Şair Elbrus Qəmgin vəfat edib

Rate this item
(0 votes)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Üzücü xəbər aldıq. Şair Elbrus Qəmgin bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. 

Elbrus Qəmgin Türkiyə Respublikasında - İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Hal-hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır. Elbrus Qəmgin doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılacaq. 

 

Elbrus Qəmgin İxtisasca filoloqdur. 16 kitab müəllifidir. Klassik poeziyamızın qəzəl, qəsidə, təcnis, bayatı, qoşma, gəraylı, müxəmməs kimi nümunələrini yaradıb, ayrıca satiraları, təmsilləri, poemaları, Səməd Vurğuna həsr etdiyi dram əsəri var. 

 

May ayının 30-da "Qazax" Xeyriyyə İctimai Birliyi və AYB-nin birgə təşkilatçılığı ilə AYB-nin "Natəvan" klubunda Elbrus Qəmginin 70 illik yubileyi keçirildi. Yubiley tədbiri yüksək əhval-ruhiyyə ilə yaddaşlarda qaldı. Onda bilməzdik ki, bu görüş Elbrus Qəmginlə son görüşdür.

Həyat nə qəribədir. Bir də baxırsan ki, dünən hal-əhval olduğun adam bu gün xatirəyə çevrilib əbədiyyətə qovuşub. 

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları şair Elburus Qəmginin vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2013)