Tərçüməçi problemi aradan qaldırılsaydı gözəl olardı… Featured

Rate this item
(1 Vote)

İntiqam Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş özbək ədəbiyyatında özünəməxsus yer tutan yazarlardan biri də Xasiyyət Rüstəmdir. Azərbaycanla Özbəkistan arasında qardaşlığın get-gedə möhkəmlədiyi, eləcə də mədəni əlaqələrin yüksəldiyi bir dönəmdə oxucularımıza Xasiyyət Rüstəmin öz yaradıcılığı, Azərbaycana münasibəti barədə bəzi fikirlərini çatdıracağıq.

 

 

AZƏRBAYCANA SƏFƏRİ BARƏDƏ

Ötən illərdə Azərbaycana səfərlərim o qədər yaxşı keçib ki, o günləri heç yaşamadım doğrusu. Gözəlim Bakını gəzməyim, Sumqayıtda Əli Kərim adına Poeziya evində, ondan sonra Gədəbəydə keçən təqdimatlarım və mənim yaşadığım günlər heç xatirələrimdən çıxmaz, bir ömür, bu dəqiqdir. Mən o qədər gözəl insanları gördüm ki, Gədəbəydə, bu cür insanlar, bu cür evlər, bu cür  yollar, belə, asiman… Hamısı üçün darıxmışdım sanki. Amma heç fərqində olmamışam. Görən kimi çox içdən xoşbəxt oldum. Çox gözəl günlər yaşadım. O qədər gözəl günlər ki, bunu sözlə ifadə edə bilmirəm.

 O ki qaldı Şuşaya, mən Şuşanı başqa cür təsəvvür edirdim desəm yalan olardı, başqa cür təsəvvür etməmişdim. Şuşanı elə Şuşa kimi təsəvvür etmişdim. Şuşaya sözün əsl mənasında heyran qaldım. Mən həyatımda ilk dəfə gördüm Şuşanı. Lakin, mənim xəyalımda da Şuşa elə olduğu kimi idi. Ağaclarından otlarına qədər tanıyırdım Şuşanı. Heyran qaldım, çox həyəcanlandım. Xurşidbanı Natəvanın və digər şəxsiyyətlərin güllələnmiş heykəllərini gördüm, ermənilər tərəfindən dağıdılmış  muzeyləri gördüm. Çox üzüldüm. Mədəniyyətə atılmış daş Kəbəyə atılmış daş kimidir. Heykəllərdəki güllə yerlərini gördüyümdə ürəyim ağrıdı. Sanki, o güllələri mənə atmışdılar.

 

 

AZƏRBAYCANLILAR BARƏDƏ

“44 gün” adlı kitabım Azərbaycanda təqdim olunanda nəyi gördüm? Onu gördüm ki, insanlar vətənlərini necə sevirlər. Bunu anlamaq mümkün idi. Onların gözlərindən tutmuş geyimlərinə qədər  bu haqda danışırdı. Mən bunu çox gözəl hiss etdim, anladım ki, Azərbaycanda vətənini sevməyən insan yoxdu. Hər kəs öz vətənini sevir, doğrudur. Amma bunu göstərmək də asan deyil. Azərbaycanlılar bunu bacarır.

 

“44 GÜN” KİTABI BARƏDƏ

 Bilirsinizmi, 44 günlük müharibə içində bir başqa günlər yaşadıq. Mənim evimdə uşaqlarım, ailəm, anam, çevrəmdəkilər bir başqa cür keçirdilər bu günləri. Mənim anam bacıma deyirdi ki, bacından soruş, Azərbaycanda vəziyyət necədir? Bacım deyib, internetdə oxudum vəziyyət bir az yaxşıdır. Anam deyib, sən internetə inanma, sən bacından soruş. Anam üçün mən Azərbaycan kimi idim o günlərdə. Bu kitab çox az vaxtda yazıldığı üçün kitab halında hazırlamaq, çap etmək, qısa vaxtda necə oldu, bilmirəm. Bunu kitabın oxucuları bilir. Amma bu kitab mənim tərəfimdən məcburiyyətdən yazılmadı, məni heç kim məcbur etmədi ki, yazam. Bu yazıları yazdıqdan sonra  baxdım ki, bu yazılarda qısa zamanda mənim ailəm və çevrəmdəkilərin düşüncəsi, hissləri, şəxsi keyfiyyətləri, bir növ, əks olunub. İnsan içindəki duyğuları, hissləri kağıza yaza bilirsə, bu onun üçün mühüm bir şey kimi görünür. Bu mənim üçün zəruri idi. Bu hisslər keçdikdən sonra bir əhəmiyyəti qalmır. Amma kağıza yazdıqların o ankı hissləri əbədiləşdirir. Mənim gündəlik yazmaq kimi bir adətim var, hər gün yazmalıyam onu. Bir dəfə gözdən keçirəndə gündəliyimi, o günləri bir daha gözümdə canlandırdım. Ondan sonra düşündüm ki, özüm üçün, Azərbaycan xalqı üçün kitab şəklində bir xatirə olsun.

 

ÖZBƏKİSTAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİ BARƏDƏ

Ədəbi əlaqələr əvvəlkindən xeyli yaxşıdır. Bilmirəm biz yaxşı etdik bunu, yoxsa başqa bir səbəbi var, amma əvvəllər çox pis idi. Mən bilirdim. Misal üçün, bizim oxucularımız, övladlarımız, ədəbiyyat adamlarımız Azərbaycandakı Əkbər Qoşalını da, İntiqam Yaşarı da, Ümid Nəccarini də bilməzdi, tanımazdı. Allaha şükür “Kitab dünyası” qəzetində biz xeyli Azərbaycan müəllifini çap etdik, bunlardan Rüstəm Behrudi, Rəsmiyyə Sabir, Təranə Turan və s.  - çox adları saymaq olar. İndi hər kəs onları tanıyır. Əvvəllər tanımırdılar, təsəvvürləri yox idi. Azərbaycanlı şair və yazarlar haqqında təəssüratları var artıq bizim oxucuların. Əvvəllər yox idi. Çünki yayımlanmırdı.  Məsəlçün, mənim onların nə yazdıqları haqqında məlumatım yox idi. Mən görmürdüm.Sadəcə bir neçə nəfər vardı: Sabir Rüstəmxanlı, Anar, Elçin. Belə böyük yazarların da qısa-qısa yazıları, zaman-zaman çap olunurdu. Amma indiki nəsil haqqında, indiki nəsil şair- yazarlar haqqında məlumat yox idi. Şükür, indi bir başqa durumdur.

 

“KİTAB DÜNYASI” QƏZETİ BARƏDƏ

Bizdə “Kitab dünyası” qəzeti heyəti mənə deyir,  siz Azərbaycanlıları çox yayımlayırsınız. Mən də deyirəm ki, bəli, ədəbiyyatın nə dili var nə milliyəti. Mənim üçün bu belədir. Bir yazıçının, şairin, milliyətindən daha əsas onun əsəridir. Mən buna diqqət edirəm. Çünki mənim qəzetimin  oxucusu əsəri oxuyur, şair-yazıçının həyatı və ya məmləkəti haqqında məlumatı deyil. Ona görə mən oxucularıma yaxşı nümunələr təqdim etmək istəyirəm. Biz “Kitab dünyası” qəzetini ayda iki dəfə çap etdiririk, bir növ oxucularımızı qonaq edirik. Bilirsiniz necədir?! Qonaq qəbul edəndə istəyirsiniz ki, ən yaxşısını ona təqdim edəsiniz. Biz də elə edirik, yaxşısını təqdim etmək istəyirik. Bu istər italyan olsun, istər vyetnamlı, istər azərbaycanlı, fərq etmir. Əsas odur ki, gözəl bir əsər ortaya qoysun.

 

ÖZBƏKİSTANDAN AZƏRBAYCAN ƏDƏBİYYATI NECƏ GÖRÜNÜR?

Sizin çox yaxşı ədəbiyyatınız var. Dilinizdə şeirlərinizin çox gözəl ahəngi var, bir musiqi kimidir. Sizin ədəbiyyatda şeirlər öz musiqiləri ilə yaranır sanki. Bu sadəcə Fars ədəbiyyatında və sizlərdə var, başqa heç yerdə yoxdur. Mən daim deyəcəm bunu. Ahənglər sizdə və fars, taciklərdə var. Mahnının musiqisi olduğu kimi, sizin də şeirlərinizin musiqisi var. Ona görə qulağa çox xoş gəlir, xitab edir.

Mən gəncliyimdə Maqsud Şeyxzadədən oxuyanda elə bilirdim özbəkdir, azərbaycanlı olduğunu bilmirdim. Bilmirəm niyə belə idi o zaman. Elə ki, universitetə başladım, onda bildim və şok oldum. O qədər çox tanınırdı ki bizdə. Azərbaycanlılardan bizə, Özbəkistana, gedib- gələn çoxdur. Misal üçün, Xəlil Rza Ulutürk,  Rəsul Rza. Bəxtiyar Vahabzadəni çox sevirəm. Azərbaycanca oxusam belə çox yaxşı anlayıram onları. Keçmişdən qalma bir kitabı var məndə Bəxtiyar Vahabzadənin, tədbirlərin birində birinin əlində gördüm və o kitabı mənə verərsinizmi dedim. Əlbəttə verdi. Mən oxuduqca gördüm ki, Özbək türkcəsinə çox yaxındı Azərbaycan türkcəsi. Bilmirəm, bəlkə əvvəllər də belə olub,yoxsa sonra sivilizasiya belə edib. İndiki dövrdə bizdə tərcüməçi problemi var, bu məhdudiyyəti aradan qaldırsaydılar yaxşı olardı. Çünki tərcümə çox şeyləri həll edə bilir. Şeirdə tərcümə məsələsi xüsusən çox vacibdir.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)