POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Gedəcəm”i Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Musa Ələkbərli görüşür.

 

 

GEDƏCƏM

 

Bu ömürdən-gündən yarımadımsa,

Karsız həyatımdan doyub gedəcəm.

Nişanə qalacaq bir adımdısa,

Onu bir sal daşda oyub gedəcəm.

 

Doğulduğum gündən elə qəmliyəm,

Ürəyi buludlu, gözü nəmliyəm.

Bitməyən arzumla cəhənnəmliyəm

Cənnət xülyasına uyub gedəcəm.

 

Yox, bu nə yolluqdu, nə yolçuluqdu,

Zəmanə acgözdü, dövran şuluqdu.

Baxıram hər yanda soyğunçuluqdu,

Mən də öz ruhumu soyub gedəcəm.

 

Dünyada hər kəsin bir dünyası var,

Ya gerçək həyatı, ya röyası var...

Sevgisiz bir ömrün nə mənası var,

Getmək məqamını duyub gedəcəm.

 

Ürəyim əkilir hər gün şum kimi,

Udduğum hava da qurğuşun kimi.

Dərd gəlir üstümə bir qoşun kimi,

Onu bircə-bircə sayıb gedəcəm.

 

Canımda qorxunu öldürəcəyəm,

Bir gün kimliyimi bildirəcəyəm.

Aləmi üstümə güldürəcəyəm,

Ən mübhəm sirrimi yayıb gedəcəm.

 

Məni eşitsə də allahım mənim,

Ona yetişmədi çox ahım mənim.

Dünyaya gəlməkmiş günahım mənim,

Bax bu günahımı yuyub gedəcəm.

 

Ürəyim bağlıdır elə, ulusa,

Torpaq altında da o çətin susa.

Ona yanıram ki, Musa, ay Musa,

Bu gözəl dünyanı qoyub gedəcəm.

 

Sevgiyə layiq dostun yox,

Nifrətə layiq düşmənin.

Nə layiqsiz adamsan sən –

Bə sənin nəyin var, nəyin?!

 

Nə dərdindən ölənin var,

Nə öldürmək istəyənin.

Zalım adam, aciz adam,

Bə sənin nəyin var, nəyin?!

 

Matdım-matdım nə baxarsan,

Bu Yer sənin, bu Göy sənin.

Səninkilər sənin deyil,

Bə sənin nəyin var, nəyin?!

 

Nə haqqını tanıyırsan,

Nə nahaqdan yox köməyin.

Haqlı adam, haqsız adam,

Bə sənin nəyin var, nəyin?!

 

Nə ağ bayrağın yellənir,

Nə gəlir qanlı köynəyin.

Amalın yox, amacın yox,

Bə sənin nəyin var, nəyin?!

 

Yaşa dolmaq yaşamaqmı,

Yaşanıb tükənmiş adam?

Yaradandan utan barı,

“Yox”una söykənmiş adam!

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)