“Qırmızı ləkə” - ESSE Featured

Rate this item
(4 votes)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Onu ən son görəndə gülərkən yanağında əmələ gələn qəmzələrin yerində qırmızı ləkələr var idi. Qəbul edirəm , onun yanaqları və burnu qızarsa belə bir "kloun" qədər əyləncə vəd edən siması yox idi. Amma mənə bu ləkələr çox maraqlı təsir bağışlamışdı. Axı buna nə səbəb ola bilərdi?Nə də olsa, onu sevgi sözcükləri ilə utandıran hündürboy, yaraşıqlı, könlünü xoş tutan bir qəhrəmanı yox idi, elə çox bəzək-düzək bacaran birinə də bənzəmirdi. O an tez baxışlarım əllərinə yönəldi, düşündüm ki, bəlkə onun da ailəsi bütün işlərini həll etdikdən sonra evdə çörək olmadığını xatırlayanlar topluluğuna daxildir və bu yaramaz da həmin çörəyin ən azı yarısını yeyərək evə çatmağa tələsir. Ya da kiminsə ağır şilləsinə tuş gəlib, yoxsa üzü niyə bu qədər qızarsın ki?

Bir az sonra ağlıma gəldi ki, bəlkə də səbəbi onda deyil başqa mövqelərdə axtarmalıyam. Başımı qaldırıb ətrafa baxdığım zaman onun bu aləmdə tək olmadığını gördüm. Onlarla onun kimilər küçələrdə qırmızının ağır tonlarına qarşı mübarizə aparırdılar. Bu mənzərə insana saraya sərilən xalça mənzərəsini xatırladırdı. Sonra gördüyüm ləkələrin onların hər birinin üzü ilə yanaşı bütün vücudlarını əhatə etdiyinin fərqinə vardım. Bu dəmdə sıxlıqdan asimana doğru titrək bir əl uzandı, cəld davranıb tutmağa çalışsam da, bir göz qırpımında geri çəkildi.

Sonra bir uşaq oyuncağının qırmızı axıntıya qarşı mübarizə apardığını gördüm, onu xilas etdiyim zaman sağ qolu yox idi. Gözlərim əlində oyuncağının qolunu bərk-bərk sıxan körpəyə sataşdı, anası da onun əllərini bərk- bərk sıxırdı. Səssiz bir insan sürüsü, bütün səssizlikləri ilə girdikləri ağır bir mübarizə...

Oradan ayrılmaq məcburiyyətində olduğumu bilirdim, amma son bir şeyi umutmuşdum. Axı bu çarəsizlik içində  oyuncağı öz qolu ilə qovuşdurmaq tək çarə idi. Axı hər ayrılıq bu qədər gözəl sonla bitmir.... 

“Keçmişimiz və tariximiz unudulmur. Sonu gözəl olmayan bütün hekayələrə ...”

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)