“Hələ aldadırlar bizi, ay Vətən!” - Təranə Dəmirin şeirləri Featured

Rate this item
(2 votes)

“Ədəbiyyat və incəsənət” heyrətləndirən və təəccübləndirən şeirlərin dərcini davam etdirir. Sırada Təranə Dəmirdir. Bu gün onun 3 gözəl şeirini ixtiyarınıza buraxırıq. 

 

 

BİLDİK Kİ…

 

Hələ ki, həqiqət  ac yalavacdı,

Hələ axşam- sabah söz yoğururuq.

Hələ ki, bilmirik nə bişiririk,

Yalan yoğururuq, düz yoğururuq.

 

Neçə sınığı var, neçə çatı var,

Ümid neçə yerdən sarınar, Allah.

İndi elə vaxtda yaşayırıq ki

Ölmək də günahdı, qalmaq da günah.

 

Gündüzün gecədən xəbəri yoxdu,

Qaranlıq işığı pusur min ildi.

Bizim sözümüzün döz azarı var,

O da içimizdə susur min ildi.

 

Adlaya bilmirik bu daş divarı , 

Boğulub ölürük ömür qəfəsdə.

...Səs salma, hər tərəf dar ağacıdı, 

Dinəni asırlar həqiqət üstə .

 

Ömür  təqvimindən bir gün də düşdü,

Bir gün də tükəndik öz içimizdə.

Bir gün də sakitcə gəlib ötüşdü,

Bir gün də boğuldu söz içimizdə.

 

Bir az da gücləndi ağrılarımız,

Bir az da çoxaldı çiləmiz, Allah.

Bir az da yoruldu ayaqlarımız,

Bir az da böyüdü şələmiz, Allah.

 

Bir az da itirdik taqətimizi,

Bir az da səbrimiz damanda qaldı.

Yenə alammadıq qiymətimizi,

Yenə də fikrimiz gümanda qaldı.

 

Yenə üstümüzə gəldi ev-eşik,

Yenə bir ümiddən tuta bilmədik.

Bildik ki, bir gün də vaxt itirmişik,

Bildik aldanmışıq, ya da... bilmədik.

 

 

ASILIB

 

Torpağın altından ömür,

Ömürün altından baxt,

Baxtın altından tale,

Taleyin altından vaxt

Asılıb.

 

Yarpaq saplağından,

Saplaq budağından,

Budaq ağacından,

Ağac ayağından

Asılıb.

 

Ürək sevgidən,

Sevgi nağıldan,

Nağıl gecədən,

Gecə xəyaldan,

Xəyal yalandan

Asılıb.

 

Dalğalar sahildən,

Sahil dənizdən,

Dəniz qayadan,

Qaya göy üzündən

Asılıb.

 

Ümid arzudan,

Arzu duadan,

Dua Allahdan,

Allah havadan 

Asılıb.

 

 

BAĞIŞLA BİZİ, VƏTƏN

 

Hələ ki, bişməyib, çiydi bu sevinc,

Yoxdu istiotu, duzu, ay Vətən.

Hələ ki, quruca küydü bu sevinc,

Sonradan çıxacaq səsi, ay Vətən!

 

Hələ dilimizdə neçə ağı var,

Hələ könlümüzdə şəhid dağı var,

Hələ yaramızın sağalmağı var,

Hələ  qaysaq tutur üzü, ay Vətən!

 

Hələ qan iyi var çiçəkdə, otda,

Göy ayrı havada, Yer ayrı notda,

Neçə həqiqət var zülmətin altda,

Hələ aldadırlar bizi, ay Vətən!

 

Bu ağrı-acının neçə kökü var,

Əzilib, tökülüb   torpaq o ki var,

Hələ üstümüzdə minnət yükü var,

Bizdədi şeytanın gözü, ay Vətən,

Bağışla, bağışla bizi, ay Vətən!

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)