“Milyonlarla insanın izlədiyi videolarımla və kitablarımla…” - Tuncer Gizem Avcısı ilə MÜSAHİBƏ Featured

Rate this item
(3 votes)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

-Salam Tuncer bəy. Necəsiniz? Hər zaman yaxşı olmanızı arzulayırıq İnşallah! Zəhmət olmasa öncə özünüz haqqında bizim azərbaycanlı oxuculara ətraflı məlumat verməyinizi istərdik.

 

-Əsl adım Tuncer Merezdir, sosial mediada və kitablarımda məni Tuncer Gizem Avcısı adı ilə tanıyırlar. 19 yaşımdaykən doğulub böyüdüyüm İzmirdən ayrılıb İstanbula köçdüm. Tarix və arxeologiyaya olan marağım, sənətlə iç-içə keçmiş bir həyatım vardı. İstanbula köçəndə, səhnə və performans sənətlərindəki istedadımı daha da inkişaf etdirmək üçün Yıldız Texniki Universiteti Sənət və Dizayn Fakültəsi imtahanlarına girdim və bu universiteti qazanaraq 5 il burada oxudum. Sonra təhsilimi Amerika Birləşmiş Ştatlarının Los-Anceles ştatında davam etdirdim və sonra da Türkiyəyə dönərək həyatımı burada davam etdirdim. Uşaqlığımdan bəri böyük bir maraq duyduğum tarix və arxeologiya işlərini dərinləşdirərək, öyrəndiyim məlumat və fikirləri özümə xas video montaj texnikaları ilə Youtube-da milyonlarca insanın izləyəcəyi məzmunlara çevirdim və hələ də buna davam edirəm. Bunun yanında uşaqlığımdan bəri maraqlandığım yazıçılığı da həyata keçirmə fürsətim oldu və 2 il əvvəl ilk kitabımı, keçən ay isə 2-ci kitabımı nəşr etmə fürsəti tapdım.

 

-Hər zaman bir-birindən fərqli, maraqlı araşdırmalarınızla milyonların diqqətini cəlb edərək sevilirsiniz. Sirli mövzulara marağınız necə yarandı?

 

-Həyatım boyunca sirli mövzulara qarşı böyük bir marağım oldu. Tarixi sirli qalmış hadisələrdən mənəvi sirlərə qədər kainatın bilinməzlikləri və maraqlı hadisələri çox kiçik yaşlarımdan bəri böyük bir maraq oyandırmışdır məndə. Hətta 8-9 yaşlarımda belə məhəllənin uşaqlarını toplayıb bir araşdırma qrupu yaratdığım var. Evin yaxınlığındakı ərazilərdə dinozavr sümüyümü axtararsan, dolunayda canavar adamın izinimi izlərsən, kimsəsiz inşaatlara girib həyatmı axtararsan - ağla gəlməyəcək macəralar yaşayırdıq uşaq ağlımızla. Hətta maraqlı bir hadisə daha danışım. Haktan Akdoğan'ı tanıyarsınız. Türkiyənin məşhur UFO tədqiqatçılarından biri. 15 yaşlarımda onunla çalışmaq üçün internetdən müraciət etmişdim. Heç düşünməzdim telefonla bir gün mənə zəng edib İzmirdə UFO  xəbərdarlığı etmiş yaşlı bir cütlüklə müsahibə etməyimi istəyəcəyini. Çox həyəcanlanmış, narahat olmuşdum. Qara geyən adamlar filmindəki kimi  papaq, qara eynək geyinib müsahibəyə getmişdim Uşaqkən insanın xəyal dünyası çox geniş olur.

 

-Dünyanın bir çox ölkələrində, tarixi, sirli məkanlarında oldunuz və araşdırmalarınızda sizin üçün ən yadda qalan, unudulmaz sayıla biləcək hadisə nə omuşdur? Əgər mümkünsə məlumat verməyinizi istərdik.

 

-Araşdırmalarım boyunca yaşadığım ən nəfəskəsici an Qədim Misirin sirlərini kəşf etmək üzrə Misirin qədim torpaqlarında dolaşmaq idi. Üqsürdəki  Krallar Vadisi, tarixin dərinliklərinə bir səyahət idi. Burada, 3500 il əvvəl yaşamış Fironların məzarlarını addım-addım kəşf etmək, hər bir məzarın mistik havasını almaq, zamanın ötəsinə keçmiş kimi hiss etdirmişdi. Xüsusilə, Kralların mumyalanmış, səssiz və məğrur bədənlərini yaxından görmək, tarixin toxumasına toxunmaq mənə unudulmaz, valehedici anlar yaşatmışdı. Bu anlar, tarixin sadəcə səhifələr arasında deyil, gözlərimin önündə canlı bir şəkildə canlanması 

zamanın ötəsindən bir pıçıltı kimi gəlmişdi.

 

-Sosial şəbəkələrdə, xüsusilə  Youtube-da “TUNCER - Gizem Avcısı” adlı kanalınızda xeyli sayda izləyiciləriniz var. Tədqiqatlarınızla yanaşı videolarınız da olduqca maraqlı və çox gözəl hazırlanır. Bu da sizin bilik və bacarıqlarınızın, Maşallah olsun, genişliyindən irəli gəlir. Bunların meydana gətirilməsi prosesi haqqında bilmək istərdik.

 

-Sosial media platformlarında, xüsusilə də Youtube-dakı "TUNCER - Gizem Avcısı" kanalımda böyük bir izləyici kütləsinə çatmış olmaq, mənim üçün böyük bir şərəf və məsuliyyətdir. Videolarımı hazırlayarkən, hər bir araşdırmamın təfərrüatlarını izləyicilərimlə paylaşa biləcəyim ən təsirli və başa düşülən şəkildə təqdim etməyə diqqət göstərirəm. Bu proses, adətən əhatəli bir araşdırma və sahə işi ilə başlayır. Hər mövzunu dərinləşdirərək incələyir, maraqlı tapıntıları və təcrübələri toplayıram. Videoların istehsal mərhələsi isə olduqca çətin, amma bir o qədər də zövqlüdür. Çəkilişlər zamanı, mövzunun özünü əks etdirə bilmək üçün müxtəlif şəkil və səs effektlərindən istifadə edirəm. Montaj və düzəliş mərhələsində isə, hekayənin axıcı və başa düşülən olmasına böyük önəm verirəm. Hər video hazırlayarkən, izləyicilərimin marağını canlı tutmağı, eyni zamanda onlara yeni məlumatlar və perspektivlər təqdim etməyi hədəfləyirəm. Bu prosesdə əldə etdiyim məlumat və təcrübələr, hər yeni layihəmdə daha da zənginləşir. İzləyicilərimin geri bildirişləri isə mənim üçün çox dəyərlidir; onların rəyləri, videolarımın daha da yaxşılaşdırılmasına imkan verir. Bu səfərdə mənə yoldaşlıq edən hər kəsə təşəkkürlərimi bildirirəm.

 

-Son kitabınız “İSTİLA 2030” haqqında mümkünsə qısa da olsa məlumat verə bilərsinizmi?

 

-“İstila 2030", illərdir aramızda gizlənən yarı ilan, yarı insan varlıqların dünyanı ələ keçirmə mübarizəsini anladan distopik bir macəra romanıdır. Bu, ikinci kitabım olmaqla yanaşı, əslində ilk romanımdır. İlk kitabım "Gizemli Olaylar", Youtube videolarımdakı mövzuların bir toplusu olaraq və tədqiqata əsaslanan bir kitabdı. "İstila 2030" isə "İstila" seriyasının ilk hissəsini təşkil edir və ümumilikdə üç kitabdan ibarət bir seriya olaraq planlaşdırılmışdır. Hazırda seriyanın davam kitabı olan ikinci hissə üzərində işləyirəm. Əgər qismət olarsa, 2024-cü ilin əvvəllərində yeni kitabımı tamamlayaraq oxucularımı daha çox gözlətmək istəmirəm. Bu kitab, mənim yazıçılıq karyeramda yeni bir dövrü təmsil edir və oxucularıma sürükləyici, düşündürücü bir macəra vəd edir.

 

-Ənənəvi kitablara yoxsa elektron kitablara üstünlük verirsiniz?

 

-Ənənəvi kitabların mənim üçün xüsusi bir yeri var. Elektron kitabların praktikliyi və əlçatanlığı müzakirə edilməz olsa da, ənənəvi kitabların toxunuşunu, səhifələri çevirərkən eşidilən həmin xəfif səsi və kağızın qoxusunu heç bir şey əvəz edə bilməz. Bir kitabı əlimə aldığımda, yalnız bir hekayənin içində dalmaq olmur; eyni zamanda keçmiş yazıçıların, mütəfəkkirlərin və macəraçıların ruhunu hiss edirəm. Bir kitabı barmaqlarının arasında tutmaq adətən zamanın ötəsinə bir səyahət kimi olur.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Türkiyədəki cari mütaliənin vəziyyəti haqqında düşündüyümdə, keçmiş illərə nisbətən son zamanlarda gözə çarpan bir artım olduğunu görmək məni həqiqətən ümidləndirir və sevindirir. Əvvəllər oxumaq adəti, təəssüf ki, cəmiyyətin ümumiyyətində kifayət qədər geniş yayılmamışdı. Ancaq son illərdə bu vəziyyətin dəyişməyə başladığını görmək, bir yazıçı və kitabsevər kimi məni çox məmnun edir. Bu dəyişiklik, texnologiyanın təsiri ilə daha geniş kütlələrə çatan kitab və oxu mədəniyyətinin bir nəticəsi kimi görülə bilər. Sosial media və müxtəlif rəqəmsal platformalar vasitəsilə insanlar, əvvəllər heç maraqlanmadıqları janrlardakı kitablarla tanış olma fürsəti tapırlar. Həmçinin, kitab sərgiləri, ədəbiyyat festivalları və müxtəlif mədəni tədbirlər də oxumaq adətinin artmasında əhəmiyyətli rol oynayır.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

 

-Açıq danışmaq lazımdırsa, indiyə qədər Azərbaycan ədəbiyyatını yaxından izlədiyimi deyə bilmərəm. Ancaq bu sualı mənə verməyiniz, mənim üçün bir oyandırıcı nöqtə oldu. "Niyə indi maraqlanmağa başlamayım ki?" deyə düşünməyə başladım. Ədəbiyyat, fərqli mədəniyyətlərin və cəmiyyətlərin pəncərəsindən dünyanı anlamaq üçün əvəzsiz bir yol təqdim edir. Azərbaycan ədəbiyyatı da öz xüsusi səsi, dərin tarixi və zəngin mədəni irsi ilə şübhəsiz kəşf edilməyə dəyər. Bundan sonra Azərbaycan ədəbiyyatını daha yaxından tanımaq və araşdırmaq istəyirəm. Bu, həm şəxsi inkişafım, həm də mədəni anlayışım baxımından əhəmiyyətli olacaq. Azərbaycanın ədəbi əsərləri, şairləri və yazıçıları haqqında məlumat əldə etmək bu zəngin ədəbiyyat dünyasına səyahətimin başlanğıcı olacaq. Hər mədəniyyətin ədəbiyyatı, özünəməxsus hekayələr və baxış bucaqları təqdim edir; buna görə də Azərbaycan ədəbiyyatı haqqında məlumatımı genişləndirmək, mənim üçün həyəcanverici bir kəşf olacaq.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?

 

-Gələcəyə dair planlarım haqqında danışarkən, YouTube-da məzmun yaratmağa, Allahın izni ilə, uzun bir müddət davam etmək arzusundayam. İzləyicilərimlə aramda xüsusi bir əlaqə var və onlardan ayrılmağı heç düşünmürəm. Videolarım vasitəsilə onlarla əlaqə qurmaq, paylaşımlarda mövcud olmaq və onlardan gələn geri bildirişləri almaq mənim üçün qiymətsizdir. Kitab yazmaq isə mənim üçün vazkeçilməz bir ehtirasdır. Sağlıq və ömrüm imkan verdiyi müddətcə yazmağa davam etmək istəyirəm. Qələmimdən tökülən hər cümlə, mənə yeni bir dünyanın qapılarını açır. Hazırda üzərində işlədiyim "İstila 2030" romanımla yanaşı, gələcəkdə yazmağı planlaşdırdığım bir çox kitab fikrim var. Həmçinin, "İstila 2030" romanımı kinoya çevirməyi planlaşdırırıq. Əgər hər şey yolunda gedərsə, kitabdakı Yasin xarakterini filmdə mən canlandırmağı düşünürəm. Kino sektoruna olan bu ilk addımım, inşallah daha bir çox layihəyə qapı açacaq. "İstila 2030"dan sonra, əgər kino sektorunda davam edərsəm, aktyorluq etməyin yanında kamera arxasında rejissor və ssenarist kimi fəaliyyət göstərməyi üstün tutaram. Kino mənim üçün yeni bir ifadə sahəsi olacaq və bu sahədə özümü inkişaf etdirmək istəyirəm. Əlbəttə, Allahın bizə nələr göstərəcəyini zaman göstərəcək. Hər şeyin xeyirlisi olsun deyə dua edirəm. Bu səyahətdə, xəyallarımı və hədəflərimi həyata keçirə bilmək üçün səbirsizlənirəm.

 

-Sizi Azərbaycanda da görməyə çox şad olarıq İnşallah!  Dəyərli vaxtınızdan bizlərə zaman ayırdığınız üçün təşəkkür edirik   Tuncer bəy.

 

-Son olaraq, inşallah yaxın zamanda Azərbaycana imza günü üçün gəlməyi planlaşdırırıq. Azərbaycanlı oxucularım və izləyicilərimlə yaxından tanış olmaq üçün can atıram. Bu müsahibəyə vaxt ayırdığınız üçün çox təşəkkür edirəm. Sağlam və xeyirli günlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)