Plagiatçılıq baş alıb gedir

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yazarların giley-güzarı nədəndir? Son vaxtlar ən çox qulağımızı yağır edən “mənzil bölgüsü” məsələsi tədricən səngiyir, bu dəfə plagiatlıqdan danışacağıq. Həmsöhbətimiz isə ustad şair Ramiz Qusarçaylıdır. 

 

Mənim bir şeirim var, “Sən mənim ömrümə…” misraları ilə başlayır. Bu şeiri 1983-cü ildə yazmışam. Onda "Elm və həyat" jurnalında işləyirdim.

 "Çörəyim daşdan çıxır" adlı ilk kitabımda da dərc olunub.

Bu günə kimi bu şeirin şirəsini sorub nə qədər "şeir" quraşdıran olub, musiqi də bəstələtdiriblər, qiraətçilərə də oxutdurublar...

Plagiatllq baş alıb gedir...

Onu “Ədəbiyyat və incəsənət” portalının oxucuları ilə bölüşürəm. 

 

*

Sən mənim ömrümə gələn bir bəla,

Sən mənim ömrümə süzülən işıq.

Ikimiz bir yerdən sökülən qala,

Ikimiz bir yerə hörülən daşıq...

 

Bir cığır üstündə izimiz ayrı,

Bir cığır üstündə qoşa gedirik.

Yükümüz bir olub, özümüz ayrı,

Elə dola-dola boşa gedirik.

 

Bizi bizdən alıb üzür bir qayıq,

Gedirik,

bir gündüz, gecə bilmirik.

Elə bir dənizin ortasındayıq,

Qayıda bilmirik, keçə bilmirik...

 

Yıxılan özümüz, yıxan özümüz,

Beləcə aldadaq, aldanaq niyə?!

Tələsə-tələsə görüşürük biz,

Tələsə-tələsə ayrılaq deyə...

 

Sənin qışında yaz, yazında qışam,

Düşüb odun üstdə qar ola billəm,

Sənsiz torpaq altda ilişən xışam,

Dartına-dartına qırıla billəm.

 

Payızam,

bir eşqin qərib çağıyam,

Gizli solmağımdam xəbərin olmur.

Sənin dan yerində qürub çağıyam,

Elə şər qarışır,

səhərin olmur. 

 

Göz yuma bilmirəm bu vərdişinə,

Qəlbinin qanıdır gözündən daman.

Soyuğam indiki nəvazişinə,

O ilk həsrətinə həsrətəm yaman.

 

Nə səni qınayım, nə məni qına,

Birimiz ikiyik, ikimiz birik...

Düşmüşük taleyin burulğanına,

Yol tapıb bir yana çıxa bilmirik...

 

Sən mənim ömrümə gələn bir bəla,

Sən mənim ömrümə süzülən işıq.

Ikimiz bir yerdən sökülən qala,

Ikimiz bir yerə hörülən daşıq...

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)