BİRİ İKİSİNDƏ – Ramil Əhmədin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbəRamil Əhmədindir.

 

 

PİŞİK KÖLGƏSİNDƏN BAŞLADI GECƏ...

 

Sakit, kimsəsiz küçə.

Pişik kölgəsindən başladı gecə...

Çatmadı köməyə

Otuz iki hərfin bircə dənəsi,

Çözülmədi bu əlifba bilməcəsi...

 

Uçub getdi

dilimin ucundakı qışdan

Unudulmağın isti qoynuna

qaranquş sözlər...

Hanı söz?

Hansı söz?

 

Necə tapım o sözü?

Necə deyim həsrətimi?

Necə deyim səni sevdiyimi,

sənə öldüyümü?

Gözlədiyimi – bu ömrə gələsən deyə,

Gizlədiyimi – özüm belə bilməyim deyə...

Necə, necə, necə?

Pişik kölgəsindən başladı gecə...

Susdu kökdən düşmüş piano səsi,

Su qatılmış pivələrlə keçən yay da bitdi,

Sentyabrla gəldi payız.

Bir halımı düşün –

oktyabrsız, noyabrsız, yalqız...

 

Sənsiz bir saat keçməzkən,

gün necə keçir, həftə, ay necə?

Keçir bir-birini təkrarlayan addımlar,

Keçir küçəmizdən qərib adamlar...

Bəlkə, sən də gəldin,

Gəldin, bəlkə, bu gecə...

Bəlkə, bəlkə, bəlkə də...

 

Pişik kölgəsindən başladı gecə...

 

 

SÖYKƏNMİŞƏM SƏSİNƏ

 

Gözlərin azanımdır –

Gündə min yol məni sevgiyə çağıran...

Könlüm sənə səcdədə,

Qəlbim qəlbinə sonsuz bir rüku...

Bu sevda nə sevdadır belə? –

Sultanlığı olmayan bir quyu...

 

Adın dodağımda dua kimi səsləndi,

Yaxşı olmağıma bəsdir bir “Necəsən?”in,

Gül qoxudu gülməyin.

Gəmiləri torpaqdan keçirən

Fatehin inadkarlığıyla

istədim səni!

 

Səndən məcburi köçkün bədənimi

harada gizlədim, vətənim mənim?

Harada yoxa çıxsın bu canım ki,

qurtulum bir kimsə olmaqdan?

Mən bu dünyada heç kim olmaq istəyirəm,

Bircə sənin nəyin olum, bilmirəm...

 

Ayaqlarımın gücü yox,

söykənmişəm səsinə...

Uzun gecələr

həsrətindən çəkilmir,

söykənmişəm səsinə,

Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.

O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,

Hər kiçik zərrə qədəriylə sevmək səni.

 

Qaldırdım bütün ağ bayraqları

Eşq cəbhəsində,

Təslim, təslim,

Təslim bu sevdaya!

Söykəndim səsinə,

Quşlara dedim şükranlığımı,

Çatdırsın səni mənə verənə –

aləmlərin Rəbbinə...

        

 

CAN SIXINTISI

 

Sərinliyin

yuxu kimi çəkildiyi bu şəhərdə

ən uzun küçəydi avqust!

 

Küçələrindən qadınlar keçməyən bu şəhərdə

Kişilər bir-birini doğmuşdu,

Kişilər bir-birindən doğulmuşdu sanki.

Bir-birlərini çoxaltmışdılar bina kölgələrinin altında

və əlbəttə, mümkün bütün xanalarda...

Çocuqlarsa günəşin uşaqlarıydı

və ailə-məişət zəmininə dözməyin çölündə kaktusuydular!

 

İşsizliyin doğurduğu sərgərdanlığa hamilə kişilər keçirdi yollardan,

İnanmışdım gözləri boşluğa açılan bu kişi pəncərələrin bir-birini doğduğuna.

Maşının altında yavrularını yalayan dişi qonur pişik xatırladırdı bircə

bir qadından doğulduğumuzu!

Bircə o xatırladırdı bir zamanlar anamın olduğunu,

Atasız doğulanlar olsa da, anasız heç kəsin olmadığını deyirdi tarix!

Maşının sahibi bir dərisi yanmış,

sonsuz bu avqust şəhərində

dişiliyini göstərməyə başqa bir yer tapmadığı üçün pişiyi tənbehləyirdi,

vurğusu ikinci hecaya düşən "miyov"ları sözə çevirdiyimdən gülümsəyirdim.


Adamdan daha çox

yeriyən tər damlasıydı o kişi

və hər gecə yatağındakı çiçəyi tərlə sulayırdı.

Məhəllədə hansı uşağı öpsəm, duz dadırdı.

 

Günorta – məmurun nahar fasiləsi,

Axıb keçən maşınların qupquru cansıxıcı səsi,

Qonşu pəncərədən gələn upuzun bir sol, lya, si,

Üzündə təbəssüm donmuş şəhərin dəlisi,

Tül pərdələrin ardındakı gizlin baxışlar,

Yayılan pıç-pıçlar, dedi-qodular,

Kölgəsini qovalayan uşaqlar,

Yarpağı titrəməyən,

Yarpağı soyuqqanlı qatilin əlləri kimi titrəməyən ağaclar,

Gözlərinə baxa bilmədiyim yandırıcı bir günəş,

Çayımın rəngsizliyində gülümsəyən evin qadınsızlığı,

İş yorğunluğu, baş ağrısı, fanilik duyğusu və qan azlığı,

Ruhumu saran dibsiz bir can sıxıntısı –

Hamısı, hamısı, hamısı, hamısı, hamısı,

İçimə gömdüyüm sözlərin ən qırmızısı,

İçimdə gömdüyüm sözlərin, de,

hansı ən çox yaraşar bu şeirə,

hansı, hansı, hansı, hansı, hansı?

 

Sərinliyin

yuxu kimi çəkildiyi bu şəhərdə

ən uzun küçəydi avqust!

 

Sərgərdan kişilərə hamilə yollar!

Balkona düzülmüş dibçək gülləriydi qadınlar!

Kölgəsiylə oynayan məsum uşaqlar!

Ac pişik yavrular! Ümidsiz qocalar!

 

Bitməyən sonsuz bir avqust şəhərində

Yetir məni vüsala avqustun sentyabra həsrətindən!

Ey küçəyə səpilən günəş şüası

Qucaqla məni

bədənimin D vitamin əksikliyindən!

 

 

GƏLMƏDİN

 

Mən əlləri göylərə açılan əkinçi ümidiylə gözlədim səni,

Sən suya həsrət çöllərə yağmayan yağışlar təki unutdun məni.

Unutma məni, çiçəkləri açdı bağçamın hər yerində,

Qurudu səni sevmələrin yaşıl sevdası,

Sən gəlmədin.

 

İrqçi bir məmləkətdə

afro-amerikan ümidləriydi bəslədiyim.

Gülüşlərim də qaraldı, dişlərim də,

Sən gəlmədin.

 

Ayaqlarım bezgin bədənimi daşıdı işlə ev arasında...

Yoruldum kartof və kotletlərin dünyasında yaşamaqdan…

Tənhalığıma uyğun başqa bir tənhanı axtarmaqla keçdi illər,

Telefona gömülmüş başlar metropolunda

Telefona gömülmüş bədənlər çoxluğundan usandım.

Ürəyim kimsənin keçmədiyi işıqsız bir arxa küçədir indi,

Çünki

Sən gəlmədin.

 

Çiçəkli süfrələr açdım,

Güllü pərdələr asdım,

Sən gəlmədin,

Çiçəkli süfrələrin,

Güllü pərdələrin

Nə anlamı qaldı daha?

Soldu hamısı.

Misralarımı bölən ver/gül

Gülündən soldu...

Sən gəlmədin.

 

 

BİRCƏ HƏRF

 

Bu qədər sevgilərin içində

kiminsə sevgisi itkin düşüb elə bil.

Bu qədər səsin içində

hansısa doğma bir səs yox,

Bu qədər adamın arasında kimsə çatmır.

Əslində,

bu qədər sevgilər, səslər, adamlar artıqdı.

İndi bizə lazım olan sevginin, səsin, adamın sonuncu parçasıdı.

Və xoşbəxtliyə bircə hərf çatmır – o...

 

Azadlığım

 

Sənlə gedə bilmədiyim

bütün parklar

ağaclardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

Bütün şəhərlər

Binalardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün küçələr

adamlardan hörülmüş həbsxanalardır.

 

Sənlə üzə bilmədiyim

bütün dənizlər

sulardan hörülmüş həbsxanalardır.

 

Sənsiz

məhbusam

ağaclar, binalar, adamlar, sular arasında...

 

Hardasan, mənim azadlığım?

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)