Ukrayna Yazıçılar Birliyindən Çingiz Abdullayevə dəstək gəldi

Rate this item
(0 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

28 noyabr 2023 tarixində Azərbaycanın seçilən yazıçısı Çingiz Abdullayevə Ukrayna Yazıçılar İttifaqının sədri Mixail Sidorjevskidən məktub gəlmişdir. Məktubda əcnəbi yazıçı Azərbaycanın müasir yazıçısının qələmiylə bağlı şərhini bildirmiş, eyni zamanda ona dəstək olduğunu qeyd etmişdir. 

Çox təəssüf ki, Azərbaycanda Çingiz Abdullayevə qarşı başlamış qarayaxma kampaniyası barədə artıq sərhəddən o yanda da məlumatlıdırlar. 

 

Mixail Sidorjevski Azərbaycanın qonaqpərvərliyi, mehribanlığından nə qədər razı olduğunu bildirsə də, eyni zamanda öz mədəniyyətçisi, öz ədəbiyyatçısına qarşı olan sərt tənqidlərlə razılaşmadığını söyləyir. Mixail Sidorjevski yazır:

"Son vaxtlar ətrafınızda yaranmış çox narahatedici bir vəziyyəti müşahidə etmişəm. Media işçilərinin düzgün olmayan davranışı, sosial şəbəkələrdə işinizlə bağlı mübahisələr kifayət qədər gülünc görünür, çünki bütün dünya əsərlərinizi sözün əsl mənasında oxuyur.

Ukraynanın böyük dostu, böyük hərflə yazılmış bir insan, Azərbaycan ziyalılarının nümayəndəsi, yüksək səviyyəli peşəkar, şəxsi portretinizi saysız-hesabsız sadalamaq olar.

Fəaliyyətinizi tam dəstəklədiyimə inandırıram və narazı olanları təmkinli olmağa çağırıram."

Əcnəbi yazıçıya qatılır, xalqımızın öz istedadına sahib çıxmamasından, əksinə, onu geriyə çəkmə çabasından olduqca narazı vəziyyətdəyik.

Çingiz Abdullayev- həm Azərbaycanda, həm də bir çox xarici mədəniyyətdə ad salmış sevilən yazıçıdır. Kitablarının nəşrlərinin artması, fərqli dillərə tərcümə olunması sadəcə bir uğurdur! Bəs nə üçün xalqımız bir Agata Christie, bir Dostoyevskinin də Azərbaycandan çıxmasını istəmir? Tənqid hər bir sənətin mütləq şərtidir, lakin tənqidin də öz etikası, öz şərtləri vardır. Təklifim budur ki, yazıçılarımıza, tək qələm sahiblərinə yox, hər bir sahədə dövlət bayrağımızı əlində irəli daşıyanlara hörmətlə yanaşmağı, uğurlarına sevinməyi öyrənək, öyrədək. Bu xalq, bu dövlət onların adıyla daha da yüksələ bilər. Özümüzü tənqid etməyi öyrənək. Çünki özünü tənqid edən hər bir şəxsiyyət başqasını tənqid edərkən daha diqqətli olacaqdır. 

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)