POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Biri vardı, biri yox” Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox” şeirinin növbəsidir. 

 

Uşaqlar neçə ki körpədirlər, ana

laylasına uyuyurlar. Elə ki bir az böyüdülər, axşamlar atalarından nağıl istəyirlər.

Mənim bildiyim nağıllar isə çox deyil.

Axşamların birində nağıllarım qurtaranda

fikirləşdim ki öz taleyimin nağılını söyləyim...

 

 

Olan olub, keçən keçib bəlkə də,

İndi daha kövrəlməyin yeri yox.

Ömrüm boyu belə gəlib mənimki

Əvvəlindən biri vardı, biri yox.

 

Uzaqdaydı mən istəyən ocaqlar,

Urəyimdən gəlib keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

 

Gözlərimə doldurmuşam yağışı,

Bir köynəkdə çıxarmışam mən qışı.

Şalvar-pencək geyinirdi tay-tuşum,

Məndə isə biri vardı, biri yox.

 

Üzüm güldü, tələbəyəm deyəndə,

Sıxılırdım dost pencəyi geyəndə.

Müəllimlə dil tapa bilməyəndə

Qiymətimin biri vardı, biri yox.

 

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,

Dara düşdüm, əl ummadım heç kimdən

Məclislərdə can deyib can eşidən

Dostlarımdan biri vardı, biri yox.

 

Mən orduya nələr görüb getmidim,

Ürək alıb, ürək qırıb getmişdim.

İki qıza könül verib getmişdim,

Qayıdanda biri vardı, biri yox...

 

Uzaq gəzdi əmi, dayı, bibilər,

Sözarası mənə “evlən” dedilər.

Nişan üçün iki şey istədilər,

Məndə isə biri vardı, biri yox.

 

Vaxt gələcək bu günü görəcəksən,

Çox suala gözünü döyəcəksən.

Vaxt gələcək sən özün deyəcəksən,

Deyəcəksən: “biri vardı, biri yox!”

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)