“Güneydən gələn səslər”də Rəsul Qədiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizləri Rəsul Qədiri ilə görüşdürür. 

 

Rəsul Qədiri 1969-cu il fevralın 7-də Təbrizdə dünyaya göz açmışdır. Dörd yaşındakən ailəsi ilə birlikdə Miyana şəhərinə köçüb ilk və orta məktəb dərslərini o şəhərdə oxumuşdur. 1989-cu il Tehran Tibb elmləri universitetinin Laboratoriya  elmləri sahəsinə alınıb təhsilinin ardını tutmaq üçün oraya gedibdir. Tehranda yaşadığı illərdə, Laboratpriya elmlərinə özəl dərsləri oxumaqla yanaşı, Tehran universitetində proffesor doktor “Hüseyn Məhəmmədzadə Sədiq”in ustadlığı ilə qurulan “Aazərbaycan türkcəsi dil və ədəbiyyat” kursuna fəal qatılaraq, ana dilini öyrənib mənimsəməyə başlayıbdır.  

O 1991-ci ildən şeir formasında yazıb yaratmağa başlasa da, üç ildən sonra yaradıcılığına uzun bir müddət ara verərək, daha çox ailə məişətinə və vaxt ayıra bildiyi çağlar isə oxumağa üstünlük veribdir. 2014-cü il bir daha qələmini əlinə alıb həm şeir, həm də düzyazı (nəsr) formalarında əsərlər yaratmağa başlayıbdır.  

Şair-yazardan bu günə kimi çeşidli dərgilərdə çap olan söyləşi, hekayə, şeir və məqalələrdən əlavə, üç ünvan hekayə kitabı (“Gül axıtdı” 2015, Təbriz-Əxtər, “Dilmanc” 2017, Təbriz-Bahardoxt, “Ölməzlik” 2018, Kərəc, Şani) da yayılıbdır. 2019-cu il onun iki ünvan uşaq ədəbiyyatı içərikli kitabı da çap olubdur (“Bubbular, kirpilər və ilan” və “Yalqız yarpaq”, hər ikisi Təbriz- Nizami gənceyi yayın evi).  

Bunlara Rəsul Qədirinin 2018-ci ildə, latın əlifbası ilə Bakı şəhərində “Elm və təhsil” intişaratı tərəfindən çap olmuş “Tanrı bilsin bir də könül” ünvanlı şeir toplusunu da artırmaq olar. Həmin il (2018) Güney Azərbaycanın 114 şairindən əsərlər içərməkdə olaraq Bakıda, “Mirzə İbrahimov” fondunun yardımı ilə çap olub yayılan “Günümüzün Güney Ədəbiyyatı Antologiyası-poeziya” kitabının çapında əmkdaşlıq edib, baş məsləhətçisi və editoru kimi iştirak edibdir.  

2020-ci il isə Bakı şəhərində həmin fondun yardımı ilə uşaq ədəbiyyatına özəl, “Güney Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” kitabının çapında da əməkdaşlıq edərək, kitabın baş məsləhətçisi və editoru olmuşdur.

2023-cü il “Yoluxma” adlı ilk romanı “Həkim Nizami Gənceyi" yayın evində çap olub oxucularına sunulmuşdur.

Rəsul Qədiri bu gün Təbrizdə yaşayır.

 

 

AZADLIQ

 

Gələrkən yolunu meşəyə çevir

Orada yüksələn ağlacları gör

Onlara yurdumun sonalarından,

Haqqına dirənən qızından danış

Tarixə yonulan ölməz, pozulmaz,

Qızların əbədi izindən danış  

 

 

Gələrkən yolunu qayalığa sal

Orada dik duran qayalara bax

Onlara buranın igidlərini,

Sarsılmaz, əyilməz mərdini anlat

Vətənin qəhrəman oğullarını

Yüz illik ağrıyan dərdini anlat  

 

Gələrkən üzünü buludlara tut

Buluddan tökülən damcıları gör

Deginən ey bulud mən gedən yerin

Oğulu, qızları səndən süzülən,

Dumduru, ləkəsiz damcı kimidir

Əl-ələ verərək el olacaqlar

Zalımın bəndini sındırmaq üçün,

Gur axan, kükrəyən sel olacaqlar  

 

Azadlıq  

Azadlıq  

Aman Azadlıq!

Harada qalmısan, niyə yubandın?!

Yüz ildir bu millət səni gözləyir

Hər ögey uşaqtək təpki görəndə,

Səni arzulayır, səni özləyir

Gəl daha!

Özünü pay gətir bizə

Yüz illik şaxtada dondu bu torpaq

Ay canım!

İlk bahar, yay gətir bizə

Gəl! Qumral saçını özüm hörərəm

Nə bilim, arzudur, ömrüm olarsa

Səni bir görümlük mən də görərəm...

 

 

GÖRƏSƏN VARMI BİR DADI SÖZÜMÜN?!

 

Payımın yay-yazı ötüb keçmiş, tökülür yarpağı yerə güzümün

Üç fəsil məndə pırtlaşıq düşdü, bəlkə Tanrı qatıb fəsil düzümün?!

 

Geri qalmış bahar qarı yağdı, şaxta yandırdı tər budaqlarımı

Mən ağaclar içində zeytunudum, dolu vurdu çiçəklərin üzümün

 

Qayıdıb arxaya baxıb görürəm, ömrümün bir çoxu gedib hədərə

Günlərim yel kimi əsib keçdi, səpilibdir yola külü közümün

 

Bəlkə də möv kimi bahar fəsli, kəsiləndə tağ üstə qol-budağım

Onda heç yarpağım inan yoxudu, süzülürdü yerə yaşı gözümün

 

Ağlaya-ağlaya çiçəkləndim, hər əlimdə beş-on dolu salxım

Kəpənəklər dönürdülər başıma, dedilər: döz ki bar verər dözümün

 

Mən elə tarlada göyərdim ki, ağacın qədri, qiyməti yoxudu

Bişdi yarpaqlarım ocaqlarda, qoralar olmadı mənim özümün

 

İndi güzdür olub qalan gilələr, bir qazanda ayaqlanıb, əzilib

Əlli illik şərab dadan deyəcək: -nə də dadlı şərab verib üzümün!

 

Baharın şaxtalı ötüb keçdi, susuz oldun bütün yayı “Yalnız”

Sonbaharda çiçəklənib könlüm, görəsən varmı bir dadı sözümün?!

 

 

HƏYAT GEDİLƏSİ YOLLARDIR

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə sonucsuzdur

Yolu düşün yalnız

Həyat gediləsi yollardır

Ya sən seçirsən yolunu

Ya da yol seçər səni

Yol seçərsə,

Bəlkə cığırdan artığı düşməz payına!

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə yararsızdır

Həyat təkcə yoldur

Bütün yolların,  

Enişi var

Yoxuşu var,

Aranı var

Dağı var

Meşəsi var  

Bayırı vardır!

Hərəsinin öz gözəlliyi,

Öz özəlliyi,

Öz çətinlikləri də vardır

Açıq gözlə yürü

Dadını çıxart getdiyin yolun

 

“Vaxtlı-vaxtsız od qala

Odunu düz manqala

Sabah bəlli deyil ki,

Kimi köçə, kim qala”…

 

Sağına bax

Soluna bax

Gölündə üz

Çölündə bir od qala

Getdiyin yol təkyöndür!

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə vaxt itirirsən

Yolunu seç və yürü

Getsən də gedirsən, getməsən də!

Getdiyin yol bütün yollarla fərqlidir!

Getməyənlər tez yetişir

Gedənlərsə gec!

Yalnız gedənlər yaşayır...

 

 

QADIN

 

Sən gözəlsən

Səni qara çadralar altında gizlətdikləri

Din deyilən zorakılığa izlətdikləri

Və qəlbıqara eşinin düşündükləri

Dəyişdirəməz bu gerçəyi!

 

Sən gözəlsən

Allah da gözəldir deyirlər

Və gözəllikləri sevir

Hahaha....ha!

Bəs nədəndir onun adını saqqız edənlərin  

Onun arxasında gizlənənlərin

Onun zadından çörək yeyənlərin

Görər gözləri yoxdur bunca gözəlliyi görməyə?!

 

Sən gözəlsən

Kirpiklərinin hər biri

Ox olsun kor olmuş gözlərinə

Qaşların

Dar çəkilmiş iki yay olsun oxlara

Uzun saçların  

İp olsun dolaşsın boyunlarına

Yox-yox!  

Heyifdir o cənnət qoxulu saçlara!

Hörülsün əski nağıllardakı kimi  

Yol olsun könül evinə varmaq istəyənlərə

Dodaqların

Ah!  

O çiçəklənməmiş qönçəyə bənzəyən dodaqların

Çiçəklənsin

Güllənsin varlığını bağırmağa  

Gözəlliyin qoxusunu yaymağa

Düzülsün sözcüklər ard-arda

Yanğıdan çatlamış çöllərə şıdırğı yağmurlar yağdırmağa!

 

Sən gözəlsən  

Və biz gülsüz

Çiçəksiz

Gözəlliksiz qışlardan bezmişik artıq

Gəl novruzgülü ol bahar muştuluğunu gətir  

Rəngbərəng geyimlərə bürün yay bolluğunu yetir

Varlığımız səndən asılıdır inan!

 

Sən gözəlsən  

Və mən adını belə bilmirdim

Mat qamışdım anlayan gündən gözəlliyinə çünkü

Sonunda bir gün topladım bütün qorxmazlığımı  

Saldım aşağı başımı  

Və sordum:  

Ay gözəl nədir adın?

Söylədin:

«QADIN»!...

 

 

YEMİŞAN AĞACI

 

Bilmirəm külək gətirib

Yoxsa bir dağçı

Bəlkə də otlağa çıxan davarın,

Dırnağına ilişib buraya gəlib ondan göyərdiyim çəyirdək!

Dağ döşündə bitmiş yalqız Yemişan ağacıyam

Nə günlər gördüm bu boya çatınca!

İlk ildə,

Dəfələrlə ayaqlandım sürülərə

Ayağa qalxdım yenidən ancaq

Sonrakı neçə ildə,

Oradan keçən qoyun-quzu,

Bircə yarpaq qoymayırdı qalsın budaqlarımda

Amma təslim olmadım əsla

İllər ötdükcə kötüyüm gücləndi

Gövdəm yoğunladı

Boyum ucaldı

Yarpaqlarım əl çatılmaz oldu sürülərə

Boyum ucaldıqca,

Daha uzaqları gördü gözlərim

Uzaqda bir orman vardır Quzeydə

Oranı özləyirəm hər gün

Nə bilim,

Bəlkə çəyirdəyim oradan gəlmədir…

 

İllərdir bar verirəm son baharımda

Yetişən yemişanlarımı səpirəm çevrəmə

Və qorumağa çalışıram fidanlarımı sürülərdən

Bir gün orman olmağımız arzumdur

Bir gün,

İndi daha yaxın görünən ormana qovuşacağımız inancımdır

Daha yalqız deyiləm

Bu gün bir dağ var arxamda

Və yarın nəhəng bir orman yaranacaq qarşımda…

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)