“Ha səslə "ağ" günü, gəlmirsə, gəlmir” - Şamil Ənvəroğlunun şeirləri Featured

Rate this item
(4 votes)

Gözəl əsərlər ruhun üsyanından doğar...

 

Ha böyüt ruhunda bir gül fidanı,

ha gözlə gülünü, açmırsa, açmır.

ha bəslə qanadı sınıq arzunu,

ha qaldır baş üstə, uçmursa, uçmur.

 

ha qov nankorları, getsin yanından,

ha qaç taleyindən, ömür "payından",

ha tut əllərindən, çox sev canından,

ha istə Tanrıdan, olmursa, olmur.

 

ha qayna bulaqtək axsın sözlərin,

ha gizlət içini, gülsün gözlərin,

ha qoru dəyməsin yerə dizlərin,

ha ağla, boşluqlar dolmursa, dolmur.

 

ha çalış arzular çin olsun deyə,

ha vuruş pisliklər yox olsun deyə,

ha istə yaxşılar çox olsun deyə,

ha səslə "ağ" günü, gəlmirsə, gəlmir.

 

ha soruş, bu dərdlər nəydi, Ilahi?

niyə dərd qəddimi əydi, Ilahi?

kimlər qarğış etdi, söydü, Ilahi?

ha tök göz yaşını, sönmürsə, sönmür.

 

ha sev birini də, nəfəs say onu,

ha eylə Günəşə, Aya tay onu,

ha say həyatına şirin pay onu,

ha et hər bir kəsin, sevmirsə, sevmir.

 

ha de,"ümidim var, yaxşı olacaq",

ha de "xoş günlərdən bizə çatacaq",

ha de "bu zülmətə Günəş doğacaq",

ha gözlə Günəşi, doğmursa, doğmur.

 

ha deyin "bir daha sevməyəcəm mən",

ha söylə "kimsəyə gülməyəcəm mən",

ha and iç," güvən nə bilməyəcəm mən",

ha tükən son ümid, ölmürsə, ölmür...

 

 

SORUŞ

 

Həyat nə deməkdir? Ömür nə demək?

Arzusu içində öləndən soruş.

Ağrı nə deməkdir? Dərd nə deməkdir?

Üzdə qürurundan güləndən soruş.

 

Həsrət nə deməkdir? Uzaq nə demək?

Gözünü uzağa dikəndən soruş.

Bir gedib gəlməzi, vaxtsız ölümü,

Yaşayıb içinə göməndən soruş.

 

Güvən nə deməkdir? İnam nə demək?

Yolun yarısında qalandan soruş.

İnanıb birinə, yola çıxmağı,

Peşman saçlarını yolandan soruş.

 

Sevgi nə deməkdir? Eşq nə deməkdir?

Özünü unutmuş birindən soruş.

Gözündə dünyanın necə olduğun,

Ayrılıq həsrəti çəkəndən soruş.

 

Ümid nə deməkdir? Sabah nə demək?

Çoxunun əlindən tutandan soruş.

Gedirəm yatmağa, sabah var axı...

Sarılıb boşluğa yatandan soruş.

 

Ölüm nə deməkdir? Bitmək nə demək?

Gündə neçə dəfə öləndən soruş.

Bir quru bədənlə, quru nəfəslə,

qalıb da, ruhları gedəndən soruş.

 

Hər kəs böyük sayar çəkdiyi dərdi,

Dərd var üstündə çox ağrı cücərdi,

Kimi yola verdi, bir cür, can dərdi,

O isə səssizcə bitəndən soruş.

 

Ən çox sevilənlər vurdu yaralar,

Ən gözəl ruhların gözü qan ağlar,

Çatmadı ünvana neçə dualar,

İnadla "ya səbir!" deyəndən soruş.

 

Bir damcı sevincə möhtac biriydik,

Bəlkə də, əvvəllər belə deyildik,

Yeyildik ürəkdən, içdən yeyildik,

Geriyə nə qaldı? Öləndən soruş...

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)