“Gedən qayltmaz” - ESSE Featured

Rate this item
(1 Vote)

 

Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”

 

 

Payız idi. Yenə küləyi özüylə gətirmişdi.

Külək, niyə belə əsirsən, külək,

Niyə ümidimi kəsirsən, külək?!

Külək onu məndən aldı, özünə yoldaş edib əsməyə başladı. O isə heç müqavimət göstərmədən dönüb dedi:

-Artıq mən küləyəm, məni sınama. Mən özgəyəm, məni saxlama.

Axı doğmalaşmışdıq. Necə oldu ki, özgə olduq?

Mən qışqırdım:

 -Külək, məni yaralama. Onu məndən aralama.

Mənə sarı boylanan olmadı.

 

Ara-sıra mənə deyərdi: "Külək olsam, saçlarını daramağa qoyarsanmı?" 

Ancaq indi nəinki saçlarım, ən ağrılı orası idi ki, xəyallarım da pərişan olmuşdu.

Külək ümidimi kəsə bilmədi. Onların dalınca  qaçmağa başladım.

Ardınca o qədər yüyürdüm ki,

Qayıdıb özümə çata bilmədim.

 

Günlər keçdi. Otağımda oturmuşdum. Pəncərəni azacıq açıq saxlamışdım. Öz-özümə oxuyurdum:

-Pəncərəmin pərdəsini havalandıran rüzgar,

dənizləri köpük-köpük dalğalandıran rüzgar.

 Uzaqlardan səs gəldi:

 -Əs, əs, dəli küləyim, ol, mənim köməyim. De, ona sevgimi yenə necə söyləyim?

Bu səs mənə çox tanış idi. Az keçmədi ki, pəncərəm taybatay açıldı. Ah! Hansı üzlə otağıma daxil olmuşdu? Dili topuq çala-çala dedi:

-Bağışla, bağışla, məni bağışla.

Mənsə cavabında…

Mənsə cavabında söylədim ki:

 -Payızdan qayıtmaq olmaz bahara,

 sən mənim deyilsən, mənim deyilsən...

Gedən qayıtmaz. Qayıdışı da yersiz olar…

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)