“Kamasin dili” - HEKAYƏ Featured

Rate this item
(0 votes)

 

 “Ədəbiyyat və incəsənət” portalı yazıçı Vaqif Sultanlının “Kamasin dili” adlı hekayəsini təqdim edir.

 

Kamasin dilinin son daşıyıcısı Klavdiya Anciqatovanın ruhuna sayğı ilə

 

Xəstəlik onu birdən-birə, payızın sonlarına doğru yaxaladı. Bir səhər yuxudan oyanıb yatağından qalxmaq istəyəndə huşunu itirərək üzüqoylu düşdü və özünə gələndə xeyli nə baş verdiyini anlamadı. O vaxtdan bu yana yataqda keçirdiyi günlərdə yaşadığı ömrün pərakəndə lövhələri sanki hər şey dünən olubmuş kimi, yaddaşında çevrildikcə zehni ayazıyırdı...

Abalakovo ulusundan Sayan rayonunun mərkəzi Aqinskə qədər iyirmi beş kilometrlik yolu həftə aşırı gedib-gəlmək o qədər də asan deyildi. Minik olmadığından səhərin gözü açılmamış qalxıb yola çıxır, öylədən bir az keçmiş rayon mərkəzinə yetişincə poçtda işləyən bacılığını arayıb tapır, gecəni onlarda keçirir, o biri gün bazarlıq edib geri dönürdü.

Çoxlarına yorucu görünsə də, meşələrin, göllərin səssizliyinə bürünmüş bu yol onu özündən alıb aparır, mənzil başına çatana qədər zamanın necə axıb keçdiyini duymurdu. İndiyədək bircə dəfə də olsun hər daşını, kəsəyini tanıdığı yolun uzunluğunu sezməmişdi. Sanki ömrü bu yollara dağılmışdı, keçib getdikcə yaşanmış illərin qırışığı açılır, tökdüklərini yığırdı.

Yolboyu özü ilə ucadan, qışqıra-qışqıra danışır, bəzən kiminləsə bəhsə girərək söz güləşdirir, bəzənsə sanki qeybdən, görünməzlikdən ona ünvanlanmış hansısa sualı yerli-yataqlı cavablandırır, hərdənsə uşaqkən anasından eşitdiyi həzin mahnıları oxuyurdu. Ona elə gəlirdi ki, çiçəklər, yarpaqlar, quşlar, hətta daşlar, kəsəklər belə onu dinləyir, dilini, sözlərini, söylədiklərini anlayır.

Hər dəfə rayon mərkəzindən dönəndə, illah da qaranlığa düşən zaman qurdların hücumu ilə üzləşə biləcəyini düşünsə də, uşaqkən anasının anlatdığı gökbörü əfsanəsini xatırlayaraq ürəklənir, qorxuları yox olur, ulaş səsləri tənhalığını unutdurur, qaranlıqda işıldayan gözlərə heyranlıqla baxırdı. Onun ürəkliliyi aulda yeni binə salmış sakinlərə də keçmişdi.

Ulu əcdadları Mana və Kan çayları arasındakı geniş vadidə məskən salmışdı. Doğulub boya-başa çatdığı Abalakovo ulusu isə İlbin çayının seyrək yaşıllıqlarla örtülü, mənzərəli yaxasında yerləşirdi.

Uşaq ikən ulusun əhalisi bütünlüklə onun soyundan - kamasinlərdən ibarətdi. Dillərinə "kalmaji", "kanqmaci" deyilən, ağ banlı çadırlarda bir ailə kimi yaşayan ulus yayda ellikcə sürülərini qabağına qatıb Sayan dağlarının səfalı yaylaqlarına köçər, payızın nəfəsi duyular-duyulmaz yenidən Abalakovoya dönərdi. Hər tərəfin bəmbəyaz qarla örtüldüyü, iş-gücün səngidiyi şaxtalı qış aylarında qohum-qonşu bir araya gələrək xatirələrin istisinə sığınar, uzun gecələrin ömrünü qısaltmağa çalışardılar.

Ruslar bu yerlərə ayaq basınca el-obanın əski düzəni pozuldu, tədricən hər şey özgə, yabançı örtüyə büründü və çadırlara bənzəməyən ağac evlərin tikilməsi ilə ulusun mənzərəsinin dəyişib tanınmaz hala düşməsi bir yana qalsın, gəlmələrin onları tayqa tatarları çağırması üzündən yavaş-yavaş adlarının da unutdurulmasına başlanıldı. Ulusda rusların açdığı məktəbin birinci sinfinə gedəndə nə üçün anasının danışdığı dildə oxumadığını, nədən əlifbalarının olmadığını düşünsə də, uşaq ağlıyla bunun səbəblərini anlaya bilmirdi. Çox keçmədən içki düşkünlüyü, sərxoşluq, əyyaşlıq el-obaya yoluxdu, ən dəhşətlisi isə kilsənin tikilməsi ilə dini inancları sıxışdırılmağa, ulusun şamanları dilləri çəkilib çıxarılaraq gizli şəkildə aradan götürülməyə başlanıldı.

Sonra keyiklər arasında vəba xəstəliyi yayılınca ulusun onsuz da qara olan günlərinə daha bir dərd bulaşdı. Anası danışırdı ki, keyiklərin bilinməyən bir azardan milçək kimi qırılmasının ardınca o çağacan görünməmiş aclıq, qıtlıq başladı. Sibirin sərt, acımasız iqlimi qarşısında duruş gətirmək o qədər də asan deyildi. Bir neçə il sürən aclığın çarəsizləşdirdiyi xalqın dolanışıq üzündən doğulduğu yurdu tərk edərək qonşu bölgələrə üz tutması isə kamasinlərin bir toplum kimi tifaqının dağılmasına, yad diyarlara səpələnməsinə, el-obanın pərən-pərən düşməsinə səbəb oldu.

Yaddaşı ayazıyanda fin dilçi-etimoloqu Kay Donnerin 1914-cü ildə Abalakovoya gəlişini dumanlı şəkildə xatırlayırdı. O zaman hələ çox gəncdi, on doqquz yaşın içərisində idi. Uzun yol keçib gəlmiş, rəsmi dövlət məmurunun himayə etdiyi qonağı dillə yanaşı ağız ədəbiyyatı, nağıllar, əfsanələr, kamasin xalqına məxsus hər şey maraqlandırırdı. O zamanlar el-oba yerində-yatağında olduğundan elə bir çətinlik duyulmurdu, hələ xalqı gözləyən fəlakət qapını kəsdirməmişdi. İndiyədək kiminsə gəlib kamasinlərin dili, yaşam tərzi ilə bunca yaxından ilgiləndiyini görmədiyindən ürəyində qonağa qarşı səbəbini anlamadığı, özünə də bəlli olmayan gizli bir sevgi cücərmişdi. Ancaq qonaqdan kamasin dilində danışanların vur-tut iki yüz nəfər civarında olduğunu öyrənincə onu heyrət bürümüşdü. İki ay sonra ulusdan ayrılan zaman qonaq xatirə olaraq anasına məxmərə bükülü bir şey bağışlamışdı. Anasının ölüncəyə qədər hamıdan gizlədiyi, qorxa-qorxa əzizlədiyi o hədiyyənin nə olduğunu bilmədi.

-  Biz soyumuzdan ayrı düşdük, ona görə bu günlərə qaldıq, - bir dəfə anasının kiminləsə dərdləşəndə dediyi sözlər indiyəcən qulaqlarından çəkilib getməmişdi. Qadın türk soyundan ayrı düşən xalqını tanrının cəzalandırdığını anladırdı.

Nə qədər ki, anası Afanasiya sağ idi, qəlbinin dərinliyində bir gün nələrinsə dəyişəcəyinə, başqa cür ola biləcəyinə inanırdı, ancaq onun qəfil ölümü son ümidlərini də söndürmüşdü. Dəfn törəni bitəndən sonra vaxtının çoxunu ulusun yuxarı səmtindəki qəbiristanlıqda keçirir, qadının məzarı başında oturub yalın xəyallara dalırdı.

Ölümündən sonra ara-sıra anasının kölgələrin arasından boylanan ruhu gözlərinə görünür, yuxularını qaçırırdı. Hərdən onun əşyaları içərisindən tapdığı meşin cildli köhnə dəftəri vərəqləyərkən içərisini həzin duyğular bürüyürdü. Dəftərdə hazırda həyatda olan kamasinlərin adları yazılmış, ölənlərin üzərindən qara qələmlə xətt çəkilmişdi. 

Anasını itirəndən sonra özü də duymadan mehrini xalası Matrenaya salmağa başladı və bu ona bir qədər təskinlik gətirmiş oldu. Xalası kamasincə gözəl danışdığı üçün anasının ətrini ondan alırdı. Ancaq xalası dünyasını dəyişəndən sonra doğma dilində danışmağa bir kimsə qalmadığını anlayınca ömrünə qaranlıq çökdü.

Uşaq doğura bilsəydi, bəlkə, dünyaya gətirəcəyi övladları ilə bir qədər təsəlli tapar, bunca ümidsizliyə qapılmazdı, ancaq nə yazıqlar ki, taleyinə analıq yazılmamışdı, sanki tanrı onun soyunu, elini, ulusunu, gələcəyini qarğımışdı.

Çox-çox sonralar, 1963-cü ildə rus-sovet alimi, fin-uqor dillərinin araşdırıcısı Aleksandr Matveyevin ekspedisiyası gələndə isə ulusda ondan savayı kamasincə danışan bir kimsə qalmamışdı. İyirmi ildən artıq idi ki, bu dili işlətmədiyindən çox əziyyət çəkirdi. Dillə yanaşı yerli toponimlərə maraq göstərən heyət üzvləri kamasinlərlə bağlı durumu anlayınca çox üzülmüşdülər. Nə qədər ki, qonaqlar ulusdaydı, adamlar arasında bir canlanma duyulur, kamasincə danışa bilməyənlər belə vicdan əzabı içərisində gələnlərə dəstək olmağa çalışırdı.

Bundan təxminən bir il sonra eston dilçisi Aqo Künnapın bölgəyə səfəri zamanı uşaqkən anasından eşitdiyi, yadında qalan mahnılar, nəğmələr, laylalar lentə yazılmışdı. Aqo Künnap on ilə yaxın gəlib getmiş, onun yardımı ilə kamasincə min beş yüzdən artıq söz yazıya alınmışdı və nə qədər kədərli olsa da, xalqından yalnız bunlar qalacaqdı. Aqo Künnap növbəti səfərini bitirib ulusdan ayrılanda bunun son gediş olduğu ürəyinə damıbmış kimi yalvararaq:

- Nə olar, getməyin, qalın bizimlə. Siz getsəniz, biz yox olacağıq, - demiş və hönkür-hönkür ağlamışdı.

Aradan illər keçsə də, Aqo Künnapa xalqının xilaskarı kimi baxdığı, onun sehrli inadla kamasin dilini ölməyə qoymayacağına inandığı günləri heç bir zaman xatirindən çıxarmamışdı...

Daha sonra bu yerlərə ayaq basan olmadı və kamasinlərlə bağlı hər şey yavaş-yavaş unutqanlığa sürükləndi.

 

*

Özünü anlayandan yaddaşının özəyində heç cür qurtula bilmədiyi bir dərd yuvalanmışdı və illər ötdükcə bu dərd şaxələnərək sızıltılı ağrıya, sonra da sağalmaz yaraya çevrilmiş, ruhunu büsbütün soldurmuşdu. İndi soluxan ruhu ilə yalnız özünün deyil, bütövlükdə xalqının bitdiyini, tükəndiyini, yox olduğunu xəyal etdikcə hayqırmaq, qurd kimi ulamaq istəyirdi.

Hərdən hafizəsinin uzaq toranlıqlarında körpə ikən anasının çaldığı laylaların tək-tək sözləri sayrışırdı, ancaq sözlərin mənasını anlaya bilmirdi - hər şey yaddaşına səs kimi hopmuşdu. Bəzən səslər onu elə inadla çağırırdı ki, özünü saxlayammırdı, ancaq səsin arxasınca atdığı addımla boşluğa yuvarlandığını duyunca bunun yuxudamı, oyaqlıqdamı olduğunu kəsdirə bilmirdi.

Bütün günü havalı kimi danışır, bəzənsə özünü ovudurmuş kimi anasından eşitdiyi, hafizəsində yuvalanan laylaları dodaqlarının altında zümzümə edirdi. Ulusun sonuncu nəfəri olmaq o qədər dəhşətli idi ki, günlər çoxluqdan azlığa sarı axdıqca əsəbləri gərilir, ölümünün təkcə özünün deyil, dilinin ölümü olacağını düşündükcə yerə-göyə sığmırdı.

Bir tərəfdən də yaddaşı korşalmışdı - istər-istəməz yaş özünü göstərirdi. Bəzən dilinin ucundaymış kimi hansısa bir sözü yadına salmaq istəyir, ancaq nə illah eləyirdisə, xatırlaya bilmirdi. Belədə səhərə qədər uyuya bilmir, yadına salmaq istədiyi o söz yuxularını qaçırırdı.

Hərdən yay aylarında gecələr oyanıb qalxır, çiyninə yüngül bir bürüncək ataraq həyətə enir, zamanın kirimişliyində sayrışan ulduzları seyr edirdi. Hərdən də soyuq qış aylarında bəmbəyaz qarla örtülü gecələrdə pəncərənin önündə dayanıb keçmişindən qovulmuş nələrisə arayıb-axtarırmış kimi dibsiz qaranlıqları izləyirdi. Bir zamanlar onun soyunun məskəni olan bu meşələr, göllər, çaylar, göz işlədikcə uzanıb gedən bozkırlar kimlərə qalacaqdı? Nədən bütün başqa millətlər, toplumlar yaşayacağı halda, onun xalqı səssiz-izsiz yox olub gedəcək, yer üzündən, tarix səhnəsindən silinəcəkdi?

Qu quşu son nəğməsini ötən kimi, o da yaşayıb sonuna vardığı ömürlə birgə soyunu bitirəcəkdi. Ondan sonra bu ucsuz-bucaqsız bozkırlarda yenə qurdlar ulayacaq, ancaq mənsub olduğu eli, ulusu bu ulartı səsini bir daha duymayacaqdı. Qurdlar eləcə heçliyə, yoxluğa, kimsəsizliyə ulayacaqdı... 

...Günlər biri-birini yeyib bitirdikcə xəstəliyi yüngülləşmək əvəzinə get-gedə ağırlaşdığından sağalacağına ümidi azalır, ömrünün sonuna sanılı günlər qaldığını hiss edirdi. Ara-sıra qonşulardan hansısa gəlib yoluxur, ağızucu bir şeyə ehtiyacı olub-olmadığını sorur, sonra yenə özüylə baş-başa qalırdı. Ancaq vaxt ötdükcə gediş-gəliş seyrəlir, günlərlə itirib axtaran olmur, unudulurdu.

 

*

Gecənin bir vədəsi qəfildən ürəyinin sıxıldığını hiss etdi - sanki ruhu bədənindən sıyrılıb çıxmaq istəyirdi. Yatağından qalxıb birtəhər pəncərəyə yaxınlaşdı, pərdəni çəkərək gecənin ayazında göy üzünə səpələnmiş ulduzları, küləyin sığal çəkdiyi bəyaz qar yatağını seyr etdi.

Qışın oğlan çağı olsa da, hansı tanrısal bir qüvvəsə yatağından qoparıb bayıra sürükləyir, nə illah eləyirdisə, onu çəkib aparan bu qüvvənin cazibəsindən qurtula bilmirdi. Get-gedə böyüyən, içinə sığmayan bu cazibənin təpkisi ilə özü də duymadan qapını itələyib açaraq həyətə endi, yalın ayaqlarla qarı yara-yara küçəyə çıxdı və qəfildən var gücü ilə hayqırmağa başladı. Onun hayqırışına küləyin vıyıltısı, itlərin hürüş, qurdların ulaş səsləri qarışınca sanki yer-göy titrəməyə başladı.

Bu hayqırışdan səksənib küçəyə tökülən qonşular ayın aydınlığında ayaqyalın, nazik geyimdə qarın içində dayanıb tanrıya üsyan edən qadını gecənin bağrından qoparıb evinə - ölüm yatağına qaytarmaq istədilər. Ancaq elinin, ulusunun yox oluşunu tanrıya duyurmaq istəyirmiş kimi kainatı haraya çağıran səs o qədər güclüydü ki, gələnlərin yerişini durdurur, yaxınlaşmağa qoymurdu.

Qadın qollarını geniş açaraq hayqıra-hayqıra özündən savayı kimsənin anlamadığı dildə nə isə söyləyir, sonra cavab gözləyirmiş kimi bir anlığa susub dayanır, cavab gəlməyincə səsini daha da qaldırır, sanki göyüzünü tanrıqarışıq qoparıb yerə tökmək istəyirdi.

Hiss olunurdu ki, qadın yaşına, cüssəsinə uyuşmayan dəli bir ehtirasla içindən fışqıran səsə sarılmaq istəyir, ancaq bunu bacarmadığından səma rəqsi sayağı havada əl-qol atırdı. Sonra qadının ayaqları yerdən üzüldü, vücudu əriyib dalğa-dalğa səsə çevrilərək göy üzünə dağıldı, mavi sonsuzluqda yox oldu. 

 

İyul 2019-iyun 2023,

Kızıl-Abakan-Bakı

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)