Altmış beşdən baxanda Featured

Rate this item
(0 votes)

Bilal Alarlı yazır

 

“Ədəbiyyat və incəsənət” portalı Cəlilabadda yaşayıb yaradan yazar Bilal Alarlının “Altmış beşdən baxanda” adlı yazısını sizlərə təqdim edir. 

 

 

ALTMIŞ BEŞDƏN BAXANDA

 

Gileylə dünya düzəlmir,

udqunasan, 

udasan sözünün acısını gərək 

yeri gələndə.

Həyat nərd oyununa bənzəyir,

sən aparırsan səni aparanı

əlinə şeşlərin zəri gələndə.

(Özümdən örnək)

 

Hər insanın həyatında ağrılı günlər olur. Bəlkə də çətinliklər olmasa, xoş günlərin qədri bilinməz. Oxşar məqamları mən də yaşamışam, on dörd-on beş yaşımda revmatizmdən yataq xəstəsi olmuşam və bir il altı ay yeriyə bilməmişəm. Ölmüşəm, qəbrim qazılıb, ayılmışam və qırx il İlaxır çərşənbədə öz qəbrimin üstündə şam yandırmışam. Xəstəlikdən ayılandan sonra üç ali məktəb bitirmişəm, aspirantura təhsili almışam, dissertasiya müdafiə etmişəm, indi də doktorant kimi elmi fəaliyyətimi davam etdirirəm. Şükür Tanrının kərəminə! Amma ağrılarım bununla bitməyib, təxminən on il bundan qabaq xərçəng diaqnozu ilə müalicə almalı olmuşam. Atam da xərçəng xəstəliyindən dünyasını erkən dəyişib. Evin böyük oğlu olduğum üçün ailənin yükünü çəkmək mənim boynuma düşüb. Əli çiynimdə olanların qayğısı bəzi arzularımı vaxtında reallaşdırmağın qarşısını alıb, amma qardaşlarımın, bacılarımın bütün problemlərini yerbəyer eləmişəm. Hətta həyat yoldaşımın oxumasına və uşaqlarımın da ali təhsil almasına nail olmuşam. Tanrı atamdan uzun bir ömür yaşamağıma fürsət verdi, revmatizm xəstəliyindən xilas olduğum kimi, xərçəngdən də yaxamı qurtardım. Bunun səbəbi mənim öz dərdimə özümün əlac etməyim oldu. Mənim fikrimcə, xəstə öz həkimi olmasa, dünyanın bütün həkimləri yığışsa belə, onun dərdinə əlac edə bilməz. 

Təkrar müayinəyə gedəndə həkim təəccübləndi və dedi: “Mən xərçəng diaqnozunu xəstəyə bir dəfə qoyuram, gedir və qayıtmır, amma sən qayıtdın, sən möcüzəsən! Neyləmisən ki, sağalmısan?” Mən dedim, özüm öz həkimim olmuşam! 

Kimliyimin bu ağrılı səhifələrini təsadüfən xatırlamadım. Bu il sentyabrın 8-də mənim 65 yaşım tamam oldu. Nəslimizdə altmışı ilk haqlayan mən olmuşam. Babalarım çox cavan yaşlarında dünyadan köçüblər. Atama yazdığım şeirdə deyirəm:

 

Ata, mən altmışa gəldim, 

sənin gəlmədiyin yaşa 

daş qoydum.

Çoxlarını heyrətdə saxladım,

özümü də çaşbaş qoydum.

Bu, zirvədirsə, üzü enişə gedirəm,

Oğul kimi böyütdün məni, 

indi sənin yaşına 

atalıq edirəm.

Sənin çəkdiklərini çəkdim, 

doymadım, 

Bircə sevdiyin siqareti çəkmədim.

Mən altmışı dizə çökdürdüm,

Bu altmış ildə  

kimsənin önündə 

diz çökmədim.

 

Yeri gəlmişkən, bildirim ki, yeniyetmə yaşlarımdan şeirə və folklora maraq göstərirəm. Mənim folklor nümunəsi topladığım insanlar artıq həyatda yoxdur, amma onların söz xəzinəsini öz sinələrində o dünyaya aparmasına imkan vermədim. İlk şeir kitabım “Quş dili” adlanır. Uğurlu alındı, haqqında çağdaş tənqidçilərin demək olar, hamısı fikir bildirdi, məqalə yazdı. Sonralar folklora dair kitablarım, toplama materiallarım işıq üzü gördü. Qırxa yaxın kitabın sevincini yaşamışam. Amma mənim yaddaşımı oynadan Cənub bölgəsində yaratdığım “Nöqtələr” ədəbi qrupunun toplularıdır. Bütün topluları öz şəxsi vəsaitimlə çap etdirmişəm. 

Sonralar yaratdığım “Muğan folklor və yaradıcılıq mərkəzi” xeyli iş gördü. Onu da deyim ki, bu yaradıcılıq mərkəzinin yükünü təkbaşına çəkmişəm. 

Bölgənin klassiklərini də diqqətdən kənarda qoymamışam. Dini şeirlər yazan Seyid Miryusif ağanın iki, el şairi Misir Alarlının üç kitabını, şair-publisist Qasid Nağıoğlunun ilk (və son) kitabını yazı makinasında və kompüterdə yığıb nəşriyyata təqdim etmişəm. Hər üçünün ruhu şad olsun!

İki yüzdən çox gəncin ilk kitabı nəşriyyata mənim əlimdən gəlib keçib, redaktə etmişəm, ön söz yazmışam, hətta nəşriyyatdan götürüb müəllifə təhvil vermişəm. Şagirdlərimin və tələbələrimin də yaradıcılıq nümunələrini ədəbi orqanlara çıxarmışam, toplu halında nəşr etdirmişəm və bütün bu işlərin maliyyə problemlərini halal əmək haqqımın hesabına həyata keçirmişəm. Xeyir-dua verdiyim gənclərin bir neçəsi artıq Yazıçılar Birliyinin üzvüdür. Halal xoşları olsun! 

Bu gün fikirləşirəm ki, az iş görməmişəm. Ciddi mətbu orqanların olmadığı bölgədə ədəbi mühiti canlandırmaq elə də asan iş deyil, bu işdə mənəvi dəstək kifayət etmir, maddi köməyə də ehtiyac duyulur. 

Bölgədə yaşayan ədəbiyyat fədailəri vaxtında yada düşmür. Başqaları ilə işim yoxdur, özümlə bağlı bir məsələni çatdırmağı vacib bilirəm. Altmış beş yaşıma qədər bircə dəfə də olsun yubiley tədbirim, kitab təqdimatım keçirilməyib. Bölgədə başqaları üçün keçirilən bu tədbirləri isə mən özüm təşkil etmişəm. Altmış beş yaşım da səssiz keçir, amma kimsədən incimirəm, sadəcə, bütün qələm adamlarının adından bu möhtəşəm yubiley münasibətilə özümü təbrik edirəm. Təki Tanrı yaxşı işləri həyata keçirməyə ömür versin!

Tanrı məni peyğəmbərdən sonra öz nəzərində uca tutduğu bir adam kimi yaradıb, mənə özünə xas olan söz yaratmaq qüdrəti verib. Yaratmaq Tanrıya məxsusdur, söz yaratmağı da şairlərə Tanrı özü hədiyyə edib:

 

Mən ölümdən qorxmuram,

Diri ölüyə dönməkdən qorxuram.

Məni özünə tay tutubsan, Ulu Tanrı, 

Bu ucalıqdan enməkdən qorxuram.

Bir diləyim var səndən, Ulu Tanrı,

son duamı eşit,

mənə ləyaqətli bir həyat vermisən,

ləyaqətlə yetir

bu ömrü

son ana da.

Ömrümün sonunda

məni möhtac eləmə

boynunda haqqım olan

insana da.

 

Altmış beş illik “yubileyimə” hədiyyə olaraq son iki ildəki “Yaşantılarım”ı işığa çıxarmaq qərarına gəldim, elə bilirəm, ömrünü ədəbi mühitin canlanmasına və elmi araşdırmalara həsr etmiş bir bölgə şairinin sözə çevrilmiş dərdi-səri qismən də olsa, oxucuları maraqlandıracaq. Sözlə qol-boyun olub Tanrı dərgahına üz tutmuşam, ömrümün axırına piyada gedirəm. Oxuculara “Yaşantılarım” kitablnda təqdim etdiyim şeirləri isə son iki ildə qələmə almışam. Şeirlərin məzmununda yaş ovqatını görmək mümkündür.

 

Ədəbiyyat və incəsənət”

(29.11.2023)