Bir dəfə duyulmayan min dəfə susar - HEKAYƏ

Rate this item
(4 votes)

 

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Abituriyentlərlə yanaşı valideyinlərin də həyəcan içində olduğu iyul yenə də öz sürprizləri ilə gəlmişdi.

Fatimə kompüterin qarşısında həyacanla şəxsi səhifəsinə daxil olmağa çalışır, titrəyən barmaqları ilə kodu yazırdı.

Birdən o yerindən sıçrayıb, qışqırmağa başladı.

Qız: Ana...ana...ana... Bax...bax (hıçqıra hıçqıra, gözündə yaşla), 670 bal toplamışam. Yəni "Hüquqa" pulsuz düşürəme, ana, Hüquqa. Qızın Hüquqşünas olacaq, vəkil olacaq .

Ana: Təbrik edirəm. Amma hələ az yığmısan, üç ildi pullarımızı hazırlıq müəllimlərinin boğazına tökürük. Özü, də ki başın çatmir sənin, az?  Müəllimliyə verəcəksən. Qız uşağı üçün ən gözəl peşə budur.

Qız: Ana, nə danışırsan sən? Zarafat edirsən? Mən  üç il gecəmi gündüzümə qatmışam ki müəllim olum? Mən istəmirəm, mən bu peşəni sevmirəm. Mənim xəyalım Hüquqşünas olmaqdır. 

Ana: Mən zarafat edənə oxşayıram, az? Hüquqşünas olacaq, yox bir müqüqsunas olacaq. Sənin ağlın qaçıb ha. Rədd ol get otağına, əmimin oğlu müəllimdi, deyəcəm gəlib kodlaşdırmanı da etsin.

Qız: (ağlaya-ağlaya, qəhvəyiyə çalan termonun üstündəkiləri dağıdaraq) ana, sən görəcəksən, mən özümü öldürəcəm, onda meyidimi edərsən müəllim. Sən görəcəksən! Görəcəksən!

Ana:  Rədd ol! Qudurmuş küçük! Türk seriallarına çox baxırsan sən. Özünü öldürəcək, yox bir. Bizi biabır etmək istəyirsən, deyəsən, el aləmdə.

Qız: Batsın sizin bu cəmiyyət! Batsın sizin bu cahil beyniniz . Sizin kimi cahillərə görə hər il, hər gün, hər saniyə necə gəncin həyatı məhv olur: ya ümidləri puç olmuş, sadəcə, nəfəs alaraq, ya da nəfəsini bu dünyadan sonsuza qədər kəsərək. 

Ana: Sənə demədim, rədd ol burdan?! Cəhənnəmə öldür nə edirsən et. Mənim sən adda qızım yoxdu daaa, rədd ol, az!

 

Həmin günün axşamı. Başını qaraya bağlamış bir qadın, dizlərinə, başına döyərək,  gənc bir qızın meyidinin üstündə ağlayaraq deyir:

-Ay qızım, ay Fatimə, neynədin axı sən  özünə, neynədin. Qələt eləmişəm, ay bala, qələt eləmişəm, dala qayıt gəl, qucaqla yenə bərk- bərk məni. Ürəyimi yara etdin, ay bala. Oyy, Ay Allah, qələt eləmişəm. Ay Fatimə, ciyərimi yandırdın, ay bala, ciyərimi.  Gəl istədiyin yerdə qoyacam oxuyarsan. 

Yasa gələn arvadlardan biri: Bir görürsən az Sevdanı? Yalandan necə özünü artistliyə qoyur, guya qızını oxumağa qoymayıb, ona görə qız öldürüb özünü. Allah bilən, günahı öz boyunlarına, qızın nə zibil işi var imiş. Kim bilir, kimlərlə mıcığlaşıb, kimlərlə nə hoqqalardan çıxıbmış ki, öldürüb özünü. 

O biri arvad: Nə deyim e. Vallah indi gərək qızları tez verəsən ərə ki, ana-atanın başını yerə soxmasın. Allah haqqı mənim qızımı bilirsən də, gül kimi qız idi, amma yenə də tez verdim ərə. Nə var e mənim yanımda. Yaşı keçməmiş vermək lazımdı.

Başqa bir qonşu:  Hə də az, düz deyirsiz. Ay bacı, elə nəsə bir zibil işi var imiş bu qızın . Nəysə ee, Allah ailəsinə səbir versin...

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)