“Dua etdim, duyulmadı…” - Aysel Nəsirzadənin şeirləri Featured

Rate this item
(0 votes)

Gənc şair Aysel Nəsirzadə yeni şeirlərininin “Ədəbiyyat və incəsənət” portalında təqdimatını davam etdiririk. 

 

 

YAŞLI  ADAM

 

Hər səhər pişikləri yemləyən,

                             yaşlı adam,

Burda tək sən idin,

                    ağıllı başlı adam.

Hər səhər pəncərəm açılanda,

İlk sənin səsin gəlirdi...

Pişt... Pişt...Pişt...

Ya da kış...kış...

 

Göydələnlər insanları

                   insanlardan ayırır,

Bəlkə də insanlıqdan...

Bu qədər yad içində,

Tək sən idin doğma olan,

Ötüb keçən günlərimi xatırladan.

 

Təmiz ürəkli adam,

Hər səni görəndə

Xəyalım uçardı taxta qapılı həyətimizə. 

Heç orda qapımız da bağlı qalmazdı.

Qonşuların biri açırdı,

                    biri örtürdü...

Səssiz qalmazdı küçəmiz.

Uşaqların qəhqəhəsi,

Həyətlərdən yüksələn

             "bayağı" mahnıların səsi.

 

Bilirdin ki, yaşayırsan...

Ağlasan, səsini duyan olacaq,

Kimsə gəlib həyan olacaq.

Burda qapı qonşumu belə tanımıram.

Hərdən,

           kiməsə salam verirəm ,

Kimdənsə salam alıram.

 

Bu səhər pəncərəmi açdım,

Ac pişiklərin miyoltusu,

Qurulan çadırın xışıltısı vardı.

Bir də hıçqırıb ağlayan uşaq səsi...

Babasına ağlayırdı,

Yaşlı adamın son beşik nəvəsi...

 

 

QUM SAATI

 

Ömrümə şeir boylanır,

Kəm xoşbəxtlik misrası.

Yuxulu dəniz səhəri,

Boylanır son hecası.

 

İlk iki heca düşüb ,

Qalıb gün batımında.

Ömür süzülüb gedir,

Bitir qum saatında.

 

Həyat mənasız gəlir,

Düşünürsən keçmir vaxt .

Yel qanadlıdı illər,

Gənclikdən yoxdu soraq.

 

Göz dikilir göylərə,

Günəş çıxır, Ay batır.

Göz göyə dikilsə də

Son mənzil torpaqdadır.

 

Nə var-dövlət, nə mal-mülk?

Nəfsini tox tutana.

Əbədi heç nə yoxdur

Borcluyuq quru cana.

 

 

HƏYATA YARIYAMAĞAM…

 

Elə tutubdur tərsliyim, 

Ağlamağa ərinirəm. 

Mən yetimin fağır qızı, 

Bəxti yavər görünürəm.

 

Ruhumda bir yorğunluq var, 

Yükü ürəyimi əzib. 

Deyingənəm bu aralar,

Öz anam da məndən bezib.

 

Dua etdim, duyulmadı, 

Əlim ətəyimə düşdü. 

Günahlarım yuyulmadı, 

Ölüm gəlib, son görüşdü.

 

Ümidimin üstü yırtıq, 

Həyata yarıyamağam. 

Hamı ev sahibi olmuş,

Bu dünyaya mən qonağam.

 

 

ŞƏHİDƏ ANASI AĞLADI 

 

Nakam qalan ömürlər yığıldı üstü üstə,

Vətənə uzun ömür oldu.

“Başın sağolsun” deyənlər

 baş alıb getdi bir-bir,

Ananın təskinliyi təklənmiş qəbir oldu.

Evdə xatirə izi, əşyalar dil-dil ötdü.

Hamı ağıllı çıxdı, hamı dili öyütlü.

Dırnağı daş görməzlər misallar gətirdilər,

“Şəhidlər ölməz” deyib qışqırıq götrdülər.

Evin oğlu Elin oğlu adın aldı,

Qürururlandı hər kəs, hamı 

Xala ...bibi...

Əmi...dayı..

Ucu toxunan hər kəsin şəhid qohumu oldu.

Amma,ömrü boyunca anası yas saxladı,

Anası xatırladı,

Bir tək anası ağladı-

ŞƏHİDƏ ANASI AĞLADI.

 

 

*

 

Yalanla yanlış sözünün məsafəsi qədərdi,

Aramızdakı məsafə.

Nəzəriyyə təcrübəyə dönüncə

İsbatın etdi zaman.

Mən sənin həyatındakı yanlışam,

Sən mənim həyatımdakı yalan

 

 

GECİKMİŞ MÜKAFAT

 

Qəlbimdə dəmlənən şeir,

Süzülməyə varaq gəzir.

Saçlarımın sığalı kəm,

Əllərini daraq gəzir.

 

Eşqin qəlbimə möhürlü,

Ayrılığa, vidaya son.

Bitsin həsrətin dövranı

Ayrı qalan il-aya son.

 

Gedək səndən, məndən qopaq,

Gedək özümüzə gələk.

“Biz” olmağa niyətlənək,

Birlikdə ağlayaq, gülək

 

İkimizə bir dilək tut,

Arzularda ən başa at.

Yaradandan səbrimizə

Bu eşq gecikmiş mükafat.

 

 

*

 

Gecədir

Gündüzün dəm almış vaxtı.

Gün nə qədər yorğunluqla qaynasa, 

Gecə o qədər simsiyah,

Yer üzü zülmət,

Göy üzü ah.

Gecənin ən zülmət yerindən

Sökülməyə başlar dan.

Bu “heç vaxt ümid kəsilməz”in işərəsidir 

Öz quluna Allahdan!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)