QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

60-CI DƏRC

 

Nəhayət, üçüncü çıxışçı söz aldı:

-Mənsə öz arxivimdəki bir qəzetdən sitat oxumaq istəyirəm. "Moskovskiy komsomolets" qəzeti. 29 yanvar 1994-ci il sayı. "Neft sindromu" məqaləsi. Burada Xocalı əsirləri barədə dəhşətli həqiqət yazılıb: ”Əsirlər var. Lakin artıq onlar yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, cığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olu, ölür. Biz növbəti kəndə güzar edəndə bir erməninin diri uşağı götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı.”

Bu məqamda Baş Hakim yekun nitqi söyləmək zamanının yetişdiyini duyub söz götürdü:

-Vikipediyanın rus redaksiyasının rəsmi məlumatına görə 11557 hərbçinin, 763 dünc sakinin həlak olduğu, 30 min hərbçinin yaralandığı, 749 dinc sakinin itkin düşdüyü, yüz minlərlə insanın qaçqın həyatı yaşamağa məruz qaldığı, Azərbaycan tərəfinin məlumatına görə itkinin masştabı azı iki dəfə artıq olan qanlı Qarabağ müharibəsinin əsas baiskarı kimi Abel Qezeviç Aqanbekyan Divan tərəfindən qeybedilmə cəzasına məhkum edilir. Divanın qanunlarına görə ona son söz verilir.

Abel Aqanbekyan yerindən durub ağır-ağır söylədi:

-Mən qoca adamam, bu gün-sabah onsuz da dünyadan köçəsiyəm, xəstəyəm, ağrıyıram, gah təzyiqim qalxır, gah şəkərim qalxır. Özümü bilsəniz necə pis hiss edirəm, oy necə pis hiss edirəm...

Ürəyini ovuşdurub yerinə oturdu, dərhal tibb bacıları peyda olub ona yardım etməyə başladılar, proses bir müddət dayanmalı oldu, haçandan-haçana Aqanbekyan özünə gəldiyini büruzə verib çıxışını davam etdirdi:

-Mən möhtərəm Divandan xahiş edirəm bu qoca və xəstə şəxsə qarşı mərhəmətli olsun, onu əfv etsin. Üstəlik, onu da nəzərə almağınızı xahiş edirəm ki, tale bu günlərdə mənə çox ağır bir zərbə vurub, 23 yaşlı sevimli nəvəm, kiçik Abel Aqanbekyan, ona mənim adımı qoymuşdular, Moskvada yol qəzasında həlak olub. Bu lənətlənmiş hadisə iyulun 7-də baş verib, Abel can Xamovniçesk rayonunda "BMW" markalı idman motoskleti ilə bir piyadanı vurub. Piyada hadisə yerində ölüb. Nəvəmi isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər. Oyyyy, yazıq Abel can, dərdim çox böyükdür.

Abel Aqanbekyan cibindən yaylıq çıxarıb hönkürüb ağlamağa başladı, yaşlı hakim “Qətlinə fərman verdiyin on minlərlə insanın ahıdır səni tutan, cənab akademik” söylədi, Baş Hakim hökmün icra edilməsi üçün müttəhimin aparılmasını tələb etdi, iki nəfər üzü qaraörtüklü şəxs Abel Aqanbekyanı səhnənin arxasına apardı.

Baş Hakim Divanın bugünkü işini bitmiş elan etdi, Baş Meydan bir anda boşalmağa başladı. Ancaq meydanın üzərinə hopmuş Xocalı ah-naləsi, inilti və çığırtısı, ağrı-acısı uzun müddət səmadan yapışıb qaldı, çəkilib getmədi.

 

 

 

 

15-Cİ PROSES.

MONTE MELKONYAN

 

Divanın növbəti iş günü sakit başladı, çünki ittiham olunan Monte Melkonyanın dünəndən portretinin üzü açılmışdı, dünəndən bu şəxs müttəhim kürsüsündə əyləşmişdi. Dünən o, bütün proses boyu yanında əyləşən akademik Abel Aqanbekyanın davranışına göz qoyurdu, şəxsən tanıdığı bu akademik onun da millətçi kimi yetişməsində müəyyən rol oynamışdı. Akademikin Parisdəki çağırışı isə həqiqətən də onu və dostlarını Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizəyə sürükləmişdi. Sonda akademik Divan qarşısında nəvəsini itirdiyini də söyləyib aciz durumda dayananda, hətta göz yaşları tökəndə Melkonyan dağ bildiyi şəxsin necə təpələşməsindən hürkmüşdü, insanın düzgün sanıb keçdiyi bir yolun sonda ona peşmançılıq gətirməsinə canlı şahidlik etməsi onu öz həyat yolu barəsində də düşünməsinə vadar etmişdi.

Baş Hakimin xahişindən sonra diktor xanımlar səhnəyə çıxıb növbəti müttəhim barədə bilgiləri oxumağa başladılar.

Birinci xanım aramla danışdı:

-Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. Amma bütün şüurlu həyatını təhsilə yox, döyüşlərə, müharibələrə həsr etmişdir. Belə ki, ASALA terror təşkilatına üzv olan, sonralar da təşkilatın aparıcı üzvlərindən birinə çevrilən bu şəxsin ilk döyüş təcrübəsi uzaq 1978-ci ilə təsadüf edir. Həmin il o, Livanda gedən vətəndaş müharibəsində Livan ermənilərinin dəstəklədikləri sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Livan təcrübəsinin ardınca ASALA-nın bir nömrəli düşmən adlandırdığı Türkiyəyə qarşı mücadilə Monte Melkonyanın döyüşçü tərcümeyi-halında əsas yeri tutmuşdur. O, Türkiyədə bu dəfə kürd separatçılarının tərəfində mövqe tutmuş, Türkiyə ordusuna qarşı PKK terror təşkilatının həyata keçirdiyi əməliyyatlarda iştrak etmişdir. Livanda xeyli qan töküb müəyyən sayda adam öldürən bu şəxs Türkiyə ordusuna da itki yaşatmışdır, bu açıq döyüşlərdən sonra isə ASALA-nın əsas silahı olan terror əməliyyatlarına keçid etmişdir. 1981-ci ilin 24 sentyabrında Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Bu dövləti cinayət izsiz qalmamışdır, həmin ilin noyabrında onu izləyərək Fransa polisi nəhayət həbs etməyə müvəffəq olmuşdur. Həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etməli olmuşdur. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Əbu Nidal ilə sıx əlaqə saxlamışdır. Bu dəfə isə yəhudiləri özünə hədəf seçmişdir.

İkinci – publikanın sevimlisi xanım isə emosional çıxış etdi:

-1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında insanlığa sığışmayan bir terror aktı həyata keçirməyə müvəffəq olmuşdur. Türk hava yolları şirkətinin kassaları qarşısında o, partlayış təşkil etmişdir. Nəticədə 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1985-ci ildə Melkonyan yenidən Fransa polisi tərəfindən  həbs olunmuş və terror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Lakin ASALA liderlərinin, erməni lobbisinin əməli fəaliyyəti öz bəhrəsini vermiş, Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmışdır.  Və o, 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilmişdir. Ancaq orada çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşamışdır. SSRİ prezidenti Mixail Qorbaçovun başladığı perestroyka siyasəti, ölkəni anarxiya və xaosun bürüməsi, milli zəmində münaqişələrin peyda olması, akademik Aqanbekyanın “miatsum” çağırışları, Ermənistanın Dağlıq Qarabağ iddiası ilə Azərbaycana elan edilməmiş müharibəyə başlaması ona gətirib çıxarmışdır ki, Melkonyan SSRİ ərazisinə keçmiş, öz cinayət və vəhşət siyasətini indi də bu əraziyə yönəltmişdir.

Söz yenidən birinci xanıma adladı...

 

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)