POETİK QİRAƏT Featured

Rate this item
(0 votes)

POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənin adına şəhər” şeiri 

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Əlizadə Nuri görüşür. 

 

Sənin adına şəhər

 

Mən sənin adına şəhər salmışam,

Bu gün ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram-

Saçını sərmisən gecələrinə...

 

Başqa şəhərlərə yaman dərd olub,

Udur acısını tütün şəhərlər.

Mən sənin adına şəhər salmışam

Qaçıb xəritədən bütün şəhərlər.

 

...Gəl, öz şəhərini göstərim sənə,

Uzaqda deyil ki, könlüm yanıdı.

Mən sənin adına şəhər salmışam

Ürəyim-  şəhərin baş meydanıdı.

 

...Tikdim ürəyimin sahillərində,

Qorxdum gözlərimdən keçə, yan keçə.

Qala qapısıyam mən bu şəhərin-

Təkcə sənin adın qapıdan keçər...

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi: - sarayı, ya taxtı olsun.

Bir şəhər salmışam sənin adına

Saldım ki, eşqin də paytaxtı olsun!

 

...Qapını gün açar, pəncərəni ay,

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim

Sənə SEVGİ adlı şəhər salmışam...

 

Girib bu şəhəri gəzirəm hərdən,

Çıxmaq istəyəndə kimsə "qal" deyir.

Sənə dünya boyda şəhər salmışam-

Gör sənə bu "şəhər" darısqal deyil?!.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)