sonu bəlli, 

Başı da aldadır səni.

Çiçəyi də, çəməni də,

Daşı da aldadır səni.

 

Özündən baş açmır özü,

Hər yan savaş, hər yan hüzün,

Başına dəysin dolusu , 

Boşu da aldadır səni.

 

Gələri var, gedəri var,

Ziyanı var, xətəri var, 

Qurunun nə xəbəri var-

Yaşı da aldadır səni.

 

Nəfəsi də borc, sələmdi,

Alıb vermək dərd, ələmdi, 

Baharı ayrı aləmdi,

Qışı da aldadır səni.

 

 

QOCA

 

Yol-yol, küçə- küçə sürünən qoca,

Əlin ətəyindən uzun, gedirsən.

Bəlkə neçə-neçə günahlarından,

Bəlkə savabından küsüb gedirsən.

 

Ləpirin yollardan utanır, bəlkə

Yollar da utanır izindən sənin.

Elə töyşüyürsən, sanki bu dünya 

Asılıb  bu yorğun dizindən sənin.

 

Köhnə papağın da başından  düşür,

Papaq da yekədi başından,  qoca.

Göy üzü qapısın açıb haçandı,

Səni kim alacaq qışından, qoca

 

Bu şəhər, bu küçə, bu it, bu pişik

Topal yerişindən tanıyır səni.

Bəlkə də yanından keçən cavanlar

Qəlbində o ki var qınayır səni.

 

Sökük çəkmələrin yorub yolları,

Bezibdi bu şəhər, bu küçə səndən.

Bu daşlar, divarlar, evlər, ağaclar

Şəkil çəkdirirlər gizlicə sənnən.

 

Daha arzular da yorğun düşüblər,

Əlindən tutmağa gücü qalmayıb.

Şəhərin başına dolanıb ömrün, 

Daha aldanmağa küçə qalmayıb.

 

Özün də bilmirsən nə istəyirsən,

Hayana sürüyür ürəyin səni?

Sağından, solundan gözəllər keçir,

Vurur saçlarının küləyi səni.

 

Şəhərin səs-küylü küçələrində 

Küləklə, yağışla sevişən qoca.

Çəlik ayaqların sözünə baxmır,

Alçaqda, çökəkdə sürüşən qoca.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)