BİRİ İKİSİNDƏ - Günel Şamilqızının şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Günel Şamilqızınındır.

 

 

Günel ŞAMİLQIZI

 

 

İKONA

 

Bütün obalarda qaraçılar var,

Ən köhnə daxmalar bənzəyir rusa,

Mənəsə komalar doğmadı hələ,

Bir də evlər – əgər mənim də olsa.

 

Səni öz evindən mən qovdum o vaxt,

Qayıt, qoy uçulsun bu hasar suçum.

Söküb kandarını köhnə daxmanın

Sənə qapı boyda pəncərə açım.

 

Bu koma, bu daxma, ev ömrü görüb

O vaxt özül bilib quyu qazardım.

Səni uduzmağa mən çağırmışdım,

Uduzub özünü, məni qazandın.

 

İsanın çarmıxı düz bizə baxır,

Nəsimidən qalan qürub sarımı?

Bütün ikonalar daxıl kimidi,

Udub saxlayıblar dualarımı.

 

Çox güman, bu evdə mən də əşyayam,

Dua qonduraram susqun dillərə.

Xaçlı, bax, ovcumda mismar yeri var,

Bir müsəlman eşqi dolur o yerə.

 

 

LAL TÜLKÜNÜN  MAHNISI

 

Evimin küncündə toz yoxdur, qonaq,

Mən küncə qısılıb gözlədim  səni.

Bu  birdir, bu iki, bu üç, bu da dörd,

Ardını saymağa səslədim səni.

 

Balaca otaqlar qatdı başını,

Bu boyda tələni ev bilib gəzdin.

Malasız divarda daş adamları

Bilmədən söykənib o qədər əzdin...

 

Kaş Allah mənə də dil verəydi, dil.

Deyəydim, ay yolçu, adını söylə.

Bilim ki, bir ömür kimi gözlədim?

Kimdir gəlib çıxan bu möcüzəylə?

 

Deyəydim, ay qərib, yuxuna qurban,

Ayıl, bağrındakı yaranı bağla.

Mən səni ölməyə çağırmamışam,

Yatma, dirəyim ol, evimi saxla.

 

Ömrümdə bir dəfə tülkü olmazdım,

Sinəmdə sızlayan yalan yeridir.

İndi doğrunu da səssiz deyirəm:

– Bura  qanadların  sınan yeridir.

 

Hanı mənim səsim, hanı, İlahi?

Onu səsləməkdən  batdı, bilmədim.

Hanı mənim ruzum, hanı, İlahi?

Bu yazıq acından yatdı, bilmədim.

 

Bu gün qonağıma nə verə bildim,

Sabah ayılmağa nə gücü olsun?

Mənim  stolumun üç ayağı var,

Üçü də istəmir dördüncü olsun.

 

Bəlkə, yuxu bildin bu qonaqlığı,

Bəlkə də, unutdun  nə  dediyimi.

Xörəyi nimçədə soyuyan durnam,

Ya ac qal, ya sındır öz dimdiyini.

 

 

PALTAR

 

Yad paltarda keçən ömür,
Allah bilir, hara axır.
Bu bədən həminkidirmi?
İçində ruhum darıxır.

Mən alanda təptəzəydi,
Bir-bir qırdım düymələri.
Öz ruhumun paltarına
Özüm vurdum döymələri.

Əzdim, ütüyə gəlmədi,
Sonra kimsə tapdaladı.
Ətəyindən tutdu divlər,
O tüpürdü, bu yaladı.

Düz sol döşümün altından,
Sökülür, çürüyür indi.
Başdan-ayağa ləkədi,
Yuya bilmirəm mən pinti.

Hanı bu paltarın rəngi?
Yazdı, qışdı, bomboz qalıb.
Mən tikirəm, o sökülür,
Elə sapım da az qalıb.

Bu yaşda bu qədər yamaq –
Ağırdı, iynəm, ağırdı.
Bu gün də yamaq vururdum,
Bu gün də Allah baxırdı.

 

 

HƏVVA SEVGİSİ

 

Dərd uydur, əzizim, bir az ağlayaq,
Səninlə sevinmək bəs etmir daha.
İndi dünyadan da qovulmaq üçün
Batmaq istəyirəm yeni günaha.

Milyon illər sonra görüşdük, gülmə,
Heç kim yarısını belə gözlətmir.
Hələ də palçıqsan, qurumamısan,
Ən qalın paltar da səni gizlətmir.

Bəşər beşiyində beş günlük yatıb,
Ayılıb bizi də tanımayacaq.
Tanrı bağışlasa, qayıtsaq ora,
İnan, heç kəs bizi qınamayacaq.

Mənə bir qabırğa boşluğundakı
Ağrıdan danışma, o ağrı mənəm!
İndi qucağına bərk-bərk sığınsam...
Can, özün bilirsən, lüzum yox dinəm.

Ağlımda sözləri unutmaq vardı
Sən mənim dilimi bilənə qədər.
Gəl gedək dünyadan, görək cənnəti,
Bir də söyləmərəm: O almanı dər!

 

 

MƏNİ UNUTMAĞA NƏ VAR Kİ, DOSTUM

 

Mən bir iş bilirəm, hamı bacarır –
Yorğanın altında ağlamaq kimi.
Bu gün böyütdüyün təkliyi sabah
Torpağın altda da saxlamaq kimi.

Bu gün istiotun vətəni mənəm,
Bu gün işim-peşəm acı salmaqdır.
Bu gün bildim, dostum, ən böyük arzum:
Hamıyla heç kimsiz – tənha qalmaqdır.

Çoxdan susadığım rahatlıq varmış,
Bütün dostlarımı unutmaq kimi.
Sonra təmiz-təmiz yalan danışmaq...
Azad! Öz-özümü aldatmaq kimi.

İnan, qış kimidir elə payız da,
Təklikdə hər fəsil bir cür soyuqdur.
Amma soyuğun da öz ləzzəti var,
Çoxdandır istidən bağrım oyuqdur.

Məni unutmağa nə var ki, dostum,
Daha yaddaşında qala bilmərəm.
Sənin nə vaxtını, nə ürəyini –
Sənin heç nəyini ala bilmərəm.

Mən sizi vaxtından əvvəl görmüşəm,
Gecdir, mənə görə eynək taxmayın.
Şəhərin alnına elan vurmuşam,
Vurmuşam ki: “Heç vaxt mənə baxmayın!”

Beliniz bükülər – boyum qısadır,
Sığmazsız içinə – qəlbim kiçikdir.
Bizdə meyvələri kal dərir külək,
Sınmış budaqların şirəsi çiydir...
Məni unutmağa nə var ki, dostum!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)