Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyatımız beynəlxalq arenada təmsil olunmaqda, poeziyamız müxtəlif arenalarda səsləndirilməkdədir.

İstedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn Türkiyədə keçirilən XIV Beynəlxalq İstanbul Ədəbiyyat və Şeir Festivalında iştirak edir.

 

Bu barədə Fərid Hüseyndən məlumat almışıq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Beykoz Bələdiyyəsinin dəstəyi ilə təşkil edilən festivalın açılışı Rami Kitabxanasında keçirilib.

Açılış mərasimində festivalın rəhbəri Adnan Özər, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Müəllif hüquqları şöbəsinin müdiri və Türkiyə Cümhuriyyətinin UNESCO üzrə təmsilçisi Ziya Daşkənd çıxış ediblər. Natiqlər beynəlxalq poeziya tədbirinin tarixindən, əhəmiyyətindən və dünya ədəbiyyatındakı önəmindən danışıblar.

Sonra şairlər poeziya haqqında məlumat verib, eyni zamanda, şeirlərini səsləndiriblər.

F.Hüseyn Azərbaycan ədəbiyyatı, müasir poeziya barədə çıxış edib və sonda “Başqa cür olmur” adlı şeirini səsləndirib.

F.Hüseyn noyabrın 23-də Türkiyənin Mədəniyyət Universitetinin kitabxanasında “Türk dünyasının modern poeziyası” mövzusunda məruzə edəcək. Bundan başqa, gənc şair festival günlərində təşkil edilən müxtəlif poeziya axşamlarında şeirlərini oxuyacaq.

Festival noyabrın 26-dək davam edəcək.

Bu arada Fərid Hüseyndən aldığımız bilgiyə görə, 2021-ci ildə Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı çərçivəsində onun  “Yaddaş ilanı” adlı şeirlər kitabı “Vapur” nəşriyyatı tərəfindən yüksək tirajla çap edilib. Türkiyə, Serbiya, Moldova, Gürcüstan, Tatarıstan (Rusiya) və İraqda keçirilən poeziya festivallarında, habelə İngiltərə, Misir, Polşa, Macarıstan, Monteneqro, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında Azərbaycan mədəniyyətini uğurla təmsil edən gənc şairin kitabları Amerika, Moldova, Serbiya, Özbəkistan və Türkiyədə nüfuzlu nəşriyyatlar tərəfindən yayımlanıb.

Uğurlar, Fərid Hüseyn!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)