“Cümə günü Əbülfəzqızının 10 sualı ilə”də könül şairi Musa Ələkbərlidir Featured

Rate this item
(4 votes)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının möhtəşəm şair qonağı öz yaradıcılığı ilə ruhların qidasına çevrilən, zərifliyindən, gözəlliyindən doyulmayan, könüllərdə silinməyən iz salan şeirlərə sahib Musa Ələkbərlidir. Musa bəyin bir çox kitabları:  "Məndən şeir istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", “Sevgi bulağı", "Aydanım ay işığı", "Gözümdə ağlayan bulud", "Dünya sevgidən  doğulub", " Tanrı mənə söyləməsə yazmaram", "Gəlir Türkün səadəti", "Ürəyimin qapısından keçənlər", "Sən elə bir sevdasan ki..." oxucular tərəfindən sevinclə qarşılanmışdır.

 

Xoş gördük, dəyərli Musa bəy. Sizin yaradıcılığınız o qədər zəngindir ki, suallarımın sayı 40 gün, 40 gecə bitməz.

Amma rubrikamızın şərtlərinə görə 10 "gözləri yolda qalan" sualımı görüşünüzə çağırıram.

 

1)Dəyərli Musa bəy, unudulmaz yaradıcımız İ.Tapdığın “Gözlər"kitabındakı şeirlərindən bir az da olsa, yadınızda qalan varmı? Bilirəm ki, o kitabla ilk tanışlığınız zamanı yaşınız az idi. Amma o kitabı böyük həvəslə oxumuşdunuz. 

 

-Ülviyyə xanım, öncə sizə və çox dəyərli saytınızın əməkdaşlarına, o cümlədən saytın rəhbəri, sevimli yazıçımız Varis bəyə məni yada saldığınız üçün minnətdarlığımı bildirir və ürəkdən təşəkkür edirəm. Tanışlıq üçün deyim ki, mən 1950-ci ilin bir yaz günü Gədəbəy rayonunun səfalı bir guşəsində, doğma Ataxal kəndində dünyaya göz açmışam. Atam Məlik müəllim duyğusal bir insan idi. Şirin qoşmaların, dadlı-duzlu gəraylıların müəllifi idi. Obamızın xeyirində-şərində baş verən olaylara yazdığı şeirlərlə münasibət bildirər, soydaşlarının rəğbətini qazanardı. Mən orta məktəbə getdiyim ilk günlərdən həm bir şair, həm də xeyirxah insan, qayğıkeş, təcrübəli müəllim olan atamın nüfuzunu, kölgəsini üzərimdə hiss edib, bundan hədsiz qürurlanır, onunla sözün həqiqi mənasında fəxr edirdim. Təhsildə və rəftarda, ətrafımdakılara münasibətdə “Məlik müəllimin oğlu” ifadəsinin qiymətini, urvatını qorumağa çalışırdım. Atam yaxşı saz çalar, saz havaları üstündə qoşma və gəraylılarını dilə gətirərdi. Yaxşı avazı, məlahətli səsi vardı. O səslə, o havalarla o məni şeirə, sözə kökləyirmiş sən demə. İlk laylamı çalırmış. Mənim şeirdə ilk müəllimim rəhmətlik atam olub. Olduqca təvazökar bir insan idi. Bəlkə də, poeziyamızı çox dərindən bildiyi üçün yazdıqlarını heç zaman dərc etdirmədi (buna mən bu gün də təəssüf edirəm). Əlimə qələm götürüb şeir yazdığım ilk günlərdə:  

 

Yatmışdım yuxudan məni oyatdı 

Atamın qoşması, atamın sazı. 

Gör hansı məqamda dadıma çatdı, 

Atamın qoşması, atamın sazı. 

 

-deyəcəkdim və Bakıda tələbə olarkən “Atamın məktubu” adlı bir şeir də yazacaqdım. O şeirin son bəndi beləydi: 

 

...Qəlbimi titrədən ayrı həvəsdi, 

Sənsən bu həyatda qanadım, qolum. 

“Filankəsin oğlu” olduğun bəsdi 

Qoy mən “filankəsin atası” olum. 

 

Doğrudur, mən onun arzularını yetərincə doğrulda bilmədim. O məni həm də bir alim kimi görmək istəyirdi. Ancaq ona həsr etdiyim başqa bir şeirimi əzbərləmişdi. O şeirdə belə bir sətirlər vardı: 

 

Təzə pərvazlanan körpə bir quşam, 

Sənin arzun idim gəldim həyata. 

Nə yaxşı mən sənin oğlun olmuşam, 

Nə yaxşı sən mənim atamsan, ata! 

 

Verdiyiniz sualdan uzaqlaşmağımı zənn etməyin. Sevimli şairimiz İlyas Tapdığın ilk kitabının bizim evə gəlib çıxması təsadüfi deyilmiş. O zamanın gənc şairi, bizim qonşu kənddən olan İlyas Tapdıqla atam tanış imiş. Əmimoğlu Qüdrətin onun “Gözlər” kitabını alıb kəndə - bizə gətirməyi də təsadüfi deyilmiş. Sən demə, atamın xahişi ilə o kitab bizə göndərilibmiş. Onda mənim on-on bir yaşım vardı. Hələ şeir yazmasam da, şairlərimizi oxuyurdum, yaxşı şeirdən baş çıxara bilirdim. Dağlar oğlu İlyas Tapdığın Gədəbəyin bulaqları kimi dumduru məhəbbət şeirləri də elə bu səbəbdən məni ovsunlamışdı. O şeirlərdən indi də yadımdan çıxmayan sətirlər var: 

 

Nə deyim, nə deyim sevdiyim qıza, 

Yazdığım məktubu cırıb deyirlər.  

Çatdırın fikrimi o insafsıza, 

Günahsız qəlbimi qırıb deyirlər. 

 

Etiraf etməyi borc bilirəm ki, “Gözlər” kitabından aldığım poetik enerji bu hadisədən cəmi 3-4 il sonra ilk şeirimi yazmağa, ürəklənib əlimə qələm götürməyimə vəsilə oldu. Ancaq ümumən məni poeziyaya bağlayan, bu poeziyanın dəlisinə, vurğununa çevirən İlk Xalq Şairimiz böyük Səməd Vurğunun poeziyası olub.  

Mən Bakıya gəldim. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Atamın və əmim kimyaçı alim Rafiq Ələkbərovun tapşırığı ilə İlyas Tapdığın yanına getdim, onunla tanış oldum. Vaxtaşırı yazdığım  yeni şeirlərimi ona oxuyur, fikrini bilmək istəyirdim. Onda o, sonralar mən işə düzələcəyim “Gənclik” nəşriyyatında şöbə müdiri işləyirdi. Mənim onunla ilk tanışlığım sonralar ən yaxın ünsiyyətə, ailəvi dostluğa çevrildi. Allah rəhmət eləsin, gözəl insan, yaxşı şair idi. Yüzlərlə gənc yaradıcının əlindən tutmuş, köməyini qayğısını əsirgəməmişdi. Mən onun ölümünə həsr etdiyim şeirin bir bəndini örnək gətirirəm: 

 

...Şeirin ustadıydı cavan çağından, 

Çoxuna köz qıydı öz ocağından, 

Vaqif zirvəsindən, Vurğun dağından, 

İlyas Tapdıq adlı bir qaya uçdu. 

 

İlyas Tapdığa “Xalq şairi” fəxri adı verilməsə də, o xalqın şairi idi. Özü də kifayət qədər sevilən şairi idi. 

 

2) Bir ovdu ovlayır özü ovçunu,  

Məni nə yaşadır?! – onun ovsunu. 

Bitib tükənməyir illər uzunu, 

Qeybdən doldurur badəmi sevgi. (M.Ələkbərli) 

 Əziz yaradıcımız, Şairlərin sevgisi digərlərinin sevgisindən fərqlənirmi? Fərqlənirsə bu fərqin səbəbi nədir? 

 

-Sevgi ulu yaradan tərəfindən insanlara bəxş olunan təkrarsız və ilahi bir hissdir. Doğrudur bu hissi hər kəs eyni yaşamır, fərqli tərzdə mənimsəyir, özəlləşdirir, özgürləşdirir. Ancaq bu hiss şairlərdə tam fərqli olur. Duyğusallıq üstünə duyğusallıq gətirir. Onsuz da dalğalı olan dənizi qəfil tufan necə kükrədir, daşdırır, sahilini aşmağa məcbur edirsə, məhəbbət də şair ürəyində eynən o cür təlatüm yaradır. Mən gənclik illərində yazdığım “Şairlər qovuşmur ilk sevgisinə” adlı şeirimlə bu suala az-çox cavab vermiş kimiydim. Güman edirəm ki, o şeirdən örnək gətirdiyim sətirlər sizi yormaz:  

 

...Bir təmiz baxışa, xoş təbəssümə, 

Körpə uşaq kimi aldanır onlar. 

Nə hiylə işlədir, nə sirr gizlədir, 

Açıqdan-açığa odlanır onlar.  

 

Özləri sığışmır vaxta, vədəyə, 

Təkcə şeirləri vaxtına düşür. 

Nədənsə qızların ən insafsızı 

Elə şairlərin baxtına düşür. 

 

....Şairlər - gözəllik cəfakeşləri, 

Sevda yollarında büdrəyir, sapır. 

Həsrətə bürünmüş bir qız itirib 

Nəğməyə bürünmüş bir ömür tapır. 

 

Bax bu idi ilk sevgidə şair məğlubiyyətinin səbəbləri: təmizlik, saflıq, qarşısındakına həddindən artıq dəyər vermək, sirr saxlamamaq, bu ilahi duyğunu tez-tələsik faş etmək, aləmə yaymaq, sevdiyi qızı öyə-öyə özü üçün əlçatmaz eləmək. Bir də bu istəyi vaxtında, məqamında dilə gətirə bilməmək acizliyi... Səbəbləri sadalamaqla bitirmək də olmur. Ustad Məmməd Arazın sətirləri də bu yerdə köməyə gəlir: 

 

Cəsarət gərəkdir ilk sevənlərə, 

Yalandı kül olmaq, yalandı yanmaq. 

 

Yaşımın ixtiyar çağında bu mövzuda yeni bir şeir də yazmışam. Məncə bu şeir şair sevgisinin necə olduğunu, digərlərinin sevgisindən nə ilə fərqləndiyini daha çox ehtiva edir. “Şairlik – aşiqlik”  adlanan o şeiri bütünlüklə diqqətinizə çatdırmaq istəyirəm.  

 

Tanrı bəxş eləyib bu gözəlimi, 

Onsuz bircə gün də dözən deyiləm. 

Səbrimi üzsə də, ondan əlimi 

Ömrün sonunacan üzən deyiləm. 

 

Yanıma yollanıb şükür bu günə, 

Daha dərd-qəm nədi bilməyəcəyəm. 

Ölsəm də, qalsam da mətləb üstünə 

Tələsik, birbaşa gəlməyəcəyəm. 

 

Mənə buta gəlib qadir ozandan, 

Nakam aşiqlərin başı olmuşam. 

Qələm götürəndən, şeir yazandan 

Sevda yollarında naşı olmuşam. 

 

Sevgim haqdan gəlib bir töhvə kimi, 

Fəqət bu sevgimə cavab olmayıb. 

Açılıb ürəyim bir süfrə kimi 

Şeirim istəyimi aləmə yayıb. 

 

Yaşın yaş hökmünə boyun əyib də 

Ağır oturacam, batman gələcəm. 

Elə üzəvari gülümsəyib də 

Yanına ürəyi çatnan gələcəm. 

 

Ayların, illərin oduna yanıb, 

Bu dəfə mən ayrı yolu gedəcəm. 

Yazacağım şeiri sənə qısqanıb, 

Gedəcəm, sinəsi dolu gedəcəm. 

 

Bu dəfə qələmi dəyişəcəm ki, 

Qəlbinə sancılsın qələmə kimi. 

Həsrətlə, hicranla döyüşəcəm ki 

Vüsalın uyuşsun dələmə kimi. 

 

Şairlik, aşiqlik sığmır bir yerə, 

Sadəcə özümü məhv eləyirəm. 

Aşiqtək ilk anda sığınıb şeirə, 

Şairtək son anda səhv eləyirəm. 

 

Günlərdən, aylardan macal gözləyib, 

Bu dəfə mən ayrı yolu gedəcəm. 

Sənə olan şeiri səndən gizləyib 

Dünyadan ürəyi dolu gedəcəm! 

 

Düşünürəm ki, bu şeirdən şair sevgisinin özəlliyi boylanır, məğlubiyyətinin səbəbləri aydınlaşır. Sevgi təmiz, saf qəlblərə yol açan duyğudur.  

 

3) “Bəzən insanlara tam bir gerizəkalısan deyə bilmədiyimiz üçün təbii, o da sənin öz düşüncəndir – deyirik” (Çarlz Bukovski) 

Dəyərli şairimiz, bəzilərinin səhv əməllərinə açıq irad bildirirsiniz, yoxsa şair ruhu ilə onun ruhunu incitmədən “düz yola” dəvət edirsiniz? 

 

-Yaralı yerimə toxundunuz bu sualınızla. Nəinki səhv əməllərini gördüklərimə, hətta haqqıma girənlərə, gərəkli siyahılara adımı salmayanlara, yaxud adımı pozanlara, imzamı qısqanclıqla qarşılayanlara, açıq-aşkar özəl misralarımı, sətirlərimi namərdcəsinə öz adına yazanlara, daha doğrusu şeirinə pərçim eləyənlərə də açıq şəkildə iradımı bildirə bilmirəm. Üzə dururlar, utanıb-qızarmadan səni borclu çıxarırlar. Belələri haqqında böyük Səməd Vurğun yazırdı: 

 

Qucaq-qucaq oğurlasın şeirimi dostlar, 

Barı sənət qüdrətimi onlar danmasın! 

 

Mən isə birbəndlik “Variantzadə” adlı şeirimlə onlara dolayısı yolla cavab vermişəm. Hər halda suç yiyəsi suçunu götürməyə, bu suçdan nəticə çıxarmağa məhkumdur.  

 

Yaxşı deyimləri özəlləşdirir 

Qorxub-çəkinmədən, çox asan, sadə. 

Yad da ona nisbət variant yazır, 

Yazır, çap etdirir Variantzadə... 

 

Yeri gəlmişkən deyim ki, sosial şəbəkələr fəaliyyət göstərəndən, xüsusən Facebook ortaya çıxandan ədəbi oğurluqlar qat-qat artıb, köçürənlər köçürənədir. Bu bir ədəbi bəla olub. Sovetlər dövründə belə plagiatlar ictimai qınağa çəkilir, ifşa olunurdu. Bu gün ədəbi məhsulun ağına-bozuna baxan, şeir həvəskarı ilə əsil şairin fərqini araşdırıb səsə salan yoxdur. Bu cür adamları el demişkən “balabanla qandırmaq” çox çətindir.  

 

4)Özü pay-piyada sözləri atda, 

Xəyalı dövr edir ən qəlbi qatda. 

Zəhəri saxlamır dilinin altda, 

Gülləyə atılan ilandı vallah, 

Şairlik ən ali məqamdı, vallah

(M.Ələkbərli) 

Şairlərin çətin anları çoxmu “ağrılı” olur? 

 

-Ədəbi aləm qəribə aləmdir. Yaxşı şairin qarşısına çəpər çəkənlər, kölgəsini qılınclayanlar zaman-zaman olub, indən belə də olacaqdır. Bir-iki yaxşı şerin müəllifi kimi mən də onlardan az çəkməmişəm. Demədiyim, heç könlümdən belə keçirmədiyim sözləri gərəkli ünvanlara, lazımı şəxslərə çatdıranlarım, məni çox vaxt ən yaxın dostlarımla yaman eləyənlərim, şair qəlbimə necə amansız zərbə vurduqlarının bəlkə heç fərqində olmayıblar. Dumduru suyumu bulandıranlar, bu ömür yolumda məni ləngidənlər, əlimə-ayağıma daş bağlayanlar, arabir şeirimə hədəf olsalar da, cəhdim-çabam həmişə cavabsız qalıb. “Ah xırda qayğılar” adlı şeirimdə bu cür adamlardan şikayətimi dilə gətirmişdim: 

 

Ah xırda qayğılar, xırda qayğılar 

Böyük arzulara toy tutdunuz siz. 

Sinəmdə qaynayan bulaq istəyi 

Hər gün damcı-damcı qurutdunuz siz.  

 

Sizin oxşarınız xırda adamlar, 

Hər tində, döngədə yolumu kəsdi. 

Mənzilə gecikdim hər gün bir addım, 

Mənə bir addımın acısı bəsdi 

Yollarda bir addım ləngidi adım. 

 

Sözüm xırdalandı qara pul kimi, 

Neçə yol əlimi-üzümə tutdum.  

Qızardım zamanın, vaxtın yanında 

İlhamın yanında bir yoxsul kimi. 

 

Ah xırda qayğılar, xırda qayğılar 

Mənə “sus” dediniz, mən dilə gəldim. 

Sizinlə həmişə yumruq-yumruğa 

Sizinlə həmişə əl-ələ gəldim.. 

Fürsət külək kimi keçdi yanımdan  

Bir saatlıq yolu bir ilə gəldim. 

Büdrədim, yıxıldım, dikəldim, durdum, 

Ömrün bu çağına bax belə gəldim.  

 

Həmin adamlar mənim dırnaqarası “dostlar”ım bu gün də fəaliyyətlərindədir. Yaşı yetmişi ötən bir şairin yolunda çəpərə dönür, üzünə qapı bağlayırlar.  

 

Tanı məntək naçarını 

Dərdə-qəmə düçarını. 

Harda gəzim açarını 

Üzümə bağlanan qapı? 

 

Gah söyülən, gah öyülən, 

Vaxtsız, vədəsiz döyülən. 

Sən idinmi bəxt deyilən, 

Üzümə bağlanan qapı? 

 

Hər günümə qada verdin, 

Kömürümü oda verdin. 

Bir şairi bada verdin, 

Üzümə bağlanan qapı. 

 

Şahidsən buna özün də 

Qalmışam çölün düzündə. 

Nələr var arxa üzündə 

Üzümə bağlanan qapı?!  

 

Bəlkə sənsən sirr qapısı, 

Güman yeri, pir qapısı. 

Tanrının səbir qapısı 

Üzümə bağlanan qapı! 

 

Dediklərimdən belə çıxmasın ki, məni ancaq pisliklər, yamanlıqlar izləyib. İlk gənclik illərimdən, qələm tutub ilk şeirlərimi yazdığım günlərdən bəri, əsil ağsaqqalların qayğısı, diqqəti üstümdə olub. Yazılarıma qəzetlərdə, jurnallarda yaşıl işıq yandıran yazıçı, şair dostlarımı bu gün də minnətdarlıqla yad edirəm. Xalq şairlərimiz Süleyman Rüstəmin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Söhrab Tahirin, Hüseyn Arifin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Qabilin, Xalq yazıçılarımız Əli Vəliyevin, İsmayıl Şıxlının, İsa Muğannanın, Mirzə İbrahimovun, eləcə də Ustad Şairlərimiz Fikrət Sadığın, İlyas Tapdığın, İsa İsmayılzadənin, Hidayətin ağsaqqal nüfuzunu, kölgəsini öz üzərimdə hiss eləmişəm. 

Mən şeirə gəldiyim illərdə ədəbiyyatımızda ağsaqqal mövqeyi, gənclərə ağsaqqal diqqəti vardı. Mənə SSRİ Yazıçılar İttifaqının üzvlük biletini xalq yazıçısı, Sosialist əməyi qəhrəmanı, AYİ-nin sədri Mirzə İbrahimov təqdim eləmişdi. O zamanlar imzası ilə ədəbi orqanlarda tanınmayanların kitabları çap oluna bilməzdi. Bunun adına indi Sovet sensuzarı desələr də, bu ədəbi-bədii senzura idi. Bədii materialın ədəbi dəyərini yaxşı mənada təyin edən senzura idi. Ədəbiyyatın kütləviləşməsi təəssüf ki, əsil yazıçının, şairin gözdən düşməsinə xidmət elədi. Dəyərlər itdi, heç kəs heç kəsin kitabını oxumadığı bir vaxtla üzləşməli olduq. Sosial şəbəkələr bu işdə çox böyük rol oynayır. Bu gün uşaqdan böyüyəcən hamı o şəbəkədən asılı qalıb. Kitabdan, oxumaqdan uzaqlaşan gəncliyimizin sonrakı taleyi bizi dərindən düşündürməlidir. Nəinki, müasir yazıçılarımıza, heç klassiklərimizə də yetərincə bələd olanlarımız get-gedə azalmaqdadır. Nəhayət, mətləb üstünə gəlib deyim ki, şairlərin ən çətin anları özünə-sözünə biganəlik görəndə ağrılı olur.  Eşidilməmək, duyulmamaq, yazdıqlarının poetik gücünü, misralarının siqlətini, ilhamının nəyə qadir olduğunu hər kəsdən yaxşı bilən bir şair üçün dözülməzlik sindromu yaradır. Özü ilə çəkiyə gəlməyən qələm dostlarının, hansı səbəbdən irəli çəkildiyinin, ad-san, titul qazanmağının səbəbləri üstündə düşünməli olur. İllər öncə yazdığım bir şeirdə özümü belə düşüncələrdən xilas etməyə çalışmışdım: 

 

Seçilmək yanğısı – buydumu dərdim? 

Onda şüar deyim, dəm verim dilə. 

Bütün şairləri təltif edərdim 

Vətənin “Bütövlük” ordeni ilə. 

 

Şükürlər olsun indi biz Vətənin bütövlüyünə də qovuşmaqdayıq. Böyük şairimiz – qərbə və şərqə kükrək ilhamının qanadlarını gərən Məmməd İsmayılın bir misrası bizi ümidli gələcəyə səsləyir: “Hələ yaşamağa dəyər bir az da...” 

 

5)Sən elə o qızsan, həminki qızsan, 

Yaxşı bir şeirdən tutulan, dolan. 

Şirin duyğuların heyranı olan... 

Mən də o oğlanam coşan, çağlayan, 

Sevgidən havalı həmin o dəli... 

Deyə bilmədiyim sözün qurbanı, 

Aça bilmədiyim sirrin heykəli... 

(M.Ələkbərli) 

Əziz Musa bəy, Sevimli şairimiz, sevginin həmişə cavan qalmasının sehri nədədir? Sevgi niyə qocalmır axı? 

 

-Klassik poeziyamızdan kiçik bir örnək gətirmək istəyirəm.  

 

Haqqdan yanan bir çıraq, 

Bad ilə sönən deyil. 

 

Sevgi həmişə gənclik, güc-qüvvət, ərşi-əlaya ucalmaq, dünyanı köksünə sıxmaq ehtirası üstündə köklənmiş əbədi bir hissdir. Neçə ki, dünyada gözəllik var, gözəllər var, bu hiss qocalmayacaq.  

 

...Dünyanı köksümə sıxıb gəlmişəm, 

Nə desən verərəm təki sən istə. 

İndi nağıllardan çıxıb gəlmişəm, 

Bir zümrüd quşunun qanadı üstə. 

 

Mənəm göydən düşən almaya ortaq, 

İsti kəlmələrdir qızılım, zərim. 

Şeirimlə açılar qırxıncı otaq 

Xəzinəyə dönər düşüncələrim... 

 

Mənə elə gəlir ki, sevənlərin hər birinin fərqinə vardığı, varmadığı bir qırxıncı otağı var. O otağın açarını itirməyənlər qocalıqdan, düşkünlükdən uzaq olur. Cismən qocalsalar belə. Vallah, bu sualınızın cavabını ürəyimcə ifadə edə bilmirəm. Qoy “Sevgi” adlı bir şeirimi oxuyum: 

 

Çoxdandı sinəmdə mürgüləmişdi 

Nə vaxtsız, nə qəfil oyandı sevgi. 

Damcı sevincimi tökdü gözümdən, 

Dərya kədərimə boyandı sevgi. 

 

Ulduza qanad aç, ayı qucaqla, 

Qolların çatmayır? – Axı nə haqla? 

Könlündən dilinə köçürmə, saxla, 

Səni gözlərindən duyandı sevgi. 

 

Hansı qəlbə axdı, ürəyə sızdı, 

Bir tonqal çatacaq... o amansızdı, 

Göydə günəş qədər təmənnasızdı, 

Yerdə yeri-göyü qıyandı sevgi. 

 

Əlli il yalvaram, yüz il ləliyəm, 

Tanrı ağıl verməz mən tək dəliyə. 

Süstlüyə, sükuta, biganəliyə 

Haraydı, üsyandı, qiyamdı sevgi. 

 

Açıq ürəyimdi, saf niyyətimdi, 

Bəlkə ona görə belə yetimdi?!  

Tarixdə tarixi həqiqətimdi, 

Həqiqətdən doğan röyamdı sevgi. 

 

Dərk edə bilmədim xeyirdi, şərdi? 

Yaşadım bu ali, insani dərdi. 

Mən belə dünyadan çoxdan gedərdim, 

Dünyada ayrıca dünyamdı sevgi. 

 

Şairin ən dəqiq, ən məntiqli intervüsü onun şeirləridir. Qoy başqa bir şeirimdən də sualınıza hardasa tən gələn misraları yada salım: 

 

Döngəyə, dalana dirənir bəzən 

Adamı hardasa yollar ləngidir. 

Dünyaya ürəklə bağlana bilsən 

Yaşın hər çağında sevgi sevgidir. 

 

Yanımdan yan ötsün qanlı süngüsü 

Əzrayıl adımı yada salmasın. 

Sevgi istəyirəm – tanrı sevgisi 

Həyat sevgisini məndən almasın. 

 

Sevgi istəyirəm – qəlbə dəyməyən 

Bənzəri, oxşarı olmayan sevgi. 

Yaşın yaş hökmünə boyun əyməyən 

Bütün fəsillərdə solmayan sevgi. 

 

Sevgi əgər ilahidən gəlirsə, onun sirri də, sehri də ancaq tanrıya məxsus olur. Biz bu sirri-sehri yaşaya bilirik, “nədən”inə vara bilmirik.  

 

6) Susdurmayaq haqq söz deyən dilləri 

Görən gözə çəkdirməyək milləri. 

Vaxtlı – vaxsız soldurmayaq gülləri 

Bir gül kimi sola bilər bu dünya. 

 

Güclüləri gücsüzləri döyməsə, 

O əyilməz, tərəzisi əyməsə. 

Xain gözü, düşmən əli dəyməsə 

Qayasını qala bilər bu dünya.

(M.Ələkbərli) 

 Dəyərli şairimiz, niyə bu dünya düzəlmir ki, düzəlmir? 

 

-Dünya haqqında Azərbaycan poeziyasında Səməd Vurğundan üzübəri kifayət qədər təsirli, cəmiyyət içində populyar nümunələr var: 

 

Bir də görürsən ki, açılan solur,  

Düşünən bir beyin, bir torpaq olur.  

Bir yandan boşalır, bir yandan dolur,  

Sirrini verməyir sirdaşa dünya… 

 

M.Arazın “Dünya sənin dünya mənim, dünya heç kimin”,  yaxud “Dünya düzəlmir ki, düzəlmir, baba”, H.Arifin “Bu dünya düzəlsə atama lənət” kimi bir çox deyimləri dünyanın etibarsızlığı, insanların arzularına, ümidlərinə çox zaman adekvat olmaması şairlərimizin dünya haqqında “Dünya düzələn deyil” kimi kəskin ittihamına rəvac verir. Molla Pənah Vaqifin “Mən cahan mülkündə mütləq doğru halət görmədim” misrası ilə başlayan müxəmməsi də dünyanın puçluğuna, insanların gəldi-gedərliyinə, vəfasızlığına daxili bir üsyanla, ciddi psixoloji sarsıntı ilə qələmə alınmışdır. Dahilər, filosoflar zaman-zaman dünya haqqında düşünmüş, insan zəkasının, insan kamalının qalib gələcəyi vaxta, zamana ümid bəsləmişlər. S.Vurğunun “İnsan” pyesində filosof Şahbazın bir obraz olaraq dəyəri, mahiyyəti verdiyi bu sualla ölçülür. Dünyada baş verən bütün haqsızlıqların, müharibələrin, fəlakətlərin, insanları sarsıdan, ağrıdan bütün olayların günahı dünyanın boynuna yüklənir. Dünya dinmir, susur. Dünya demir ki, məni kimlərəsə dar eləyən, kimlərəsə cənnətə, kimlərəsə cəhənnəmə döndərən mən deyiləm. Qoynumda yer verdiyim, qucağımda bəslədiyim, minlərin, milyonların payını əlindən alan, acgöz, doyumsuz, qudurğan, insanlıq adına ləkə gətirən varlıqlardır. Müharibələr də, saysız insan qırğınları da onların ucbatından olur. Mən gənclik illərimdə “Qurd ağzı bağlayan Səlmi qarıya məktub” adlı bir şeir yazmışdım. O şeirdə belə sətirlər vardı: 

 

 

Elə bir dua охu, a  Səlmi qarı,

Çoxalır  dünyada «qan-qan» deyənlər. 

Аrtır  öz payından artıq  yeyənlər,

Dünya  çəkə  bilmir bu əzabları. 

Canilər canbirdi qanlı qudurub,

Çaşanı udmaqdı fikri, niyyəti,

Ölkə var ölkənin qəsdinə durub,

Ölkə var talayır bəşəriyyəti.

Bilirdim görübsən övlad dağını

Beş oğul itirdin ötən davada. 

Çiçəklər тökdülər gül yarpağını

Мatəmə batdılar quşlar yuvada...  

Elə bir dua охu, а Səlmi qarı

Susdur «qan, qan» deyən о bayquşları, 

Dənizdə, havada, yerdə təzədən, 

Bu qoca dünyanı  bir də  təzədən

«Bölüm» deyənlərin аğzını  bağla, 

«Ölüm» deyənlərin аğzını  bağla!

 

Bu qədər uzun ricətdən sonra sualınızın kəsə cavabına qayıdıram. Dünya düzələcək, mütləq düzələcək. Dünyadakı bütün insanların kamilləşəcəyi, dünyanı öz doğma evi sanacağı illərdə. Dünyanın yaradıcısı qadir Allahımızın gözümüzə görünəcəyi möcüzəli tarixdə!.. 

 

Allahın bizə görünəcəyi  

gün, 

Yer üzündəki bütün insanların  

əlindədir. 

Günlərin bir günü  

eyni saatda, eyni anda 

Eyni duayla, 

Eyni sayğıyla 

bu əllər Allaha 

doğru uzansa, 

Bu əllər əl tutmağa 

öyrəşsə, 

Əl kəsməkdən usansa. 

Bu əllər “yaxşılıq” 

adlı altıncı 

barmağı bitirsə, 

Bütün pislikləri, 

yamanlıqları 

Silib-süpürsə, 

Yer üzündən birdəfəlik 

itirsə, 

Bu əllər sərhədləri, 

Yerin bağrına çəkilən  

çəpərləri, sədləri 

Yara bilsə, sökə bilsə, 

Bu əllər qanlı cinayətləri 

özündə gizləyən 

viranlıqların, 

qaranlıqların 

Boğazına çökə bilsə, 

Eyni gündə, eyni saatda, 

eyni anda, 

Kainatın bütün  

sirli qapıları 

Taybatay açılardı  

üzümüzə, 

İşıq düşərdi bütün 

qaranlıqlara, 

Allahın bizə görünəcəyi  

günün müjdəçisi  

olardım mən də! 

 

7)”Göründükləri kimi olmalıdır insanlar.  

Əgər deyillərsə, heç görünməsələr, daha yaxşıdır.” (Uilyam Şekspir) 

Musa bəy, bu tip insanlara nə tövsiyyə edərdiniz? 

 

-Dahi Şekspir gözəl deyib. Üzünə üz çəkməklə insan təzələnə bilməz. Saxta sevginin, yalan sözün, süni rəftarın ömrü çox qısa olur. O cür insanlara sadəlik, səmimiyyət, saflıq, təmizlik, ləyaqət, böyük insanlıq tövsiyə edərdim. Onlar təbiətə üz tutsalar, fəsillərin ahəngdarlıqla bir-birini əvəz etməsini, axşamın-sabahın vaxtlı-vaxtında bərqərar olmasını izləsələr və bu haqda dərin-dərin düşünsələr, öz naqisliklərini daha yaxşı dərk edərdilər. Təəssüflər olsun ki, bu gün cəmiyyətdə belə insanlar çoxdur, lap çoxdur. Bu da vaxtilə belə insanlara yazdığın şeirdən yadımda qalan sətirlərdir: 

 

Az çək özünü, 

Çəkiyə gələsi nəyin var axı? 

Uca-uca zirvələrin yanında. 

Qəlbi-qəlbi çinarların yanında. 

Uzun-uzun ağ yolların yanında... 

 

 

8)Ömrə yan almamış, bir qan, bir qada, 

İlk öncə, mən səni atmışam oda. 

Təkrar olunmayıb heç vaxt dünyada, 

Mən sənə etdiyim zülüm, ürəyim. (M.Ələkbərli) 

 Musa bəy, beyninizin ürəyinizi “danladığı” vaxt hansına dəstək olursunuz? 

 

/Mən ürəyimə ən çox cəza verənlərdənəm.  

 

Musa, ötmə sərin-sərin 

Köksün altda yaran dərin. 

Yoxdur tayın bərabərin, 

Öz könlünə xəyanətdə. 

 

Ürəyimə yazdığım başqa bir şeirdən sətirlər: 

 

Sevgi uma-uma daşa yamandı, 

Taleyi, iqbalı daşlı ürəyim. 

Döndü bir ümmana, çağladı coşdu, 

Kükrədi, köpürdü, daşdı ürəyim. 

 

Göz açdığım gündən sevgiyə çəkdi, 

Bu boyda ağrını o niyə çəkdi?! 

Məni toya çəkdi, şənliyə çəkdi, 

Bircə yol gülmədi yaşlı ürəyim. 

 

Yaralı bir quşdu qəfəs sinədə, 

Baxmır saçlarıma düşən dənə də. 

Kövrək bir buluda dönüb yenə də, 

Payızlı, çiskinli qışlı ürəyim. 

 

İlahi bir gözəl durur qarşımda, 

Təzə bir sevdanın odu başımda. 

Anamı ağladır əlli yaşımda, 

Mənim bu on yeddi yaşlı ürəyim. 

 

Başqa bir şeirimdə yazırdım ki:  

 

Ağrı-acıları nuş eləməklə 

Günü boran, çiskin, qış eləməklə, 

Ögey duyğulara tuş eləməklə, 

Mən öz ürəyimdən intiqam aldım. 

 

Uçdu... Uçmağına məhəl qoymadım, 

Sındı... Sınmağını vaxtlı duymadım. 

Halalca haqqını ona qıymadım, 

Mən öz ürəyimdən intiqam aldım... 

 

Dərdlə arasını açıq elədim, 

Taleyə, qismətə acıq elədim. 

Mən öz ürəyimi yazıq elədim, 

Mən öz ürəyimdən intiqam aldım. 

 

Ürəyimə yazdığım şeirlərin sayını artıra da bilərdim. Ancaq hesab edirəm ki, bunlar da kifayətdir. Məncə, dəyərli oxucular bu şeirləri niyə örnək gətirməyimi dərk elədilər. Mən əlli ildən artıq yaradıcılıq yolu keçmiş bir şair kimi həmişə ürəyimlə baş-başa olmuşam. “Dava-dalaşlarım” da, barışıq anlarım da onunla olub. Ona minnətdarlığımın ucu-bucağı, nəhayəti yoxdur. Xoşbəxtəm ki, nəinki bir şeirimi, hətta bircə misramı da onsuz yazmamışam. Saysız hesabsız səhvlərimdən gələn ağrı-acıları da birinci növbədə onunla bölüşmüşəm. Mənim ucbatımdan çox bəlalar çəkib ürəyim, onun “sayəsində” mən də çox zülümlər görmüşəm. Ancaq bir-birimizi qəddarcasına ittiham eləmək heç ağlımıza da gəlmyib. Mənim ən yaxın dostum da, ən sevimli düşmənim də ürəyimdir. Hərdən ötən illərə baxıb ağlım məni ürəyimlə birgə dara çəkəndə, danlağı üçün onu qınayıb, ürəyimə sığınmışam, ürəyimə haqq qazandırmışam. Elə ona görə də bir vaxtlar çox qısa, lakonik iki misralıq şeir yazmışdım: 

 

Mən ürək adamı, mən hiss adamı, 

Bəlkə də dünyanın ən pis adamı... 

 

9)Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa? 

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!(Nəsimi) 

Musa bəy üçün daimi olan nədir? 

 

-Hegel deyib ki, “şeir rəssamlıq və musiqidən də üstündür”. Şairləri dilə gətirən, ilhamını xaosdan, ritmə, harmoniyaya kökləyən elə bu inamdır. Ölməz şairimiz M.Müşfiq də bir şeirində yazırdı ki, “Kainat olduqca, şeir olacaq”. Bu mənada mənim üçün daimi olan, insanlığın ən ali hissi poeziyadır. Mən gözümü açandan, dünyadan baş çıxarmaq istəyən anlardan (on dörd yaşımdan) könlümü şeirə vermişəm. Şeir mənim ilk məhəbbətimin, ən bakirə hisslərimin müqəddəsliyini yaşadan, qoruyan nemətdir. Bu ayrı söhbətdir ki, onunla yaxınlığım, doğmalığım mənə nə verib... Qazanmışammı, itirmişəmmi?! Əlbəttə, bunu zaman göstərəcək. Yəqin ki, mən dünyada olmayanda... 

Sualınızın  cavabını mükəmməlləşdirmək fikri ilə dahi şairimiz M.Füzuliyə istinadən yazdığım “Söz” qoşmamdan sizə sətirlər oxumaq istəyirəm. Üzrlü sayın, ilk dəfədir ki, təvazökarlıq həddimi aşıb, yazdıqlarıma bu qədər üz tuturam. Yaşımın bu ixtiyar çağında üzə tutalğac ayrı nəyim var ki?! 

 

Mətniylə, məğziylə mənzilə çatmaz 

Duyğu ələyindən ələnməyən söz. 

Hər könlü oxşamaz, hər qəlbə yatmaz 

Sevgiyə, istəyə bələnməyən söz. 

 

Qəlbə yük gətirər, qəlbdən yük atmaz, 

Birinə çatanda, beşinə çatmaz. 

Dilində heç zaman sığala yatmaz 

Könlünə göylərdən çilənməyən söz. 

 

Əks etməz tanrıdan gələn gücümü, 

Seçilməz təpəri, olmaz hücumu. 

Dərin dəryaların dibinə cumub, 

Əngin səmalara millənməyən söz. 

 

Aydan adlayammır, il aşa bilmir, 

Ariflər yanında dil aça bilmir. 

Əsrin yaxasında gül aça bilmir 

Təşbehlə, məcazla güllənməyən söz.  

 

Qayğıları belə cəmləndirərmi, 

Könülləri belə qəmləndirərmi? 

Sənin kipriyini nəmləndirərmi, 

Mənim ürəyimdə sellənməyən söz?! 

 

Özünü atmısan qanlı sellərə, 

Hansı şeirin çatdı görən ellərə? 

Ay Musa, çox çətin düşər dillərə 

O uca eşqinlə dillənməyən söz! 

 

10) Yaradıcılığı ilə könüllərdə taxt quran, cümlələri ilə qəlbləri isidən, öz düşüncələri ilə bizləri də dərin “düşüncə səyahətinə” səfər etdirən Musa bəy özünə yaradıcı kimi hesabat verərkən razı və narazı qaldığı məqamları bilmək olarmı? 

 

-Özümdən narazı qaldığım çox məqamlar var. Hamısını açıqlamaq istəmirəm. Düşünürəm ki, mən tanrıdan bəxş olunan bu ilhamla, bu sevgiylə az yazıb-yaratmışam. Özümü bütünlüklə poeziyaya həsr edə bilməmişəm. Yaşam çətinlikləri, ev-eşik, ailə qayğıları məni çox zaman əsas işimdən yayındırıb: 

 

“Bu dərdsiz heç nəyəm mən elə bil ki,  

Ağrı da, acı da həyat üçündü.  

Şeir məndən ötrü sənət deyil ki,  

Şeir məndən ötrü ömürdü, gündü”  

 

deyən Musa Ələkbərli öz şeirinə üz tutaraq giley-güzarını da, çəkdiyi sonsuz ağrı-acıları da gizlətməyib: 

 

Sizi yarpaq-yarpaq küləyə verdim, 

Ağrı-acınızı ürəyə verdim, 

Hər gün ömrünüzdən kəsdim, qazandım, 

Gedib duza verdim, çörəyə verdim, 

Siz ey yazmadığım yaxşı şeirlər. 

 

Payız buludunda axıb getdiniz, 

Mənə küskün-küskün baxıb getdiniz, 

Başımın o dəli sevdası kimi, 

Siz mənim evimi yıxıb getdiniz, 

Siz ey yazmadığım yaxşı şeirlər. 

 

Mən sizi yazmadım, vaxtı gözlədim, 

İlahi qisməti, baxtı gözlədim. 

Dəlisov cavanlıq çapdı atını, 

Zaman da çay kimi axdı, gözlədim, 

Siz ey yazmadığım yaxşı şeirlər. 

 

Dövranı, zamanı belə bilməzdim, 

Xəyallı dolandım, qayğılı gəzdim. 

“İndi keçəl qızım saçlı” deyirəm 

Yazsaydım mən sizə yaxşı deməzdim, 

Siz ey yazmadığım yaxşı şeirlər. 

 

Bir yaradıcı kimi özümdən razı qaldığım nüanslar da var. Birincisi, bu gün ilk şeirimdən tutmuş hələlik son şeirimə qədər bütün yazdıqlarım zamanın konyukturasına boyun əyib, zədə almayıb. O şeirlərin hər birini bu gün də ürəklə, yazdığım ovqatla oxuya bilirəm. Utanc gətirən nümunələrdən çox uzağam. İkincisi də nə yazmışamsa ürəklə yazmışam. Ustad Məmməd Arazın 

“Ürəyimsiz kəlmə yazan deyiləm,  

Nə qədər ki öz əlimdi yazanım” 

misraları ömür boyu yaradıcılıq devizim olub.  

 

-Musa bəy, ən çox hansı sualımızı bəyəndiniz? 

 

-Ülviyyə xanım, çox sağ olun. Sizə bir daha təşəkkür edirəm ki, məni danışdıra bildiniz. Sözün düzü, sual-cavabdan, intervyudan qaçan adamam. Etiraf edim ki, suallarınız hamısı dəyərli idi. Bağışlayın ki, seçim edə bilmədim. Hamısı mənə doğma gəldi. Nə dərəcədə cavablandıra bildim, bunu siz və oxuyanlar müəyyən edəcək yəqin ki... 

 

-Dəyərli Şairimiz, yaradıcılığı ilə ədəbi məktəb olan Musa bəy, şair ömrünüzdən bizə pay ayırdığınız üçün Sizə minnətdarıq və Əbülfəzqızı olaraq heca vəznini çox sevdiyim üçün şeirlərinizdən “acgözlüklə” qidalandım və son olaraq: 

 

Ömür tükənsə də, tükənmir istək, 

Başına min oyun açır bu ürək. 

Gözəllər açılır gülbutasıtək, 

Dünya cavanlaşır, Şair qocalır. 

(M.Ələkbərli) 

 

Nursimalı Şairimiz Musa bəyin yaradıcılığı coşqun ruhun ehtirası ilə yazıldığı üçün həmişə cavandır, dünyanı qocaldar, özü cavan qalar. 

Var olun dəyərli Şairimiz, Allah ömrünüzü uzun etsin, gözəl yazılarınızı oxumaq istəyirik və uğurlar diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)