Gəl, mənə gecələrdən danış-SEVGİ MƏKTUBLARI Featured

Rate this item
(5 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Son zamanlar sözlərimin mənası yoxmuş kimi hiss edirəm bir az. Səbəbini sorğulayarkən daldım xəyallara, xatirələrə. Keçmişdən gələcəyə xəyallardan, ümidlərdən qurulan bir körpü düşün. Bir tərəfində sağda sən, solda mən. Və digər tərəfində isə gələcəklə bağlı qurduğumuz xəyallar və o xəyallarda yaşatdığımız qızımız. Sonra o körpünün bir ucunu buraxan sən, düşün.

Çıxıram o boş xəyalların zindanından artıq. Xəzan qoxusu var burnumda, gedişindən bəri unutmuşam yağışdan sonra gələn torpaq qoxusuna bənzər ətrini. Amma hələ də dinlədiyim mahnılar ilk səni xatırladır mənə. 

Ali Ashikarın da dediyi kimi, əvvəlkitək doğma deyiləm sənə. Hətta keçmişdən daha yadam son zamanlar. Yad etmək... Nə qəribədir. Bir zamanlar birlikdə gələcəyi xəyal etdiyin insanı indi tək yad etmək... Əvvəlkitək gözəl, saf deyil heç nə. Ətrafa baxıram, sevgilər boş, sevgilər yox... Mən yoluna qoya bilmirəm heç nəyi o tarixdən bəri. Dəqiqəsi dəqiqəsinə yadımdadır hər an, hər saniyə. Hər söz, hər cümlə. Yenə gecə saatları idi. Yenə həsrət qoxurdu hava. Yenə ağlayırdı göyüzü. Yağış yağırdı. Sanki buludlar sənə səslənirdi. "Demə. Bitirmə, getmə!" Deyə. Amma olmadı, nə dünya bacardı sənin sözlərinin qarşısında durmağı, nə mən bacardım eşitdiklərimin önündə gözyaşlarımı saxlamağı. 

Dayan! Mənə gecələrdən danış. Unutmaq istəyirəm bu pis anları, xatirələri. Xəyalını qurduğumuz qızımızdan, onun saçlarını necə hörəcəyindən danış. Mən də sənə isti kofenə neçə qaşıq şəkər atmağımı istədiyini soruşum. Xəyal olaraq qalacağını bilə bilə danışaq gələcəkdən. 

Sonra yenə dönək o körpüyə. Bütün qırıq taxtaları təmir edək əl birliyi ilə. İplərini bərkidək. Yıxılmasın xəyallarımız. Düşməsin uçurum aşağı...

Bizə yaraşmayan şeylər var, sevgilim. Ayrılıq kimi, həsrət kimi. Araya girən məsafələr kimi. Ulduzlar kimi. Ulduzları sevmirəm əvvəlkitək. Onlar ayırdı əllərini əllərimdən. Bir gecə yarısı, səssiz-sədasız, ayırdı əllərinin soyuqluğunu əllərimin istisindən.  Bəlkə də elə "günahkar ulduzlar"dır. Bəlkə də mənəm. 

Sən demiş kimi də varam, gəl, mənə gecələrdən danış. Mən yenə yazım əvvəlkitək.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)