Çərçivə? - ESSE Featured

Rate this item
(7 votes)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Elə məhz indi beynimdəki kiçik fraqmentləri bir araya toplayarkən fərq etdim ki, əksik parçalar var və mən hafizəmə nə qədər hakim kəsilsəm də, onları müəyyən edə bilmirəm. Yaşanan hər anın ağ-qara boyalar ilə xatirələrə həkk olunmasına rəğmən həmin anların yaşatdığı yaxşı, yaxud pis hisslər yeniliyini qoruyub saxlamır. Sanki tarix tilsimli boyaların ahəngində öz mövcudolma halını unudur. Amma bir hal məlumdur ki, o, ümid etməkdən də boyun qaçırmır. Bütün bunlar sənə boş görünə bilər, hətta mənə səfeh gözü ilə baxa bilərsən.

 

Əmin ol ki, mən bütün bunlara rəğmən sənin aşağıda yazacaqlarımı bilməyini istəyirəm.

Zamanında üsyanlar etdiyin hər şeyi bu gün sakit qarşılayırsansa, deməli sən özündə önəmli bir xüsusiyyəti tərbiyə etmisən. Bu, qəbul etməkdir. Qurduğun örnək çərçivədə isə keçmişin hər hansısa bir anını sənə xatırladan təbəssümdən savayı bir şey olmur. Deyirlər ki, çərçivəni adama xatırladan sınan şüşəsi olur. Hansı ki, xatırlanması ilə unudulması bir olan həmin şüşə...

Amma mən belə düşünmürəm. Hər şəkil sənin içində böyütdüyün kiçik və xoşbəxt bir dünyanın üzündə yaratdığı dərin gülüşü özündə əks etdirir və həmin dünyanı bütün itirilənlərə rəğmən qoruyan sadəcə çərçivədir.

"Hər şeyin bir sərhəddi var"- deyiminin mənası tamamilə budur. Hər son öz sərhəddini qoruyur..., hər son öz çərçivəsində dustaqdır...

Hər şey bununla bitmir. Cavablamağını istədiyim bir sualım var. Şəkillərmi çərçivəyə sığmaq üçün var, yoxsa çərçivələrmi şəkilləri məhdudlaşdırmaq üçün?!

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)