BİRİ İKİSİNDƏ – Nadir Yalçının şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Nadir Yalçınındır.

 

Nadir YALÇIN

 

 NİKİTA

 

(50-ci illərdə Ukraynada hərbi xidmətdə olan təqaüdçünün dilindən)

 

 Eşidirəm Bakıda Kiyevin iniltisin,

Gözümü qıyan zaman ulduzlar alovlanır.

Deyin yaşıl geyimli zabitlərə, bağırın –

Tankların nəriltisi baharı yubandırır.

Yolları dağıtmayın, qayıtsam, karıxaram,

Küçələrin adları barı yerində qalsın.

Mənim xatirələrim o adlarda gizlənib,

O adların ünvanı mənlə buxarlanmasın.

 

Nikita, nolar, ölmə...

 

Ürəyin səksənəndə həyəcan siqnalından,

Gurultu ələyəndə bacadan təyyarələr

Bombalaların səsinə tab edən pəncərətək

Sən də sınma, mətin ol, hərdən məni xatırla.

Müharibənin ən qızğın, ən alovlu anında

Yada sal sevgimizi, yada sal o günləri.

Gülümsə, gülüşlərin əridər silahları.

 

Nikita, nolar, ölmə...

 

Yadına sal, o qarlı-şaxtalı havalarda

Boqdanın pay verdiyi çaxırın xumarını.

Mən, sən, qoca nənənin uçuq-sökük daxması,

Atan alan gəlincik, çarıqlar və sairə…

O zəmi saçlarının içində boğulaydım!

Sənin məmləkətinə yeni nəfəs verəydim!

Sənin sünbül saçına səma ola bilərdim

Ukrayna bayrağıtək!

 

Nikita, nolar, ölmə...

 

Gürcü nənnilərilə daxmamız eşqlənirdi,

Sevdalandır yurdunu nənnin ilə, Nikita.

Batır nənnilərinlə o silah səslərini,

Mənim nağıllarımdan danış övladlarına,

İndi nəvaziş gərək, şəfqət gərək hamıya.

Mənə də… ən çox mənə, ən çox mənə, Nikita.

Nikita, nolar, ölmə...

 

  

***

 

“Qəzetçi”, səsləyərək dilləndi Məsmə nənə,

– “Təzə nə xəbərlər var, nə deyirlər bu günə?”

– “Filan yerdə, filan vaxt zəlzələ baş veribmiş.

Filankəsin evinə gecə oğru giribmiş.

Sabah hava yağışlı, gecə isti olacaq,

Turistlər axın edir, Bakı yaman dolacaq”.

Qayıdanda hər axşam qəzetçi öz evinə,

Məsmə nənə yüyürür tez sevinə-sevinə.

Televizor da danışır, radio da səslənir,

Nənə tək xəbərləri qəzetçidən dinləyir.

Hərdən 1-2 dənə qəzet istəyir nənə,

Sərir dibçək altına su tökəndə güllərə.

Hərdən büküb tıxayır qapının arasına,

Hərdən məzəmmət edir gözünün qarasına:

“Kaş özüm oxuyardım, görəydim nə var, nə yox,

Bircə görməyimi də Tanrı mənə gördü çox”.

Şuşadakı evinin sənədini gizlicə

Açır yenidən bükür qəzetlərə hər gecə.

Yağışlı payız günü qəzetçi tez sevincək

Məsmə nənə yaşayan küçəyə tələsərək

İstədi xəbər versin, “Nənə, yazır ki, qəzet

Şuşa artıq qayıdıb, sən də muradına yet!”

Qapını döydü, durdu, səs gəlmədi səsinə,

Heç kimi tanımır ki,  səslənsin bir kəsinə.

Qəzetçi tez-tələsik qırdı qapı-bacanı,

Gördü gözü yumulu həmişə nur saçanı.

Gözünün yaşın tökdü qəzet tutan əlinə,

Yavaşca pıçıldadı: “Şuşa qayıdıb, nənə...”

Nənənin son laylası Şuşanın müjdəsiydi,

Qəzetlər də nənənin yeganə kimsəsiydi...

 

 

 

ATLAR SU İÇƏNDƏ GÜLLƏLƏNDİLƏR

 

 Yalman tərə batdı, çəmənlik qana,

Göynədi qamçının, tumarın yeri.

Atların ahından qılınc tərlədi,

Qınlar öz içinə – boşluğa düşdü,

Sağ ayaq titrədi, sola dolaşdı.

İnilti atların od nəfəsinə,

Atların gözləri közə qarışdı.

 

Atlar apardılar çatmaqaşları,

Gözü açıq qalan cansız başları.

Qoşa gedənləri, tək gələnləri,

Alovlu, tüfəngli təklənənləri.

Tək qayıdan atlar qarğış yedilər...

Atlar, qıpqırmızı qızarmış atlar,

Ağarmış, qaralmış, bozarmış atlar,

Dürrətək dul atlar, talehsiz atlar...

 

Atlar qaça-qaça hələk idilər,

Atlar arzulara kələk idilər.

Dul qalan Dürrəni qaçıran atın

Nalının çınqısı taya yandırdı.

Ər ola bilmədi atı çapanlar,

ər ola bilmədi dul qaçıranlar

əridi Dürrənin dürrəliyi də...

 

Gözləri qan idi, yorulmuşdular,

Tər töküb, tər töküb kor olmuşdular.

Güllə gələn səmti nə biləydilər,

Onlar çoxdan ölüb dirilmişdilər.

Nallar ayaqlarda laxladı diştək,

Yorğa addımları ölümdən gödək...

Atlar su içəndə güllələndilər....

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(17.11.2023)