QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

56-CI DƏRC

 

Elə bu vaxt Baş Hakim hökmü səsləndirdi:

-Divan özbək xalqına qarşı yönləndirdiyi talan, şərəf və ləyaqətin alçaldılması, günahsız həbslər səbəbindən Telman Xorenoviç Qdlyana əbədi qeybedilmə cəzası çıxarır! Hökmün dərhal icra olunması təmin olunsun!

Növbəti bir proses də beləcə yekunlaşdı.

13 rəqəmi Telman Qdlyana düşmədi. Amma onun cinayəti o qədər dərin idi ki, digər rəqəmlərin cəmi belə onu aldığı cəzadan qopara biməzdi.

Əslində, nəhs rəqəm yoxdur, nəhs rəqəm – nəhsə düşməyə məhkum olan insanın sadəcə uydurmasıdır.

 

 

14 –CÜ PROSES.

ABEL AQANBEKYAN

 

Bu gün proses əvvəlkilərdən tam fərqli olacağını ilk başlanğıcdaca büruzə verdi. Portretlərdən birinin üzərindən örtük götürülməli, kulisdən müttəhimin adı çəkilməli, mühafizəçilər təqsirləndiriləni gətirib müttəhimlər kürsüsündə əyləşdirməli idilər. Amma bütün bunlar olmadı, sükut xeyli uzun çəkdi. Milçək vızıltıları bir an sonra eşidilməyə başladı, artdı, meydanı bürüdü. Yalnız Divan Hakiminin amiranə səsi bu vızıltının üzərinə gəlib onu öz cingiltisi altında boğdu:

-Mən proses ərəfəsində xahiş edirəm ki, Divan heyəti və tamaşaçılar 1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı adlı yaşayış məskənində həyata keçirilmiş dəhşətli qətliamda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etsinlər.

Hamı ayağa durdu, bir dəqiqəlik sükut mərasımı baş tutdu. Sonra Baş Hakim nitqinə davam etdi:

-Möhtərəm tamaşaçılar! Bu günkü prosesin proqramı, sezdiyiniz kimi fərqli olacaq, iki təqsirləndirilən şəxsimiz olacaq, amma onların elan olunmasından öncə prosesin adı elan olunacaq: Qarabağ müharibəsi. Erməni millətçiliyinin 19-cu əsrin sonlarında Türkiyə ərazilərində başladığı Böyük Ermənistan çabaları bu gün – 21-ci əsrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və sərhəd rayonlarının işğalı formasında davam etdirilməkdədir, hazırda ermənilər qanunsuz Dağlıq Qarabağ Respublikası qurublar, onun tanınmasına cəhd edirlər. Mən ekspertlərdən xahiş edərdim Ermənistanın Azərbaycana yönəli elan olunmamış Qarabağ müharibəsinin bugünkü nəticələri barədə qısa məlumat səsləndirsinlər.

Dərhal məlumat səsləndirildi:

-XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

Ekspert mətni oxuyub bitirəndən sonra Baş Hakim Qarabağın azərbaycanlı əhalisinin beynəlxalq birliyə yönəli müraciətinin oxunmasını zəruri sandığını söylədi, xanım diktor çıxıb həmin müraciəti oxumağa başladı:

-“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq  azərbaycanlı əhalisi adından beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini müdafiə etməyə, tarixi, memarlıq və dini abidələrimizin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq.

Biz bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin. Eyni zamanda, nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan, Azərbaycan Ordusunun 4 il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.

Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və beynəlxalq birlik tərəfindən tanınan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız, bu halda iki dövlət arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər".

Azərbaycanlıların müraciəti səsləndikdən sonra Baş Hakim nitqinə davam etdi:

-Qarabağ müharibəsi ilə bağlı çox mətləblər açmaq, çox faktlar gətirmək, bunun insanlığa vurduğu zərbələr barədə çox danışmaq olar. Amma bütün danışıqlarımızın fövqündə dayanacaq bir hadisə var. Həmin hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Yuxarı Qarabağın azərbaycanlılar yaşayan Xocalı qəsəbəsində törədilən qətliamdır.

Divan Hakimi Divan heyətinə buyurdu:

-Xocalı qətliamı barədə məlumatlar oxunsun.

Kişi diktorlar səhnəyə çıxıb əllərindəki kağızdan növbə ilə oxumağa başladılar.

Birinci diktor:

-1992-ci il fevralın 25-dən 26-na keçən gecə şiddətli şaxtası, dizə qədər qarı ilə yaddaşlara yazılacaqdı. Amma həmin gecə elə bir hadisə baş verdi ki, bəşəriyyəti sarsıdaraq qışı, qarı unutdurdu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyən erməni millətçiləri həmin gün öz planlarını yerinə yetirmək məqamını əldən vermədilər: Ermənistan silahlı qüvvələri  Dağlıq Qarabağda dislokasiya olunmuş Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum etdilər, qəsəbəni işğal edərək etnik azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

İkinci diktor:

-Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin müvafiq əmri var idi. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil etdi. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş idi, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilirdi. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum olundu, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə erməni əhalisinə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.

Divanın Baş Hakimi ilə azacıq məşvərətdən sonra onun sol tərəfində əyləşmiş yaşlı hakim mikrofonunu yandırıb ekspertlər əyləşən kürsüyə səsləndi:

-Cənab ekspertlər, mümkünsə daha iki arayış verin. Ümumən Xocalı barədə, bir də Xocalı qətliamına dünyanın reaksiyası barədə. Çünki, bu iki məsələ barədə tamaşaçılarda rəy oyatmasaq onlar prosesin gedişini və yekun qərarı tam anlamaya da bilərlər. Buyurun.

Ekspertlərdən biri dərhal qovluqlardan bir neçə kağız götürərək aparıb xanım diktorlara  təqdim etdi.

Birinci xanım diktor ona təqdim olunan kağızı oxumağa başladı:

-Xocalı Dağlıq Qarabağda yerləşən və erməni silahlı birləşmələrinin yer üzündən sildiyi bir Azərbaycanda şəhəri idi, Xocalı rayonunun inzibati mərkəziydi. 1999-cı il fevral ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdı. Rayonun sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Özbəkistanın Fərqanə vilayətindən qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşmışdılar. Xocalı rayonu ilə paytaxt Bakı arasında olan məsafə 375 kilometrə bərabər idi. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi. Rayona Xocalı şəhəri, Əsgəran qəsəbəsi, 50 kənd daxil idi. Mərkəzi Xocalı şəhəriydi. Tarix üçün bir qismi yer üzündən silinən, bir qismi isə işğaldan sonra türk adları erməni adlarıyla əvəzlənən kəndlərinin adlarını da sadalamağı özümüzə borc bilirik - Almalı, Qarakötük, Ballıca, Xanyurdu, Mehdibəyli, Cəmilli, Çanaqçı, Sığnaq, Dağyurd, Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Suncinka, Harov, Dağdağan, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Kosalar, Başkənd, Canhəsən, Təzəbinə, Qışlaq, Cavadlar, Yalobakənd, Qarabulaq, Dəmirçilər, Quşçubaba, Mədətkənd, Qızıloba, Aşağı Yemişcan, Xaçmaz, Yuxarı Yemişcan, Meşəli, Naxçıvanlı, Ağbulaq, Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, Daşbaşı, Fərrux, Seyidbəyli, Ulubaba, Şuşakənd, Daşkənd, Muxtar, Sərdarkənd, Şəlvə. Rayonun ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmir yolu keçirdi.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)