POETİK QİRAƏTdə Ramiz Qusarçaylının “Mahur hindi”si

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə ustad  şair Ramiz Qusarçaylı görüşür.

 

Mahur hindi...

 

Məni saldı yaman dərdə,

Əriyirəm pərdə-pərdə,

Bu Şuşalı pərdələrdə

Öləcəyəm...

yuxum çindi,

Mahur hindi...

 

“Rast” dəstgahı dərd ayəti,

“Əraq” əzmin “Vilayəti”,

Ruhum, öt  bu qiyaməti

Yer yarılar sussam indi

Mahur hindi...

 

Mizrab zildə dəm əhlidi,

Qərib avaz bəm əhlidi,

Can qürbətdə qəm əhlidi,

Qəmdən qəmə yollar mindi

Mahur hindi...

 

Məcnun könül biyabandı,

Leyli eşqin zülfü qandı,

Cabbar, Seyid, Zülfü, Xandı,

Naləsində daş da dindi

Mahur hindi...

 

Muğam Rəbbin səs rəngidi,

Səs də ruhun ahəngidi,

Ölüm ömrün son cəngidi,-

Bir təsnif də Ramizindi...

Mahur hindi...

Mahur hindi...

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)