BİRİ İKİSİNDƏ –Ruzbeh Məmmədin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Ruzbeh Məmmədindir.

 

 

Ruzbeh MƏMMƏD

 

 

MÜHARİBƏ 

Qulağını gətir, pıçıldayım... sonuncu sağlıq
Aman Allah, bu nə yolçuluq, bu nə uzaqlıq
Kövrəlmə, yekə kişisən, bu nə uşaqlıq?

Aman-zaman bircə unutma –
arxada durub
qoynunda qollarını 
unudanları,
bir qucaqlıq canı olan 
qadınları,
unutma hamının atıb getdiyi
eynəkli adamları...

Səni and verirəm barıt qoxulu köynəklərə,
Qayıtsan, döyüşdən qoca analar üçün eynək,
əri güllələnən qadınlara məktub gətir.
Bir də gəl qucaqlaşaq, nə olar, nə olmaz...


ANAMA SƏHƏR MƏKTUBU

Səhər günəşi doğmadan, payız yağışı yağmadan başlardı ömür
Təndir qoxulu ana, elə ağlaram ki, elə ağlaram...
Şəklinə baxıram, kəndimiz, yağışımız, dumanımız, bir az da taleyimiz görünür,
Uzaqdan elə görünürsən, elə görünürsən...

Taleyimdə elə xatirələr var ki, yadıma düşdükcə yaşlaşıram,
elə yerdə dayanmışam ki, tərpənmək bu andan yıxılmaqdı...

Bilmirəm, kim qarğıdı, xoş gün gəzə-gəzə uzaqlaşıram səndən də, 
Taleyim elə yerlərə atdı ki, qaçıb qurtula bilmədim, bilsəm, sənə yaxınlaşardım. 

Ömrüm uzundu, ya qısa – hər ikisi hüzndü, ağrıdı, qolları ləçəkli ana,
bircə sən bil bunu, başqa heç kəs...


UŞAQ CORABLARI 

Mən heç bir uşağı qurtara bilmədim,
Mən heç bir ananı da qurtara bilmədim,
Mən heç bir qadını da qurtara bilmədim,
Hamısını torpaq, daş altında qoyub yatdım.
Hamısının yerinə isindim, hamısının yerinə su içdim,
Bax, mən də Tanrı kimiyəm... 

Uşaq paltarı göndərmədim, cibinə şokalad doldurub
Corab göndərmədim uşaqların ayaqları üçün – dondu balaca uşaqların  kəpənək barmaqları... 

Ağrımadı əlimin soyulmuş dərisi, 
Qanlı barmaqlarımın qanın istisi ilə isitmədim körpəciklərin üzünü.
Mən elə gözümü yumdum ki, görmədim yer üzünün naqisliyini
Mən elə susdum, o hökmü verən Tanrını görmədim. 

Amma mən, mən ağladım,
Qızımın yorğandan çöldə qalıb azca soyumuş barmaqlarını öpüb ağladım...
Amma mən nə qədər uşaq əlləri isidə bilərdim dodağımla,
Nə qədər uşaq ayağı saxlaya bilərdim ovcumda,
Nə qədər göz yaşı axıda bilərdim onların qarşısında... 

Mən təkcə uşaq corabları göndərəcəm,
Bilirəm, donub ölən anaların istəyi təkcə budur...


SEREBRAL İFLİC

Göylə əlləşmək, yerlə vuruşmaq yorur,
Hara gedəsən? – güllələndi ədalət hissi.
Sağ olun, qəddar adamlar, nə yaxşı ki, varsınız.
Bu andan sonra quşlara ömür diləyirəm, 
bahara səbir,
Qaytara bilmirəm borcumu,
külək, yağış...
Ah, yağış, aman yağış...insanından yaxşı yağış.

Bəs ömrümdə kim azıb, kim itkin düşüb belə,
Hər yerim tənhadı, hamıdan bezən mənəm.
Mənə doğma, mən xoş – yosun, dəniz, ah balıq,
Sahilinə vurğun dəniz, ləpə, ah dəniz...
Yarpaqlarına kölgənənən ağac, budaq,
Kərpicinə söykənən divar, ah divar,
İntihar üçün kürəyimi sənə söykəyirəm... 

İki qız uşağı serebral iflic, ana tərk edilmiş, 
bu nə gündü, bu nə bəxtdi, İlahi?
İndi necə deyim bu gününə şükür,
Bircə deyə bilirəm: qadınına şükür,
payızına şükür, əl çatmayan göyünə şükür... 

Ölmək vaxtı, güllələnmək vaxtı, intihar vaxtı,
Gəlin qucaqlaşaq, adamlar, gəlin, son dəfə... 

Səni körpə ətcabalalı quşlardan, büklüm-büklüm yuvalardan
Soruşardım, İlahi, amma həvəsim də qalmadı.
İlahi, çox sağ ol, mən burda dayanıram:
mən sənə qaytarıram ömrümü də – Əlvida...


ERALARA BÖLÜNMÜŞ DÜNYADA QADIN ƏLİ 

Bu günə kimi elə bilirdim, qadın kişi üçün

Tanrı tərəfindən göndərilən hədiyyədi,
Elə bu günə qədər bilirdim, qadın kişinin müqəddəs yeridi.
Bu günə qədər elə bilirdim,

qadın qollarından adam xoşbəxtlik düzəldib yaşaya bilər,
Sən demə, qadın kişinin çəkildiyi ən böyük dərd yeridi,
Həm də qadın kişinin məhvidi... 

Tarixdəki qəhrəman qadınları bizə sırıyan tarixçiləri

hələ neçə-neçə əsr söymək olar,
Məsələn, yalandı Janna Dark, yalandı Vanqa
Ki, ehtiraslardan ötə keçə biliblər... 

Qadınların kişinin tərəfinə keçmə istəyi,
yəni kişiyə özünü təslim etməsi, azadlığa qovuşma istəyidir –
ehtirasın ən sonuncu dayanacağıdı qadın... 

Hardasa müharibələr də olmayacaqdı tarixdə,
əgər ki, Tanrı yer üzünə qadın gətirməsəydi,
Əslində, elə bilirdik, yaşamaq üçün mütləq qadın lazlmdı,
sonra başa düşdük ki, intihar üçün ən yaxşı vasitədir.
Amma susaraq deyim; qadın kişinin məhvidi...

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)