“Öpməyə qıymadığın Gözlərimdən yaş çıxar...“ Featured

“Öpməyə qıymadığın
Gözlərimdən yaş çıxar...“

Ayrılığın həsrət dolu lövhəsini “Tum qabıqları” şeirində müvəffəqiyyətlə yaratmış Gün Ay Ümid “Payız rəngli gözümdən/ Şəhərə şeir yağır...” söyləyir finalda. Ona kimi isə daha nələr, nələr deyir, bir yerdə hisslər burulğanının kulminasiyasında isə pıçıldayaraq, halbuki hayqıraraq deyir ki: İsmətimdən kam alar/ İndi həyam, abırım./ Mən sənin payız fəslin/ Sən mənim noyabrım.
Doğrudan da sanki bütün ayrılıqlar noyabrın bətnindən çıxır. Tanrı sizləri ayrılıqdan qorusun!


Gün Ay Ümid

“Tum qabıqları”

Bu yetim ayrılığın
Siqar-siqar alışar,
Gözünə kül üfürər,
Ömrün başı qarışar.

Ciyərlərində sönən
Siqaretin qoxusu
Əllərində  üşüyər...

Güzgüdən baxan adam
Yenə səni aldadar,
Ağzın da söyüş dadar...

Mənimsə dağa dönər
Önümdə tum qabığı.
Yuxuma da duz basar
Dodağımın çapığı.

Kirpik-kirpik yolarıq
Gecənin qarasını...
İkimiz də yapışıb
qədərin yaxasını
cırmaq-cırmaq açarıq...
Ən həssas ürəklərin
Dərd yerindən daş çıxar.
Öpməyə qıymadığın
Gözlərimdən yaş çıxar...
Hisslərin sərhəddində
Böyük bir savaş çıxar.
Əsəbimi tökdüyüm
Günəbaxan  tumunun
Ən böyüyü boş çıxar...

İsmətimdən kam alar
İndi həyam, abırım.
Mən sənin payız fəslin,
Sən mənim noyabrım.

Ağaclar da əliboş.
Dizini qucaqlayıb
Oturan o daşların
Ümidləri göyərər,
Daha əllərimizdə
Sığal yeri göyərməz...

İndi aç qollarını.
Bu aramsız yağışda,
Nisgili səslə, çağır.
Payız rəngli gözümdən
Şəhərə şeir yağır...