Roman təkamülünə bir baxış- Nərgiz Cabbarlı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı ədəbi tənqidə də ara-sıra yer ayırır. Bu gün söz tanınmış tənqidçi Nərgiz Cabbarlınlndır. 

 

 

Qədim tarixə malik olan Azərbaycan ədəbiyyatının, nəsrinin ən gec yaranan janrlarından biri də romandır. XX və XXI əsr ədəbiyyatında ən geniş yayılmış və üzərində bir çox eksperimentlər aparılmış roman janrı hələ öz formalaşma prosesini tamamlamış hesab edilməsə də (M.Baxtin), uzun bir təkümül dövrü keçmişdir. Lakin onun meydana çaxması, ilkin poetik xüsusiyyətlərini qazanması və formalaşma prosesi ilə bağlı elmi ədəbiyyatda bir-birindən fərqli, hətta bir-birinə zidd mühakimələr mövcuddur.

 

Roman janrının yaranma tarixi haqqında dünya ədəbiyyatşünaslıq elmində əsasən iki tezis irəli sürülür.

1. Romanın yeni ictimai münasibətlər dövrünün faktı olması, XVIII əsrdə meydana çıxması, burjuaziya mühitinin formalaşdırdığı ədəbiyyat faktı kimi dəyərləndirilməsi; 2. Romanın  orta əsrlər ədəbiyyatı faktı olması və onun poetik köklərinin antik ədəbiyyatda və orta əsrlər ədəbiyyatında axtarılması.

Məsələn, ingilis nəzəriyyəçisi Ralf Foks romanın Heredot dövründən - e.ə.V əsrdən  gəlib çıxdığını yazırdı. Rus tədqiqatçılarından V.V.Kojinov isə hesab edirdi ki, "romanların izini antik ədəbiyyatda və orta əsrlərdə axataranlar keçmiş dövrlərin ədəbiyyatlarının bədii təkrarsızlığı faktını yaddan çıxarırlar". M.Baxtin belə bir qənaətə gəlirdi ki, antik ədəbiyyatda roman təşəkkül tapmamışdı, çünki "dialoji prinsip ədəbi prosesin yaradıcılıq mərkəzinə çevrilməmişdi". Ümumiyyətlə, M.M.Baxtin romanı yeni dövrün janrı hesab edərək yazırdı: "Roman ona görə yeni dövrün ədəbi inkişaf dramının aparıcı qəhrəmanına çevrildi ki, o, yeni dünyanın təşəkkül tapma tendensiyasını hər şeydən daha yaxşı ifadə edir. Axı o məhz həmin bu yeni dünya tərəfindən dünyaya gətirilən yeganə janrdır və özlüyündə onunla eyni təbiətə malikdir".

Eyni tendensiya artıq uzun illərdir ki, Azərbaycan ədəbiyyatşünaslığında da müşahidə edilir və bu günə qədər də davam etməkdədir. Romanın poetik xüsusiyyətlərini orta əsrlər ədəbiyyatında, Nizaminin yaradıcılığında arayan tədqiqatçılar onun bir çox əsərlərini nəzmlə yazılmış roman adlandırılar. Bu tədqatçılar arasında H.Araslı, H.Quliyev, N.Şəmsizadə, M.Əliyev, R.Yusifoğlunun adlarını göstərmək olar. Lakin bu tezislərlə bağlı araşdırmalarda meydana çıxan maraqlı nüanslardan biri budur ki, bu müəlliflərin tədqiqatlarında bir-birini zidd fikirlər mövcuddur və bu da ədəbi-nəzəri düşüncədə qarışıqlığın yaranmasına səbəb olur.

Azərbaycan romanının ilk poetik xüsusiyyətlərini Orta əsrlər ədəbiyyatında, xalq ədəbiyyatında, xüsusilə dastanlarda aranması təbiidir. Lakin bizim qənaətimizə görə də, romanın bir ədəbi janr olaraq Azərbaycan ədəbiyyatında meydana çıxma və formalaşma prosesi XX əsrə aiddir. Hətta roman xüsusiyyətlərini tam qazanmış mətnlərin yaranması prosesinin XX əsrin 60-cı illərində müşahidə edildiyini də qəti bir əminliklə söyləyə bilərik.

Bu tezisi əsaslandırmağa çalışaq.

Bizim düşüncəmizə görə, hər bir janrın meydana çıxması, formalaşması üçün öz zəmini, mühiti olmalıdır və janrın formalaşma prosesi mütləq olaraq müəyyən mərhələlərdən keçməli, bu mərhələlərdə janr öz poetik xüsusiyyətlərini qazanmalı, cilalamalı, bəzilərini möhkəmləndirməli, hansısa xüsusiyyətləri isə itirməlidir. Bundan başqa, hər bir janrın keçdiyi inkişaf yolu və inkişaf prosesi tarixi rakursdan baxıldıqda aydın görünməli, onun ədəbiyyat tarixi meydanına çıxdığı, aktuallıq qazandığı və ya aktuallığını itirdiyi mərhələləri izləmək mümkün olmalıdır. Həmçinin janrın inkişafa, formalaşmağa başlama prosesi onu seçən, onu istifadə edən bəlli müəlliflər toplusunun marağını, təcrübəsini, eksperimentlərini tələb edir. Bu maraq janrın təkmilləşmə və formalaşma prosesinə adekvat olmalıdır.

Romanın isə Azərbaycan ədəbiyyatında bir janr (anlayış) olaraq meydana çıxması, ilk nümunələrinin yaranmasına edilən cəhdlər (eynilə dram kimi) yalnız XIX əsrin sonlarına, ilk roman elementlərinin özünü təsdiqlədiyi nümunələrin yaranması prosesi XX əsrin əvvəllərinə, inkişaf dinamikası qazanması və formalaşma prosesi keçməsi isə XX əsrin ortalarına təsadüf edir. 

Əlbəttə, dram kimi romanın da tarixi köklərini müxtəlif xalq ədəbiyyatında və ya klassik nümunələrdə arayıb-axtarma cəhdlərinə haqq qazandırmaq mümkündür. Çünki söz sənətindən söhbət gedir və bu sənətin yaradılmasında rolu olan bütün janrlar bir-biri ilə qarşılıqlı əlaqədədir, olub və olacaq da. Lakin hər hansı bir janrın əlamətlərinin tarixin hansısa bir mərhələsində müşahidə edilməsi, axtarılması, müqayisə edilməsi başqa məsələdir, janrın tarixi bir fakt olaraq meydana çıxma, formalaşma, təkamül prosesi keçməsi isə tamamilə başqa.

Bu məsələ araşdırılarkən roman və onun ictimai-siyasi mühitin tələbi olaraq meydana çıxması, romanın milli dil faktoru ilə bağlılığı, roman və nəsr yaradıcılığı arasındakı əlaqə, roman anlayışının ədəbi mühitdə işlənmə və dərk edilmə faktı və s. kimi amillər mütləq olaraq araşdırılmalı və onlar nəzərdə alınaraq qənaət çıxarılmalıdır.

Fkirlərimizi əsaslandırmaq üçün ədəbiyyat tarixinə nəzər salaq. XIX əsrin sonları - XX əsrin əvvəllərində gedən ictimai-siyasi proseslər zəminində ədəbi mühitə daxil olan yeni ədəbi, terminoloji anlayışlar, dünyanın tanıdığı, təqdim etdiyi yeni janr və formalara maraq, klassik poeziya və şeir "məngənəsi"ndən qurtularaq yeni, sadə dildə yazılan, həm də nəsrlə yazılan əsərlərə maraq müşahidə edilirdi. Dram, pyes, komediya kimi roman anlayışı da Azərbaycan ədəbiyyatı üçün o tarixi mərhələdə yeni idi. Dram kimi roman anlayışının da ilk dəfə Mirzə Fətəli Axundzadənin ədəbi yaradıcılığında, terminoloji leksikonunda - XIX əsrin sonlarında işlədilməyə başladığını görürük. Axundzadə yazırdı: "Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər dram və romandır. Roman və dram fənninin bir qismidir ki, izahı üçün şərhə möhtacdır. Bunu səfarətxanalarında işlədiyiniz firənglərdən şifahi soruşun, sizə bəyan söyləsinlər". Yaxud M.F.Axundzadə Mirzə Yusif xana məktubunda yazırdı: "Mən kiçik məsələni əldə bəhanə edib öz fikrimdə onu genişləndirmişəm. Ozamankı nazirləri və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun... Bu kimi əsərlərə roman deyilir".

Göründüyü kimi, XIX əsrin sonlarında hələ ki Azərbaycan ədəbi fikri romanın nə olduğunu anlamağa və izah etməyə çalışırdı. Onun müəyyən poetik xüsusiyyətlərini dərk etməyə və izah etməyə ilkin cəhdlər olunurdu (məsələn, oxşar prosesi XX əsrin sonlarında Azərbaycan ədəbiyyatı və ədəbi mühiti üçün yeni olan postmodern roman anlayışı haqqında da söyləmək olar). Yuxarıda da qeyd eydiyimiz kimi, bu proses dramla bağlı da eyni məntiqi ardıcıllıqla ədəbi mühitdə yaşanmışdı.

Ədəbiyyat tariximizdən bu prosesi əks etdirən faktlar az deyildir. Azərbaycan ədəbiyyatı tarixinin ilk yaradıcısı olan Firidun bəy Köçərli 1889-cu il sentyabrın 21-də dostu Həsənəli ağa Qaracadağiyə yazdığı məktubda roman janrının Azərbaycan ədəbiyyatı üçün nə qədər əhəmiyyətli olduğu haqda bu qeydləri edirdi: "Xahişim var ki, öz dirilik və zindəganlığınıza dair roman kimi bir əhvalat tərtib və təsnif edin". O, 1903-cü ildə Tiflisdə buraxdığı bir məqaləsində "yeni ədəbiyyat" adlandırdığı bu cür əsərlərdən və yazıçılardan yazırdı: "Azərbaycan ədəbiyyatı nəsr əsərləri ilə daha az fəxr edə bilər. Azərbaycan və fars dillərində heç bir roman göstərmək olmaz". Lakin F.Köçərli yalnız real mənzərəni təsvir etməklə kifayətlənmir, eyni zamanda da bunun səbəbini araşdıraraqa bu qənatə gəlirdi ki, nəsr əsərlərinin Şərq xalqlarının ədəbiyyatında belə az olması bu xalqların örtülü vəziyyətdə saxlanması və öz xalqlarının həyatına təsir etmək imkanından məhrum olması ilə bağlıdır: "Bir halda ki, qadınlar həmişəlik kölə vəziyyətindədir və həyatda müəyyən rol oynamaq imkanından məhrumdurlar, onların haqqında azad adamlar kimi, müəyyən ideyalara, meyillərə malik qəhrəmanlar kimi danışmaq da mümkün deyildir. Qadın, yəni məhəbbət və bununla əlaqədar olan əziyyətlər, bir-birinə qarşı duran xeyir və şər qüvvələrin mübarizəsi olmayan roman isə çox darıxdırıcı bir şeydir. Belə roman oxucuya səmərəli, nəcib və yüksək təsir göstərə bilməz. Buna görə də heç də təəccüblü deyildir ki, cənab Nərimanovun "Bahadır və Sona" adlı povestində qadın rolunda müsəlman qızı deyil, erməni qızı Sona göstərilmişdir. Həmçinin cənab Qəniyevin "Şeydabəyin məktubları" adlı romanının ikinci hissəsində də baş qəhrəman kimi çıxış edən qadın rus ziyalısı Sofya Mixaylovnadır".   

Əslində, Köçərli burada roman üçün çox əhəmiyyətli olan bir poetik xüsusiyyəti - konfliklin vacibliyini ortaya çıxarırdı. Həmçinin roman janrı üçün ictimai proseslərlə eyni dərəcədə (hətta daha artıq dərəcədə də deyə bilərik!) əhəmiyyətli olan fərdi talelərin vacibliyi də diqqət mərkəzinə çəkilirdi. Əlbəttə, roman janrında əsas aparıcı xətt olan sevgi xəttinin  bir tərəfi olan qadın azadlığı məsələsində bəlli bir həqiqət vardır. Lakin bundan daha böyük həqiqət və reallıq ilk ədəbiyyat tariximizin müəllifinin "yeni ədəbiyyat" adlandırdığı romanın "Şərq xalqları ədəbiyyatında az olması", "Azərbaycan və fars dillərində heç bir roman göstərmək olmaz" qənaətləridir ki, bu gün bizim üçün böyük əhəmiyyət daşıyır. Həmçinin daha bir poetik xüsusiyyət olaraq roman mövzusunun şəxsi taleləri özündə ehtiva etməsinin vacibliyi də diqqətə çatdırılırdı. Onun xüsusi olaraq qeyd etdiyi xüsusiyyətlərdən biri də nəsr əsərlərinin dili məsələsi idi. F.Köçərli Abdulla Şaiqə yazırdı: "Bu qism sadə dildə yazılmış və malı öz məişətimizdən götürülmüş əsərlər yenicə başlayır meydana gəlmələyə və bu yolda Sizin xidmətlərinizin qədrü qiyməti çoxdur". Əslində, ilk romanların yaranması ilə sadə nəsr dili uğrunda aparılan mübarizənin başlaması da eyni dövrə aiddir. Bu faktı da diqqətdən kənarda saxlamaq olmaz.

Beləliklə, XIX əsrin sonları XX əsrin əvvəllərində artıq dünya romanları haqqında, onun metod və strukturu haqqında Azərbaycan ədəbi mühitində müəyyən məlumat var idi. Məhz bu səbəbdəndir ki, XIX əsrin sonları XX əsrin əvvəllərində yeni icimai-siyasi və ədəbi-bədii hadisələr zəminində təhlillər aparan, müasir dövrün, vəziyyətin aydın, anlaşıqlı, xalqa yaxın ədəbi dil tələblərinin fonunda meydana çıxan və inkişafı üçün zəmin yaranan yeni janrlar diqqət mərkəzinə çəkilirdi. Nəinki romançılıq, hətta hekayənəvislik belə bu dövr üçün yeni fakt idi. İlk roman müəlliflərindən biri kimi Azərbaycan ədəbiyyatı tarixinə düşən S.M.Qənizadə 1894-cü ildə Məhəmməd Tağı Sidqiyə göndərdiyi məktubda hekayənəvisliyin əhəmiyyətindən söz açaraq deyirdi: "...Bu zəmanədə hekayənəvislik bazari-xacə Hafiz xətm etdiyi qəzəliyyatın təhrifatından rəvacdır". Çünki artıq "qəzəliyyat" və klassik Şərq şeikri öz mövzu dairəsi, problematikası ilə müasir dövrün "məzmununu" ifadə etmək iqtidarında deyildi. Yeni janrlar isə hələ ki yalnız anlayış olaraq ədəbiyyata daxil olurdu. Və dövrün qabaqcıl ziyalıları bir-birini bu janrı dəstəkləməyə, bu janrda yazmağa səsləyirdi.  Məsələn, Tənqidçi S.Hüseyn "İqbal" qəzetində çıxan bir məqaləsində yazırdı: "Romançılıq ədəbiyyat aləmində bir sənətdir. Bizim ədəbiyyatımız sair müsəlman olan millətlər ilə bərabər şeir babında çox irəliləmişdir. Nəsr babında qeyrilərə nisbətən geridə qaldığından romançılıq sənəti bizdə bir halətdədir. Halbuki romanın təhzibi-əxlaq üçün əhəmiyyəti çoxdur. Roman vasitəsilə bir millətin həqiqət kimi qəbul etdiyi nöqsanlarını elə tənqid etmək olar ki, oxucu onu şirin oxumaqla, öz nöqsanlarını düşünə bilər".

Göründüyü kimi, bu sitatda da romanın ictimai-siyasi mühit, bu mühitin və cəmiyyətin, millətin problemləri haqqında danışmaq, onları təhlil etmək üçün geniş imkanlar yaradan bir janr olması xüsusiyyəti diqqətə çatdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)