Canlanmış obraz - HEKAYƏ Featured

Rate this item
(15 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

- Bu nədir? Kitab öz-özünə vərəqlənir?  Axı otaqda külək də yoxdur. İlahi, bu kimin nəfəs alışıdır? Sanki ayaqları, əlləri nəyəsə yapışıb gileylənərək qoparır. Görəsən, yuxudayam,  bu gördüklərim nədir? Kitab masanın üstündən yerə öz-özünə necə düşə bilər? Lap hələ elə bil idmançılar kimi hoppandı.

İlahi, İlahi, bu adam nağıldakı obrazlar kimi ani böyüdü-boy atdı. Bu ki mənim yaratdığım obrazdır. Saçı, boyu, gözlərini sözlə təsvir etmişdim. Hələ ürəyim soyumayıb dəftərin bir küncündə rəsmini də çəkmişdim. Üstəgəl üzünə  nöqtə kimi xal çəkib qaralamışdım. Əminəm, bir azdan ruhi xəstəxananın daimi qonağına çevriləcəyəm. Aman Allah, xalı da elə həmin yerdədir.

 

- Axı necə canlandın?

- Salam, hər gün məni düşünməkdən bezmədin? Buyur, qarşındayam. Axı niyə hər dəfə adımı dəyişirsən? Olmaz hələ bir adım olsun? Bir gün Atillayam, bir gün Amir, bir gün Kamil və sayını itirdiyim başqa-başqa adlarla çağırırsan. Hələ bu azmış kimi sonuncu dəfə şəklimi də dəftərin küncündə çəkdin. Yaxşı yazırsan, razıyam, amma rəssam kimi bərbadsan. Yazıq deyiləm, bu xalı bir az balaca çəkərdin də..

- Sən ey təxəyyülümün məhsulu- insanı, bu uzun boyunla kitaba necə sığışmısan və necə canlana bildin?

- Hər dəfə o qədər dərindən məni hiss etdin ki, mən də dayana bilməyib gəldim.

- Gəldiyin yerə dönməlisən. Fikrimcə, yazarın obrazı əlçatmazdır, toxunulmazdır. O canlansa, bəlkə də, yazarın yaratma gücü itər. O obraz həmişə əlçatmaz olmalıdır. O zaman daha atəşli sevgi ilə o obrazı duymaq olar.

- Razı deyiləm, gəlmişəm də, sözünü üzümə de.

- İlahi, mən bu müəllifinə oxşayan çoxdanışan obrazı necə kitaba qaytarım? Bu necə peyda oldu axı? Dərdim az idi ki, bu da bir tərəfdən gəldi..

- Nə istəyirsən, fikrin nədir?

- Sən nə istəyirsən, hər dəfə məni yeni adla  çağırırsan. Gəlmişəm, bütün sözlərini de, sənin də canın qurtarsın, elə mənim də.

- Sənə olan sözüm bitsə, mən də bitərəm axı. Sənə olan duyğularım bitsə, itərəm axı.

Bax sən get kitabın içinə istirahət et, lazım olanda lazımı adla özüm səni səsləyəcəyəm.

- Deməzsən ki, aldatdım. Bu gün mənə bütün nə lazımdırsa, deyəcəksən və sonra gedəcəyəm.

- Məni əbədiyyətə aparmaq üçün gəlmisən? Kitabın ağ vərəqlərində itəkmi? Hərflərə çevriləkmi? Yaxşı, razıyam mən səninlə gedirəm, amma bilmirəm orada sənin adını nə çağıracağam? Məlumatın varmı?

- Xeyr, heç nə bilmirəm. Bircə sən məni səsləyəndə oyanıram.

- Deyəsən, mənə çox əsəbisən, yoruram səni. Bağışla, obrazım, amma hər kəsdən çox səni düşünürəm, səninlə danışıram. Sən ki bunu bilirsən.

- Bəli, bilirəm. Neçə dəfə qarşındakı insana mənim adımla səslənmisən.

- Niyə gülürsən, heç də gülməli deyil.

- Bilirsən, nəyə gülürəm?  Hər dəfə boş divara baxıb mənimlə danışanda evdəkilər sənə ruhi sənə kimi baxır. Axı məni tək sən görürsən.

- Məni anlayan anlayır, sən xalının dərdini çək. Bağışla, xətrinə dəymək istəmədim. Bu xal sənə çox yaraşır, əziz obrazım.

Deməli, hər dəfə sənə yeni ad və xarakter seçəndə bu xoşuna gəlmirmiş hə?

-Xeyr, təkcə adlarımı xatırlayıram, nə baş verirsə, sanki yaddaşım silinir.

- Adları xatırlamağın kifayətdir.

- Niyə?

- Çünki hər dəfə fərqli biri olursan, bu sənə pis təsir edər. Gözlə, mətbəxə keçib xörəyi  odun üstündən kənara çəkməliyəm,  qayıdıram.

 

Ey, obraz. Ey Atilla, Amir, Kamil. İlahi, onu indi hansı adla çağırım? Hara getdi axı? Bu kitabı heç yerdən götürməmişdim, necə masanın üstünə qoyulub?

     

İlahi, bu nəyin qoxusudur? Nə yanır?

 

- Bir dəfə sənə iş tapşırdım, ay Selcan, başını masadakı kitabın üstünə qoyaraq yuxulamısan. Bu bədii kitablardan doymadın? Yemək yandı. Atana nə deyim indi?

- Ana, bağışla, günah canlanan o obrazdadır.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)