QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

68-Cİ DƏRC

 

     Ümumiyyətlə, 1988-ci ilin noyabrında ermənilərin Spitak rayonunda qətlə yetirdikləri 216 nəfərdən 57-si qadın, 5-i südəmər körpə, 18-i müxtəlif yaşlı uşaqlar olub. Basarkeçər rayonunun Şişqaya kəndində 4 yaşlı Elvin Məmmədovu, yaşı tamamlanmamış Elçin Bəhramoğlunu, 11 yaşlı Şahin Balacayevi ermənilər vəhşicəsinə qətlə yetiriblər.

      Azərbaycanın elə bölgələri var ki, orada Qarabağ müharibəsinin ilk şəhidləri məhz körpələr olub. Jurnalist M.Nərimanoğlunun "Dağların sinədağı" adlı kitabında qeyd olunub: "Kəlbəcərin şəhidlik qisməti ilk dəfə süd qoxulu 8 körpəyə düşdü. Ermənilərin qətlə yetirdiyi bu fidanların - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) görən günahı nə idi? Onlar ermənilərə nə etmişdilər? Hansı kəndinə basqın edib, hansı "harsını"na güllə atmışdılar? Ağır döyüşlərdə, yerdən, göydən atılan atəşlərdən həlak olanlar arasında təsadüfən uşaqların olması mümkündür. Amma 1989-cu ildə Kərkicahanda öz bağlarında oynayan 11 yaşlı Nadir İbrahimovla 9 yaşlı Nicatın ermənilər tərəfindən güllələnməsi hansı insanlığa sığır? 1988-ci ildə Sevan şəhərində 22 nəfər azərbaycanlı uşağını su quyusuna ataraq boğmaqları bəs?”

    1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində Məhsəti türklərinin başına gələn müsibətlə bağlı SSRİ-nin məşhur "Sovetskaya Rossiya" qəzetində bir yazı dərc edilmişdi. Ermənilər tərəfindən qızışdırılmış kütlə türklərə qarşı ağılagəlməz vəhşilik həyata keçiribmiş. İnsanlar diri-diri yandırılır, başları kəsilirdi. Həmin yazıda jurnalistə müsahibə verən ana öz zillətini belə dilə gətirmişdi: "Mənim uşağımı, balaca oğlumu quldurlar yabaya keçirib havaya qaldırdılar... Qızlarımızı zorladılar. Kəsilən başları payalara sancdılar".

  Baş ekspert ürəyini ovuşduraraq mətni yarımçıq saxladı, onun xahişi ilə mətnin davamını başqa ekspert oxudu. Bu kiçik fasillədə auditoriya ah, of nidalarını yüksəldir, Zori Balayanı və tüm erməni millətçiliyini lənətləyirdi.

Tribunaya çıxan milliyyətcə macar ekspert “Biz macarlarıq, hunuq, Atillanın nəslindənik, türklərlə eyni soydanıq. Yer üzündə türklər qədər alicənab və mərd xalqmı var?” girişindən sonra mətnin davamını oxudu:

          -1990-cı il yanvarın 19-u axşamı erməni quldurları Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum etdilər. Onlar burada da ağlagəlməz vəhşətlər törətdilər. 6 yaşlı Elvin, 4 yaşlı Malik Nəsirzadə qardaşlarını da qətlə yetirdilər. Bir evin sevinci, bir ailənin ümidi olan iki günahsız körpə Sədərəyin ilk şəhidləri sırasında dayandı.

Xocalı soyqırımı əsrin faciəsi adlandırılır, ötən proseslərimizdən biri bu mövzudaydı. Xatırladıram ki, bu soyqırımında da 63 uşaq ermənilər tərəfindən qətlə yetirilib. David Xeyriyan adlı bir erməni müəllif  "Xaç naminə" kitabında yazıb: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı".

Eçmiədzində ermənilərin azərbaycanlı qadın Roza Bəktaşini və onun iki körpə qızını çox dəhşətli şəkildə qətlə yetirmələri faktı da qeydə alınıb. Ermənilər onların hər üçünü çoxlu sayda ilanların olduğu xəndəyə atıb və xəndəyin kənarında dayanaraq ilanlar tərəfindən ananın və balalarının hansı əzablara, dəhşətlərə məruz qalmalarını,  necə fəryadla can verməklərini seyr ediblər.

Adı prosesimizdə keçmiş erməni tarixçisi A.Lalayan öz quldurlarının tükürpədici əməllərindən bəhs edərək yazıb: "Daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirirdilər. Onlar insanları - öz qurbanlarını eybəcər hala salırdılar. Daşnak Vahramın "qoçaqlığı" isə daha dəhşətlidir: "Mən heç nəyi nəzərə almadan türkləri qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar atasan. Belə də etdim. Bütün qadınları, uşaqları quyuya doldurub üstlərinə ağır daşlar tökdüm".

Ekspertin bu yerdə çıxışını dayandıran Baş Hakim söylədi:

-Mən Zori Balayana son söz vermək istəyirəm.

Zori Balayan zəif, çətinliklə eşidilən səslə (elə bil heç prosesin əvvəlində guruldayan o deyildi) söylədi:

-Mənim 82 yaşım var. Bu yaşda yeganə istəyim son günlərimi çox sevdiyim nəvə-nəticələrimin əhatəsində sakit, rahat keçirməyimdir.

Baş Hakim qəzəb yağan sözlərlə söylədi:

-Xeyir, cənab Balayan. Həmin o sakitçilik və rahatçılıq əslən sizə qismət olmayacaq. Az öncə ekspertimiz uşaqlara qarşı baş vermiş erməni cinayətlərini sıralayanda yazıçı-jurnalist David Xerdiyanın "Xaç uğrunda" kitabından bir hissəni oxudu. Son nitqimdə, ittiham kəlmələrini səsləndirməzdən öncə mən həmin kitabdan başqa bir hissəni oxumaq istəyirəm.

Baş Hakim əsl bədii qiraət ustası kimi intonasiyadan gözəl istifadə edərək kitabdan oxumağa başladı:

-"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu - red) 2000-ə yaxın alçaq monqolun (türklərin - red) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o? yavaş-yavaş nəfəs alır. Soyuğa, ac olmasına və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra cəsədləri yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi"...

Auditoriyadan lənət nidaları yüksəldi, qız-qadınlar isə hönkürüb ağlayırdılar.

Zori Balayan tam sıxılmış, kiçilmişdi, elə təəssürat yaranırdı ki, məhz həmin o 10 yaşlı qızın ruhudur, onu əzir, taptalayır, diri ikən canını cismindən  çıxarıb dara çəkmək istəyir.

 

 

 (Sonu sabah)

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)