Sevdim onu cəsədim boyda qazılacaq qəbrim kimi... - FƏRİDƏ LƏMANIN 70 YAŞINA Featured

Rate this item
(0 votes)

Tahirə Ağamirzə, “Ədəbiyyat və incəsənət” üçün

 

Filologiya üzrə fəlsəfə doktoru, dilçi alim, Prezident mükafatçısı, AYB-nin və AJB-nin üzvü, şairə, publisist, 60-dan çox kitabın müəllifi, “Tərəqqi” medalı mükafatçısı Fəridə Ləman şərəflə yaşadığı ömrünü büsbütün Vətəni sevməyə həsr edib və onun ağrısını öz ağrısı, sevincini öz sevinc bilib və bilir. 

 

Fəridə xanım Vətəni sevməkdən yorulmur. Hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxtlarda vətənpərvərliyi ilə tanınan və sevilən şairə sonrakı illərdə də Azərbaycan poeziyasına əsrarəngiz şeir nümunələri bəxş edərək düşmənlə qələmi ilə döyüşüb, Vətən ətirli şeirləri ilə sevdirib gənclərimizə Vətəni. Canını Vətən yolunda qurban edərək şəhidlik məqamına ucalan oğullarımızı bir ana kimi bayatıları ilə oxşayıb, əzizləyib və onlarla qürur duyub. 

Fəridə Ləmanın şeirinə onlarla musiqilər bəstələnib, kompozisiyalar həsr edilib. Onun yaradıcılığını dərindən izləyən və sevən ədəbiyyatımızın görkəmli nümayəndələri şairənin haqqında onlarla şeir yazıb. Fəridə Ləman həm jurnalis kimi, həm şairə kimi, həm də əsl Azərbaycan xanımı, ziyalısı kimi sevilir. Dosta sədaqəti, vəfası, mərdliyi ilə hər birimizin sevimlisinə çevrilib. Şairənin yaradıcılığı təkcə Azərbaycan poeziyası ilə bitmir. O, eyni zamanda ölkəmizdən kənarda da istedadlı şairə kimi tanınır və şeirləri oxucular tərəfindən dərin rəğbətlə qarşılanlr. Fəridə xanımı sevdirən həm də onun öz mövqeyidir, möhkəm əqidəsidir, dövlətə, dövlətçiliyə, torpağa sədaqətidir.  Mənim üçün özəl və dəyərli olan, qapısını ürəklə açdığım Fəridə Ləmana 70 illik yubileyi ərəfəsində möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram.  

Və “Ədəbiyyat və incəsənət” oxucularına onun bir neçə şeirini ərməğan edirəm. 

 

 

SEVDİYİM  VƏTƏN

 

Mən səni Ana bətnində

Sevmişdim,

Sonra Anamın qucağında,

Böyütdüyü ocağında.

Sonra da Əlifbamda,

Ana dilimdə adını

Dilimə gətirəndə,

Səni ürəyimdə

Ümid kimi bitirəndə.

Böyüdükcə hər yerdə

Səni gördüm-

Atamın şah duruşunda,

Mərd sözündə,

Qartal gözündə.

Nənəmin noğullu əlində,

Babamın qurşaqlı belində.

Anamın şükranlı dilində.

Təbiətin dağlardan əsən

Çiçək qoxulu yelində,

Çayların çoşqun selində

Sevdim Vətəni !

Böyüdüm ev-ev,

Məhlə-məhlə.

Sonra bir məktəb boyda,

Kənd boyda.

Sevdiyim Azərbaycan boyda.

Sevgim də böyüdü

Sevgilim oldu Vətən,

Hər yerdə əlimdən tutan.

Yellənən bayrağımı gördüm,

O yelləndikcə

Obamın, oymağımın varlığını gördüm,

Dünyanın düşmənin başına

Dar olduğunu gördüm.

Vuruldum rənglərin ahənginə-

Mavisinə, yaşılına, alına

Arıların pətəkdə balına,

Lalənin qara xalına.

Üzü haqqa yola alan

Sufi yoluna...

...Gördüm, Vətən deyib

Nəğməylə axan

Güzgülü bulaqları,

Gördüm, bin-bərəkətli  yaylaqları.

Göylərdən yağış, qar ələyən

Buludlu piyalələri.

Şəlalar gördüm –mirvari gülüşlü,

Qulac hörüklərini dağlardan atan,

Bu gözəlliklər içində

Sabahımızı gördüm sevincə batan

Bax belə sevdim Vətəni !

Qayalarda ağac tək, gül tək bitəni

Anadil quşutək öz sevdasıyla

Gecə-gündüz ötəni.

Belə  sevdim Vətəni –

Ömür sürdüyüm ocaq boyda,

Böyüdüyüm qucaq boyda

İçimdə sevgisi ilə nur saçan,

Çıraq boyda.

Milyonların baxışından

İçimə axan işıq boyda,

Üzlərdəki təbəssüm, yaraşıq boyda.

Gördüm onu qalaq-qalaq

Sevda ilə yazılmış kitablarda,

Nəğməli dodaqlarda,

Barlı budaqlarda.

Bu sevdayla yol aldım

Çığırlara, izlərə,

Milyonlara, yüzlərə...

Qalxdım təpələrə,

Oradan qayalara

Qoca dağlara, almaz qaşlı zirvələrə.

Baxdım üzünə qan çəkmiş buludlara,

Uçurumlara, dərələrə,

Nələrə, ah, nələrə

Keçdi gözümdən qanlı tarix,

Şanlı tarix.

Sevdim onu,

Qanını torpağına halal edən

Şəhidim kimi,

Azadlığım, əhdim kimi...

Yazılan taleyim, bəxtim kimi.

Bir də cəsədim boyda

Qazılacaq qəbrim kimi......

Sevdim səni, VƏTƏN !

 

 

VAR OL, MİLLİ ORDUM, BAŞ KOMANDANIM

 

Hər gün qələbəmdən yazacağam mən,

Günəş tək göylərdən doğacağam mən,

Zülməti beşikdə boğacağam mən,

Var ol, Milli ordum, Baş Komandanım!

 

Daha dik tutacam başımı hər an,

Yaşımı siləcəm ,ey qarı düşmən.

Bax, necə peşmansan, it təki peşman,

Var ol, Milli ordum, Baş Komandanım!

 

Azadlıq xoşbəxtlik, həm də qürurdur,

Xoşbəxtlər xoşbəxti bu Ana yurddur.

Çünki övladların igiddir, mərddir ,

Var ol, Milli ordum, Baş Komandanım!

 

Torpağın köksündən çatlar silinir,

Xoş xəbər alınca Torpaq dirilir.

Hər yanda ehtişam, sevgi görünür,

Var ol, Milli ordum,  Baş Komandanım!

 

Öpür bayrağımı mehlər, küləklər,

Zirvələr tac edib, gülür ürəklər.

Çin olub arzular, ümid, diləklər,

Var ol, Milli ordum, Baş Komandanım!

 

Fəridə duaçın gündə beş dəfə,

Vur nadan düşməni, götür hədəfə.

Güldən şərbət süzək min-min qədəhə,

Var ol, Milli ordum, Baş Komandanım!

 

 

SALAM, GÖZƏL ŞUŞAM

 

Allaha şükürlər olsun, artıq bayrağımız Şuşada dalğalanır

 

Salam, gözəl Şuşam, bayrağım gəldi,

Dalğası düşmənin bağrını dəldi.

Milli ordum birə min qisas aldı,

Salam, gözəl Şuşam, salamlar olsun!

 

İsa bulağından payla şərbəti,

Topla nəmərini, topla xələti.

Odlar ölkəmizin tinət, zinəti,

Salam, gözəl Şuşam, salamlar olsun!

 

Kəs Cıdır düzündə qoç qurbanını,

Gör indən sonra da xoş növrağını-

Taleyin üzünə gün doğmağını,

Salam, gözəl Şuşam, salamlar olsun!

 

Fəridənin gözü sevincdən çeşmə,

Köksünə, qəlbinə ah, kədər çəkmə.

Qalx ayaq üstünə, bir daha çökmə,

Salam, gözəl Şuşam, salamlar olsun!

 

 

ZƏFƏR BAYRAĞI

 

Bir zəfər bayrağı sancdı zirvəyə,

Mənim igidlərim, mənim ərlərim.

Çökdü qarşısında əli uzunlar,

Hələ qarşıdadır al zəfərlərim!

 

Qurbandı canımız Torpağımıza,

Hər qarış tutyadır, Ana Vətəndir.

Soylu atalardan igid doğular,

Aprel döyüşləri bir imtahandır!

 

Titrədi torpağın, göyün ürəyi,

Dağların qoynuna səs-səda düşdü.

Vüqarla baxırdı dərələr, düzlər,

Buludlar yalvarıb ayağa düşdü.

 

 Nə şirin dadın var, TORPAĞIM, sənin,

Ana qucağısan,yad məskən salmaz.

Yuz illər nifrətim vardı nankora,

Ölüncə bu nifrət bir an azalmaz!

 

Atalar öyünüb qürurlanırdı,

Şərəf imzasını atdı ordumuz.

Qisas yanğısı ilə elə yanırdı,

Arzu, muradına çatdı ordumuz.

 

Sınaqdan ağ üzlə çıxdı bu Vətən,

Analar sevincdən yaşlar tökürdü.

Ordumuz Rəbbimdən bir güc almışdı,

Yağının başına daşlar tökürdü.

 

Vətən övladları - şəhid balalar,

Halal Torpağında rahat uyuyun.

Qəhrəman oğullar qisas alarlar,

Bitər nəhayət ki, bu haqsız oyun!

 

Nə qədər Vətən var, qoyduğun yol var,

Köçəcək dünyadan minlər, milyonlar.

Aprel bahar fəsli, bahar arzulu,

Sizinlə anılacaq o günlər, anlar!..

 

Min şeir, min dastan yazsam da yenə,

Qələmim gücsüzdür bu hünər üçün.

Nə deyim, nə yazım, özüm bilmirəm?!

Fəridə qurbandı igidlər üçün!.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)